Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:21
Əlil uşaqlara dərs keçən Səbinə Ağayeva deyir ki, hər bir uşaq kimi bu uşaqların da daha çox alqışlanmağa, həvəslənməyə ehtiyacı var. Ona görə də keçdiyi hər məşğələdə uşaqları həvəsləndirməyə çalışır:

«Bütün uşaqlar «afərin»i çox xoşlayırlar. «Afərin» sosial mükafatdır. Ona görə bütün uşaqlar mükafatlandırılmalı, «afərin»i eşitməlidirlər. Bu, onların haqqıdır».

Səbinə Ağayevanın dərs keçdiyi bu uşaqlar Azərbaycandakı 55 min əlil uşaqların çox cüzi hissəsidir. Bu uşaqlar isə İcma Əsaslı Realibitasiya Mərkəzində bir yerə yığışırlar. Qrup şəklində olan məşğələlərə həftədə 30-35 uşaq gəlir. Böyük uşaqlar üçün dərnəklər də fəaliyyət göstərir:

VALİDEYNLƏRİ BU UŞAQLARI EVDƏ GİZLƏTMƏMƏLƏRİ, ONLARDAN UTANMAMALARIDIR

Mərkəzin valideyn birliyinin koordinatoru Sevda Rzayeva:

«İcma əsaslı realibitasiya mərkəzinin məqsədi bu uşaqları cəmiyyətə inteqrasiya etməkdir. Valideynləri o uşaqları evdə gizlətməmələri, onlardan utanmamalarıdır. Əsas məqsəd bu işə daha çox insanları cəlb etmək, valideyn və uşaqlara kömək etməkdir».

Mərkəzin valideyn birliyinin koordinatoru Sevda Rzayeva deyir ki, onlar bu işin daha geniş yayılmasına çalışırlar.

İndi Azərbaycanda əlil uşaqların realibitasiyası ilə məşğul olan 16 belə təşkilat var. Onlardan ikisi Gəncədə və Xaçmazda, qalanları Bakıda yerləşir. Sevda Rzayeva:

«Təzə-təzə bu uşaqlarla işləməyə başlayanda valideynlər əvvəlcə pessimist olurlar. Valideynlərin çoxu deyir ki, uşağım xəstədir, ondan heç nə olmayacaq. Biz isə həmin valideynə deyirik ki, bu uşaqlar xəstə deyil. Sadəcə xüsusi qayğıya ehtiyacları var. Onların üzərində işləsək, müəyyən dərəcəyə gəlib çata bilərlər, müxtəlif bacarıqları yaranar».

Əlil uşaqlara dərs keçən Səbinə Ağayeva
Əlil uşaqlara dərs keçən Səbinə Ağayeva isə deyir ki, onun çalışdığı mərkəzdəki uşaqlarda həmin bacarıqları, dəyişiklikləri görür də. Bu dəyişikliyi valideynlər də görür. Özü də təkcə uşaqlarda yox, həm də özlərində. Günayın anası Aynurə Əhədova kimi:

ƏVVƏLLƏR ÇƏKİNİRDİM. İNDİ İSƏ…

«Mənim qızım sereblar iflicdir, nitqində də qüsur var. Yaxşı danışa bilmir, bəzi sözləri çatdırmır. Bura gəlib məşğul olandan sonra uşağımın qavramasında, zehnində çox fərq görürəm. Özümdə isə inam yaranıb. Əvvəllər çəkinirdim. İndi isə uşağımın yeriməməsinə, danışmamasına görə çəkinmirəm. Çoxlu valideynlərlə burda görüşüb danışıram. Onda adam ürəklənir, görürsən ki, sən tək deyilsən. Onu cəmiyyətə qazandırmaq istəyirəm».

Burdakı məşğələlərdə valideynlər də iştirak edir. Aytacın anası Gülarə Əliyeva deyir ki, bu məşğələlər qızına evdə qulluq etməsinə çox kömək edir:

«Artıq hansı istiqamətdə məşğul olacağımı özüm də bilirəm. Bu, çox vacibdir. Qarışıqlıq olmur, uşaqda da irəliləyiş hiss edirəm».

ƏLİL ARABASI ÜÇÜN YOL YOXDUR


Bu uşaqlar məktəbə də hazırlanırlar. Azərbaycanda təhsil almağa imkanı olan 20 mindən artıq əlil uşaq var. Onların isə yalnız 5 mini məktəbə gedə bilir. Bu uşaqlardan biri Kamalın anası Səfurə Tağıyeva deyir ki, problemlər üzündən uşağı məktəbdən çıxarmalı olub. Kamalın problemləri isə başqa əlil uşaqlara yaxşı tanışdır:

«Oğlum pəncərədən həyətdə oynayan uşaqlara baxır. O da oynamaq istəyir. Ancaq əlil arabası üçün yol yoxdur. Şəhərdə bu yolların olmaması böyük problemdir. Dördüncü sinfə qədər mən onu məktəbə qucağımda aparıb-gətirdim. Kimsə də yanında olmalıydı ki, dərsə cavab verəndə, qalxmasına kömək eləsin. Nə vaxta qədər belə aparıb-gətirə bilərdim».

BU UŞAQLARIN TƏHSİL HÜQUQU POZULUR

Rəsmi statistikaya görə, son beş ildə Azərbaycanda əlil uşaqların sayı 43 mindən 55 minə çatıb. Xəstəliklərin səbəblərinə gəldikdə, həkim-psixoloq Həyat Güləhmədova deyir ki, bura qan qohumlarının nikahından tutmuş, uşaqlar doğulmazdan əvvəl valideynlərin psixoloji vəziyyətinə qədər çoxlu səbəblər daxildir:

«Çox ailələrdə stabillik yoxdur. Atanın olmaması, Rusiyaya gedib ailəsindən kənar düşməsi, valideynlərdən birinin itirilməsi uşaqların psixoloji vəziyyətinə çox mənfi təsir göstərir. Qan qohumlarının ailə qurmasıyla bu problemlər daha çox artır».

Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin rəhbəri Zərifə Quliyeva isə əlil uşaqlara dövlət yardımının cüzi olmasından narahatdır. O deyir ki, 30-40 manatla bu uşaqlara lazım olan qayğını vermək olmaz. Üstəlik, cəmiyyətin münasibəti də əlil uşaqlara mənfidir:

GÖR O UŞAĞIN ANASI NƏLƏR ÇƏKİR

Əlil uşaqların problemlərinə ilk növbədə hökumət, sonrasa cəmiyyət yardım göstərməlidir
«Günün birində təşkilatımızın üzvü olan Hüseyn adlı əlil bir uşaqla əlil arabasında gəzməyə çıxdım. Bilərəkdən taksiyə minmədim. Yollarda, metroda çox çətinliklərlə üzləşdik. Vaqona girəndə isə adamların baxışları məni dəhşətə gətirdi. Yazığı gələnlər də vardı, «bu vəziyyətdə uşağı bayıra niyə çıxardırsan, qoy evdə otursun» deyib məzəmmət edənlər də. Həmin vaxt çox sıxıldım. Gör o uşağın anası nələr çəkir».

Mütəxəssislər deyirlər ki, əlil uşaqların problemlərinə ilk növbədə hökumət, sonrasa cəmiyyət yardım göstərməlidir.

ƏLAVƏ MÜAVİNƏTLƏR VERMƏK DƏ NƏZƏRDƏ TUTULUR


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Azad Tağızadə deyir ki, 18 yaşına qədər əlil uşaqlara 35-50 manat təqaüd verilir. Şöbə müdiri internatda olan əlil uşaqların ailələrə qaytarılması planını dövlətin qayğısı kimi qeyd edir:

«Artıq bu proqram qəbul olunub, nazirliklərə tapşırıqlar verilib. Neçə nazirliyin birgə işçi qrupları var. Həm də gələcək üçün əlil uşaqlar olan ailələrdə şəraiti dəyişdirmək, əlavə müavinətlər vermək də nəzərdə tutulur».

Ancaq bu nə vaxt reallaşacaq, məlum deyil.

Şərhləri göstər

XS
SM
MD
LG