Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 05:36
«4 iyun hadisələri bizim hakimiyyətin ümumi səhvi idi».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» verilişində Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib. Bu hadisələrin Azərbaycanda hər şeyi dəyişdiyini deyən keçmiş spiker bildirib ki, ovaxtkı hakimiyyət üçün məsuliyyət böyük idi:

«Biz qiyamın qarşısını ala bilmədik».

Qiyamçıların Azərbaycanın müstəqilliyinə qarşı çıxanlar olduğunu bildirən başqan deyib ki, bütün hallarda qiyam yatırılmalı idi. İsa Qəmbər təəssüflə qeyd edib ki, ovaxtkı prezident Elçibəyin qiyamı yatırmaq üçün dialoqa cəlb etdiyi qüvvələr qiyamçılarla bir yerdə oldular:

«Bizim komanda qiyamın qarşısını almalı idi».

«HEYDƏR ƏLİYEVİ BAKIYA MƏN DƏVƏT ETMƏMİŞƏM»

Qiyamın səbəblərinin Elçibəy hakimiyyətinin uğurları olduğunu deyən Müsavat başqanı qeyd edib ki, Heydər Əliyevi Bakıya o dəvət etməyib:

«Mən heç bir vaxt Heydər Əliyevi nə vəzifəyə, nə də Bakıya dəvət etməmişəm. Həmin müddətdə mənim onunla bir telefon danışığım olub. Həmin telefon danışığında mən ona demişəm ki, bir müddət əvvəl prezident Elçibəylə bəzi silahlı dəstələr arasında bir ziddiyyətli məqam yaşanmışdı və siz o zaman bəyanat verib hamını Elçibəyin ətrafında birləşməyə çağırdınız. İndiki şəraitdə də belə bir bəyanat verə bilərsiniz, yoxsa, yox? Mənim sualım bu olub. Heydər Əliyev də buna birmənalı cavab verməyib. Bunun ciddi məsələ olduğunu, məsələni araşdırmalı olduğunu bildirib. Mənim Heydər Əliyevlə həmin günlərdə yeganə telefon söhbətim bundan ibarət olub».

Hazırkı iqtidarın həmin vaxt qiyamçılara dəstək verdiklərini deyən İsa Qəmbər bildirib ki, hakimiyyəti ələ keçirdikdən sonra onlar hakimiyyətdən dördəlli yapışdılar.

Musa Quliyev
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının nümayəndəsi Musa Quliyev isə deyib ki, qiyamın baş verməsi və yatırılmaması ovaxtkı hakimiyyətin uğursuzluqlarından biri idi. «Bu onların son uğursuzluğu oldu» deyən deputat bildirib ki, qiyamın başında dayanan Surət Hüseynov AXC hakimiyyətdən çıxmış bir adam idi:

«20 ildir hakimiyyətdəyiksə, bu, bizim uğurumuzdur».

«QİYAMIN YAPA AİDİYYƏTİ YOXDUR»

Deputat bildirib ki, müxalifət uğurları görmədən uğursuzluqdan danışmağı xoşlayır.

Dinləyicinin «siz YAP-çılar iyun hadisələrində Azərbaycan xalqına zərbə vurdunuz» fikrinə münasibətində Musa Quliyev deyib ki, bu qiyamın YAP-a aidiyyəti yoxdur. 4 iyun ovaxtkı iqtidarın problemi idi deyən deputat qeyd edib ki, 15 iyunla başlayan bütün uğurlarsa YAP-la bağlıdır.

İsa Qəmbərsə xatırladıb ki, 15 iyun Heydər Əliyevin parlamentin sədri seçildiyi gündür:

«Azərbaycanın işğal olunmuş ərazisinin əksər hissəsi məhz Heydər Əliyev hakimiyyətə gələn günlərdən sonrakı aylarda baş verib. Budurmu onların uğurları?».


/Hazırladı: Kamran Mahmudov/

HƏMÇİNİN OXU:

GƏNCƏ QİYAMINI DOĞURAN SƏBƏBLƏR NƏ İDİ?

Şərhləri göstər

XS
SM
MD
LG