Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:02
Eyvaz Zeynalov - 1950-ci ildə, Ağdamda anadan olub. 1973-cü ildə o vaxtkı Lenin adına APİ-nin dil-ədəbiyyat fakültəsini bitirib. 1993-cü ildən – Ağdamın işğalından sonra Bakının Qaradağ rayonunda məskunlaşıb və başı dolanışıq problemlərinə qarışdığı üçün 10 ilə yaxın yazmayıb. «Əli metroda işləyir» hekəyəsi «Ədəbi azadlıq» qısa hekayə müsabiqəsinin ilk onluğuna düşüb. Onunla müsahibəni təqdim edirik:

- Nə vaxtdan yazırsınız?

- Orta məktəb illərindən. Qəzetdə ilk hekayəm hələ 9-cu sinifdə oxuyarkən çap olunub.

- Niyə yazırsınız?

- Yaşımın müxtəlif vaxtlarında yazmağımın səbəbləri də müxtəlif olub, qismən dəyişib. 2000-ci ildən bəri yazmaya bilmədiyimdən yazıram. İçimdən keçənləri başqalarına da çatdırmaq ehtiyacı duyuram…

- Daha çox nədən, kimdən yazmağı xoşlayırsınız?


- Hər şeydən. Ətrafımda baş verən, hisslərimə təsir edən, içimi tərpədən hər şeydən. Bunlardan biri də gözlərimin qabağında baş verən, şahidi olduğum Qarabağ hadisələridi. Bu və ya digər şəkildə Qarabağ hadisələri ilə bağlı yazdığım hekayələrimi «Qarabağ hekayələri» adı ilə kitab şəklində iki dəfə çap etdirmişəm. Türkiyədə türkcəyə uyğunlaşdırıb çapa hazırlayıblar, onlardan beş-altısını Türkiyədə müxtəlif jurnallarda dərc ediblər.

- Sizcə yazıçı mütləq konkret nələrdənsə yazmalıdır, ya necə?

- Məncə, yaxşı bildiyi şeylərdən yazmalıdı. Amma bəzən kənar şeylərə də baş qoşmalı olursan. Mənə elə gəlir bunun özündə də bir təbiilik var. Çünki maraq bəzən adama güc gəlir…

- Ümumiyyətlə indi ədəbiyyatın ictimai fikrə təsiri nə dərəcədədir sizcə?

- Məncə, zəifdi. Bu da ondan irəli gəlir ki, ədəbiyyatın oxucusu azdı. Gərək ictimaiyyət yazıçını tanıya, oxuya ki, onun yaratdığı ədəbiyyatın da təsiri ola. Millət gündəlik dadar-doymaz dolanışığının hayındadı, ədəbiyyatla maraqlanmağa vaxtı yoxdu. Həm də ictimai fikrə təsir edən qeyri alaşıq-dolaşıq amillərin gücü o dərəcədə artıqdı ki, onlarla müqayisədə ədəbiyyatın təsir gücündən danışmağa dəymir…

- Necə oldu ki, müsabiqədə iştirak etmək qərarına gəldiniz?

- Hər halda, istədim bilsinlər ki, mən də varam.

- Bilsələr nə olar?

- Tanıyarlar də. Başqa nə deyim. Müsabiqədə iştirak etdiyimi bilərlər. Həm də bu bir sınaqdır. Özünü sınamaq baxımdan.

- İlk onluğa düşməyiniz nə dərəcədə gözlənilən idi?

- Həmişə yer tuta bilməməyimə inana bilməmişəm.

- Haradandı bu hekayənin ideyası?

- Sırf təsadüfdən doğub. Əvvəl başqa cür yazmışdım. Sonra yazı özü məni bu səmtə yönəltdi.

- Hekayənizə yazılan şərhlərə münasibətiniz.


- Təbii. Oxucu sərbəstdi.

- İlk üçlüyə düşməsəniz necə olacaq?

- Düzü, münsiflər heyəti tərəfindən müəllifləri qabaqcadan bilinən müsabiqələrdə həmişə kölgədə qalmışam. Yəqin həmin müsabiqələrdə nəticələri biləndən sonra necə olubsa, yenə elə olacaq. Amma ilhamım, ümidim yenə mənimlə qalacaq.

- Necə olub ki?

- Düzdü kədərləndirici olub. Amma əlimdən nə gələr ki…Özümə həmişə təskinlik vermişəm ki, belə də ola bilər. Davam etmişəm. Əksinə adama bundan sonra öz üzərində daha da yaxşı işləyir.

- Amma üçlüyə düşmək istərdiniz?

- Əlbəttə. Amma əsas odur ki, qiyməti yazıya görə verələr, adama görə yox. Adamlar yox, ədəbiyyatımız irəli getsin. Məqsəd bu olsa daha yaxşı olar.

- Sizi oxuyurlar?

- Qulağıma çatana, öz saytımdakı və qeyri saytlardakı yazılarımın altındakı oxucuların sayına, xoş şərhlərə, qəzetlərdə yazılanlara, satılan kitablarıma inansam, oxuyan var…

- Kimin üçün yazırsınız?

- Sözümü, fikrimi çatdırmaq istədiklərim üçün.

- Dəyər yazmağa?

- Cəhd edirəm ki, dəysin.

- Yazmasanız nə olar?


- Artıq yazmamağı təsəvvür edə bilmirəm. Bu qədər vaxt keçəndən sonra birdən-birə yazmasam, yəqin ki, həyat, yaşamaq, yaşasam belə mənim üçün öz həqiqi mənasını itirər…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG