Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:16
Bakıda çimərlik mövsümü iyunun 15-də açılacaq. Ancaq yayın özünü göstərdiyi bu isti günlərdə dənizə baş vuranlar üçün mövsüm artıq açılıb.

Bu il də çimərliyin yolunu tutanları hansı çimərliklərin təmiz, hansıların çirkli olması maraqlandırır.

ÇİMMƏK QADAĞANDIR!

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, Sıx və Sahil qəsəbələrindəki çimərliklər çirkli və insan səhhəti üçün ziyanlıdır:

«Qaradağ rayon ərazisində Sahil çimərliyi, Səbayel rayonu ərazisində Şıx çimərliyində bakterioloji çirklənmə normadan 3-4 dəfə artıqdır. Bununla bağlı həmin ərazilərdə qadağalar qoyulmalıdır. O ərazilərdəki istirahət mərkəzlərində vətəndaşlar istirahət edə bilərlər. Ancaq çimmək olmaz».

Şıx çimərliyi ardıcıl olaraq beş ildir çimmək üçün zərərli hesab olunur. Buna baxmayaraq, əhalinin çoxu elə bura üz tutur. Çimərliyinin çirkli olduğunu bilsələr də...

DƏNİZ ÇİRKAB GÖTÜRMƏZ

- Hər tərəf çirklidir, zir-zibildir.

- Dənizdir, gəlirik də, bu istidə neyləməliyik?

- Şəraiti yoxdur, xəstəlikdir.

- Mən dənizin çirkli olmasına inanmıram. Hər il bura gəlib çimirəm, hələ xəstələnməmişəm.

- Dəniz çirkab götürməz.

- Düzdür, kənarları çirklidir, ancaq su, məncə, təmizdir.

Həkim-infeksionist Mehdi Mehdiyev isə deyir ki, adamlar öz səhhətlərinə biganə yanaşmamalıdırlar. Çünki dəniz suyunda bağırsaq çöplərinin miqdarı artırsa, mədə-bağırsaq, hətta vəba xəstəliyi yaranır:

«Dənizin sahilboyu çirkli ərazilərində bağırsaq infeksiyaları, vəba, dizenteriya, salmaniloz, A virus hepatiti və digərləri ilə yoluxma ehtimalı çoxdur. Xüsusilə immun sistemi zəif olanlar və uşaqlar daha tez yoluxa bilərlər».

QADAĞAN İŞARƏSİ YOXDUR


Şıx çimərliyi çimmək üçün yararsız elan edilsə də, çimərlikdə bunu göstərən bir işarə yox idi.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, iyunun 15-ə qədər çimərliklərdəki səliqə-sahman işləri görülüb qurtarmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iyunun 7-də Abşerondakı çimərliklərin vəziyyəti ilə bağlı yaydığı açıqlamasında isə deyilir ki, kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında, «Amburan» çimərliyi ərazisində, Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 16 ədəd modul tipli təmizləyici qurğu quraşdırılıb.

HARDA ÇİMMƏK OLMAZ?


Şıx və Sahil çimərliklərində isə belə qurğular yoxdur. Bu çimərliklər mikrobioloji baxımdan çirkli, bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıqdır.

İstifadəyə yarasız çimərliklər arasında Sumqayıt çimərliyinin də adı çəkilir.

Açıqlamaya görə, mikrobioloji təhlillərin nəticələri belədir:

Sumqayıt - çirkli
Novxanı - normal
Pirşağı - normal
Nardaran - normal
Bilgəh - normal
Zuğulba - normal
Buzovna - normal
Mərdəkan - normal
Şüvəlan - normal
Hövsan - normal
Şıx - çirkli
Sahil - çirkli

Şərhləri göstər

XS
SM
MD
LG