Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:53
Heç vaxt yazmamışam. Bu müsabiqənin elanı mənə ilk dəfə hekayə yazdırtdı

Aysel Şakirqızı - Bakının Mərdəkan qəsəbəsində anadan olub. BDU-nun sosial elmlər və psixologiya fakültəsində təhsil alır (2-ci kurs). «Sərdabə» hekayəsi «Ədəbi Azadlıq» qısa hekayə müsabiqəsində ilk onluğa düşüb. Onunla müsahibəni təqdim edirik:

- Nə vaxtdan yazırsınız?

- Əslində, bu mənim ilk hekayəmdir.

- Anlamadım.

- Yəni heç vaxt yazmamışam. Düzdü yazmaq istəmişəm. Amma nədənsə yazmamışam.

- Pis başlanğıc deyil, bəs niyə istədiyiniz halda heç yazmamısınız?

- Fikrimdə həmişə ideyalar olub. Amma nəsə bir az tənbəllik eləmişəm.

- Bəs nə baş verdi ki, bu hekayəni yazdınız?

- Bilmirəm, yəqin istədim ki, düşündüyümü insanlar da oxusun.

- Həm də ilk yazdığınız hekayəni müsabiqəyə təqdim etməyə cəsarət tapdınız özünüzdə və onluğa düşdünüz.

- Nəsə mənə maraqlı gəldi. İstədim onluğa düşüm və həqiqətən də belə oldu (gülür).

- Amma gözləyirdinizmi bunu?

- Açığı heç gözləmirdim. Evə gələndə xəbər elədilər. Çox sevinmişdim.

- Bəs o ideya haradan gəlmişdi?

- Televizorda görmüşdüm o qəbiristanlığı. Yasamal qəbiristanlığını. Bir az mənə maraqlı gəlmişdi. Fikirləşdim ki, bu barədə yazmalıyam.

- Evdə, dərsdə, harada yazdınız?

- Yox, evdə yazdım.

- Evdəkilər bilirdi ki, hekayə yazmısınız və onu müsabiqəyə təqdim etmisiniz?

- Yox. Deməmişdim. Çünki hekayə qəbulunun axırıncı günü yazmışdım. Bir-iki saatın içində.

- Yaxşıdı a. Ömründə bir dəfə hekayə yazırsan, özü də sonuncu gün, iki saatın içində və uzun müddət yazanları keçib onluğa düşürsən. Hekayənizə yazılan şərhləri necə dəyərləndirirsiniz?

- Oxumuşam şərhləri. Maraqlı yazmışdılar. Sevindim ki, bəyənənlər tapılıb. Nə bilim. Digərlərinə yazılan şərhləri də oxudum və mənə elə gəldi ki, mənim hekayəmə pis yazmayıblar.

- Pis yazsaydılar nə olardı?

- Yəqin başqalarının mənim hekayəm haqda pis yazmaları xoşuma gəlməzdi.

- Yəni kiminsə mənfi rəyi sizin gələcək taleyinizə təsir göstərə bilər?

- Təsir göstərə bilər də. Çünki, baxmayın də, tənqid təsir göstərir.

- Nə demək istəyirsiniz «Sərdabə»də?


- Bildirmək istəmişəm ki, dünya fanidir. Bu dünyada yaşayıb da özünə imarətlər quranlar, cah–cəlal yaradanlar bilməlidilər ki, bunun axırı yoxdur. Bəlkə də bilirlər. Hər halda mən xatırlatdım ki, axırda hamımız onsuz da ora gedəcəyik.

- Haradı ora?


- Axirət dünyası.

- Xatırlada, bildirə bildiniz?

- Məncə alınıb. Amma deyirlər ki, çox tələsik yazılıb hekayə.

- Hərənin öz fikri olduğu kimi öz də sürəti var.

- Bəli, elədir.

- Dəyər yazmağa?

- Məncə dəyər.

- Və davam edəcəksiniz yəqin ki?

- Hə, davam edəcəm.

- Başlanğıcda onluğa düşmək hər halda pis stimul deyil.

- Hə, çox böyük stimul oldu mənə. Bir ideya da var, onu da yazmaq istəyirəm.

- Bundan sonrakı nəticənin o ideyanın yazılıb-yazılmayacağına təsiri olacaq?

- Ola da bilər, olmaya da. Amma çox olmaz yəqin.

- Onluğa düşəndən sonra, üçlüyə düşmək istəyi daha da artır adamda.


- Elədir. Üçlüyə düşmək istəyi var.

- Sizcə gənclər mütləq nələrdənsə yazmağı planlaşdırmalıdır ya necə?

- Məncə elə yazmalıdılar ki, düşündürücü olsun. Çünki indi kitab oxuyanlar azalıb. Ona görə də maraqlı olmalıdır. Bir də ictimai məsələlərdən, insan haqqında yazmalıdırlar. Çünki bir az mənəvi boşluq var.

- Sizcə yazmaqla o mənəvi boşluğu doldurmaq mümkündür?


- Olar. Çünki bədii əsər insanı dəyişdirir. Yazmaqla dəyişmək olar.

- Hansı əsər təxminən dəyişdirib sizi?

- Bədii əsərlərdən məsələn, Voyniçin «Ovod»unu oxumuşdum, məni çox dəyişmişdi. Sonra Hüqonun «Səfillər»i, Cek Londonun hekayələri…

- Bəs əvvəl necə idiniz?

- Əvvəl ozümü o qədər də tanımırdım. Bu əsərlərdə tapdım özümü. Əsərləri oxuyursan, sonra düşüncələrə dalırsan, fikirləşirsən…

- Fikirlərinizi bölüşməyə adamınız var?

- Yoxdu.

- Niyə, adamsızlıqdı, ya maraqlı deyil?

- (Gülür) Etibar eləmirəm heç kəsə. Bir az qapalı insanam.

- Söhbətimizin gedişindən də bu aydın görünür. Nə verir bu qapalılıq sizə?

- Qapalılıq adamı ətrafdakılar üçün sirli edir. Bu, bir tərəfdən pisdir. Amma digər tərəfdən yaxşıdır, insanlar üçün maraqlı olursan. Amma qapalılığı istəmirəm.

- Tez-tez tapdalayırlar haqqınızı?

- Tapdalayırlar hə. Əsasən də universitetdə olur bu. Amma artıq öyrəşmişəm. Göz yumuram belə şeylərə və tez barışıram.

- Tələbələr edir bunu, ya müəllimlər?

- Elə tələbələr də olur, müəllimlər də.

- Hansı daha ağırdır?

- Məncə tələbələrin belə hərəkəti daha ağırdır.

- Tələbələrin oğlanları ya qızları?

- Qızlardan daha çox gormüşəm.

- Sizdən başqa qrupunuzda hekayə yazan var?

- Məncə yoxdu.

- Hekayənizi qrupdan kiməsə vermisiniz oxumağa?

- Əslində çoxuna demişəm, oxuyublar.

- Ciddi yanaşmayanlar da olub?

- Hə, ciddi yanaşmayanlar da olub.

- Narahat eləmir?

- Yox, narahat eləmir. Çünki o qədər də önəmli olmayan adamlar idi ciddi yanaşmayanlar.

- Bəs nə narahat edir sizi?

- Heç nə narahat eləmir (gülür).

- Onda arxayınçılıqdı də?

- Yox, çox arxayınçılıq deyil.

- Niyə?

- Bilmirəm.

- Bura qədər təxminən mənim suallarıma bir cümlə ilə, bəzi hallarda isə bir sözlə cavab vermisiniz. Bəs nə vaxt ürək dolusu danışacaqsınız?

- Ürək dolusu mənə danışırlar. Mən də dinləməyi, öyrənməyi çox xoşlayıram. Amma özüm heç vaxt ürək dolusu heç kəslə danışmıram.

- Kompleksiniz yoxdu?

- Kompleks…çox, yoxdu.

- Bəs eləyir də amma bu, hə?

- Hə, bəs eləyir.

- Deyirsiz yeni başlamısınız, nə vaxtadək yazacaqsınız?

- Yəqin ki, nə qədər həyatdayam yazacam.

- Amma bəlkə də siz çoxdan yazırsınız a. Çünki adam var, yazır, amma kağıza köçürmür, başında saxlayır.

- Mənim də başımda çoxdur. Amma heç birini nədənsə yazmamışdım. Amma bu müsabiqənin elanı mənə yazdırdı. Özümün də qısa, konkret, balaca hekayə xoşuma gəlir.

- Mərdəkandan universitetə dərsə gələndə yol boyu nə barədə düşünürsünüz?

- Özüm haqda fikirləşirəm.

- Keçmiş, ya gələcək özünüz haqqında?

- Yox, indiki özüm haqqında.

- Nə nəticəyə gəlirsiniz?


- Hələ ki, bir nəticəyə gələ bilməmişəm. Hələ fikirləşirəm.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG