Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:29

Söküləcək evləri niyə təmir edirlər?


Ötən ilin sonundan Bakı şəhərinin Heydər Əliyev prospektindəki bir neçə binanı sökürlər

Ötən ilin sonundan Bakı şəhərinin Heydər Əliyev prospektindəki bir neçə binanı sökürlər

- Gülbaxt daşları vurmuşdular. Bahalı daşlar idi. Bax, o daşı görürsən binanın altında?

Eşitdiyimə görə o daşın biri 60 manatdır.

- Eyvanların məhəccərləri var, onlar da...

- Var idi. İndi yoxdu...Çox baha başa gəlmişdi, ancaq indi bilinmir hardadı o «raşotkalar». Mənə elə gəlir «uje» əridiblər».

Ötən ilin sonundan Bakı şəhərinin Heydər Əliyev prospektindəki bir neçə binanı sökürlər. Ərazidə xeyli söküntü işləri aparılıb. 73/a, 73/1, 73/2, 73/3, 73/4 saylı beşmərtəbəli binalardan indi yalnız sonuncunun divarları qalıb. Səbəb budur ki, binaların yaxınlığında Heydər Əliyev Mərkəzi tikilir və sökülən binaların ərazisində də həmin Mərkəz üçün park salınacaq. Binaların keçmiş sakinləri deyirlər ki, onları elə Heydər Əliyev prospektinə yaxın yeni tikililərdən birinə köçürüblər. Yəni şükür edirlər ki, küçədə qalmayıblar. Əksinə, kənardan bərq vuran, ancaq istismar müddəti çoxdan bitmiş, sakinlərin dili ilə desək, bu üstü bəzək, altı təzək binalardan köçürülməklə ağ günə çıxdıqlarını deyirlər.

Amma onları da bir sual maraqlandırır – görəsən, bu binaları sökməzdən əvvəl niyə bahalı təmir ediblər?

İndi yerlə yeksan olmuş bu binalar təxminən iki il əvvəl bahalı gülbaxt daşlarlı ilə üzlənmişdi, mənzillərin eyvanlarında bahalı məhəccərlər quraşdırılmışdı. Yəni prospektboyu sıralanan çoxsaylı binalara olduğu kimi, indi yerində ağır texnika işləyən keçmiş binalardakı bərpa-təmir işlərinə də büdcədən xeyli vəsait
xərclənmişdi.

ƏVVƏL BİNALARI ÜZLƏDİLƏR, SONRA DA...

Sakinlər deyirlər ki, bu təmirdən sonra Nərimanov rayon İcra Hakimiyyətinin binaların söküləcəyi barədə xəbərdarlığı onlar üçün də gözlənilməz olub: «Bildiriş gətirdilər, qapılara yapışdırdılar ki, filan vaxtacan köçün. Bir gün gecikdirdik, suyu-qazı kəsdilər, vəssalam».
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Azər Mehtiyev deyir ki, infrastruktur layihələri böyük məbləğdə vəsaitin yayındırılması üçün çox əlverişli istiqamətdir. Burada layihələrin şişirdilməsi, lazımsız yerə uzadılması üçün həmişə cari imkanlar var. Bu baxımdan son illər Azərbaycanın dövlət büdcəsindən böyük neft gəlirlərinin hesabına infrastruktur layihələrinin işlənməsinə böyük vəsaitlər ayrılır və bu vəsaitlər şəxsi ciblərə axır. Azər Mehtiyev:

«Bu il ayrılan vəsaitlər də nəzərə alınmaqla, bu günədək Heydər Əliyev prospektindəki genişləndirmə və yenidənqurma işlərinə, o cümlədən yol qovşaqlarına 280 milyon manatadək vəsait ayrılıb. Prospektdə son 3-4 il ərzində yenidənqurma işləri həyata keçirilir. İş başlamamışdan əvvəl bu yenidənqurma işlərinə nələr daxil olacaq, bütövlükdə prospekt necə olacaq adı altında vahid bir layihə hazırlanmadı. Bunun nəticəsidir ki, əvvəllər dövlət vəsaiti hesabına görülmüş işlərin yenidən məhv edilməsi hesabına layihələr həyata keçirilir. Bu, bir tərəfdən təsərrüfatsızlıq və sistemsizlik təsəvvürü yaradırsa, digər tərəfdən təbii ki, məmurlar üçün böyük məbləğlərdə vəsaitin yayındırılması üçün imkan yaradır».

«ELƏSİ VAR SIRADAN ÇIXIR, ATIRLAR...»

Nərimanov rayon İcra Hakimiyyətinin ümumi şöbəsinin müdiri Əli Həsənov deyir ki, İcra Hakimiyyəti binaları daşla bəzəyəndə Heydər Əliyev Mərkəzindən xəbərləri də olmayıb:

«Əvvəlcədən Heydər Əliyev Mərkəzinin orda tikiləcəyi bilinmirdi. Bilinsəydi əlbəttə ki, o işlər görülməzdi. O işləri abadlıq kimi gördülər, indi belə şərait yarandı ki, təzədən sökdülər».

«Bəs hələ sökülməmişdən əvvəl həmin binalardakı təmir-bərpa işlərinə nə qədər vəsait xərclənmişdi» sualımıza isə İcra Hakimiyyətinin əməkdaşı belə cavab verdi: «Onu deyə bilməyəcəyəm, o qiymətlər, o məlumatlar bizdə yoxdur».

Əli Həsənov binaların üstündə ikicə il duruş gətirə bilməyən gülbaxt daşlarının indiki taleyindən də danışdı: «Söküntülər vaxtı üzlüklərin eləsi var sıradan çıxır, atırlar, hansı ki, salamat qalır, onlardan rayon ərazisində başqa abadlıq işlərində istifadə olunur».

«ÖLKƏ BAŞÇISI BELƏ İŞLƏRƏ ÇOX DİQQƏTLƏ YANAŞIR»

Parlamentin İqtisadi-Siyasət Komitəsinin üzvü, millət vəkili Nazim Məmmədov isə hesab edir ki, binaların fasadlarının yenilənməsi və sonradan həmin binaların yerli-dibli sökülməsi təsadüfi hal deyil. Yəni millət vəkili düşünür ki, vaxtilə bu binaları üzləyənlər bir gün bu bahalı daşlara qənim kəsiləcəklərini yaxşı bilirdilər:

«Heydər Əliyev Mərkəzinin təməli bir neçə il əvvəl qoyulub, layihələndirmə işi aparılıb və onun baş planı olub. O plana uyğun yəqin ki, o binaların köçürülməsi nəzərdə tutulub.
Yəqin ki, əgər bu, Nərimanov rayon İcra Hakimiyyətinin günahıdırsa, buna görə Bakı Şəhər İcra Hakimiyyəti müvafiq tədbir görməlidir. Əgər Bakı Şəhər İcra Hakimiyyəti başçısının günahıdırsa, daha yüksək instansiyalardan buna reaksiya olmalıdır. Mən güman etmirəm ki, cəzasız qala. Hər halda dövlət vəsaitinin xərclənməsi ilə bağlı ciddi nəzarət mövcuddur və ölkə başçısı belə şeylərə çox diqqətlə yanaşır».

Heydər Əliyev Mərkəzinin qonşuları isə deyirlər ki, bir azdan yaxınlıqdakı 6-cı binanın da söküntüsünə başlayacaqlar. O bina da fasadı yenidən qurulmuş binalardandır. Həmin binanın altında yerləşən Daxili İşlər Nazirliyinin 4 saylı uşaq bağçasının müdirəsi Leyla Həsənova deyir ki, onlara köçürüləcəkləri barədə rəsmi məlumat verilməyib.

«JEK»İN MÜDİRİ, İCRA HAKİMİYYƏTİNİN İŞÇİLƏRİ «KUBİK-KUBİK» DAŞIYIRLAR

Bina sakini Lalə Mehdiyeva da yaşadığı evin söküləcəyini özü dediyi kimi, ordan- burdan eşidib: «İcra Hakimiyyətinin nümayəndələri var, gedib soruşuruq, deyirlər biz heç nə bilmirik, bizə də son məqamda deyirlər».

Amma onu da narahat edən tezliklə evini dəyişəcəyi ehtimalı deyil.

Lalə Mehdiyeva da suala cavab axtarır ki, əgər bu binaları sökəcəklərsə, niyə bir ətək xərc töküb üzləyirlər: «Sökürlər, daşları da götürürlər, «JEK»in müdiri, icra hakimiyyətinin işçiləri kubik-kubik daşıyırlar, atmırlar ki…Aparıb harasa yapışdıra bilərlər də».

Şərhləri göstər

XS
SM
MD
LG