Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:10

«Bircə fikrim o idi ki, uşağımı necə qoyum qaçım»


Qadınlar çox vaxt psixoloji sarsıntı halında uşaqdan imtina edirlər, sonra isə keçmişi geri qaytarmaq mümkün olmur
«On iki gün doğum evində qaldım, bircə dəfə də gedib uşağımı görmədim. Görmək istəmirdim, üzünə baxmaq istəmirdim. Fikrim ancaq qaçmaq idi, necə edim ki, uşağı qoyum qaçım. Amma inandırım ki, üç il keçib, o uşağı mən yer üzündə heç nəyə dəyişmərəm».

Şərti adı Könül olan 27 yaşlı xanım danışır ki, üç il qabaq sapsağlam oğlunu doğum evində ona görə qoyub qaçmaq istəyib ki, cəmiyyətin onu qadın alverinin qurbanı olduğu üçün qəbul etməyəcəyindən qorxub, fikirləşib ki, uşağı gələcəkdə ondan utanacaq, işi olmadığı üçün bu uşağa baxmağa pul tapmayacaq: «Halbuki, mənim heç bir günahım yox idi, hamilə-hamilə bu işlə məşğul olmağa məni məcbur etmişdilər».

Amma xəstəxananın mühafizəsi onu saxlayıb, bir nəfərin tanışlığı ilə «Təmiz Dünya» qadınları müdafiə edən ictimai birliklə tanış olub, bu təşkilatın köməkliyi ilə iş də tapıb, psixoloji sarsıntılardan da qurtulub.

Amma hamı Könül kimi şanslı olub, qadın təşkilatlarına rast gəlmir. Bunu isə «Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir. Qadınlar çox vaxt psixoloji sarsıntı halında uşaqdan imtina edirlər, sonra isə keçmişi geri qaytarmaq mümkün olmur.

ATILMIŞ UŞAQLARIN ƏKSƏRİYYƏTİ KÜÇƏDƏN TAPILANLARDIR


Bakıda atılmış uşaqların gətirildiyi 1 saylı Nəsimi rayon körpələr evinin baş həkimi Nəhayət Əliyeva deyir ki, atılmışların anaları çox hallarda uşağı qoyub getmək üçün küçələri seçir. İndi körpələr evindəki 42 uşağın demək olar ki, 35-i küçədən tapılıb:

«Bu yaxınlarda bir uşaq gətirmişdilər bizə. Körpəni lümlüt atmışdılar küçənin ortasına günün altına. Dərisi tamam yanmışdı. Biz onu müalicə etməli
Küçələrə «baby box» - uşaq qutuları qoyurlar
olduq».

Avropanın bir sıra ölkələrində, o cümlədən, Çexiyada, belə bir təcrübə yayılıb: Küçələrə «baby box» - uşaq qutuları qoyurlar, uşağından imtina etmək istəyən analar uşaqlarını bu qutulara qoyurlar. Həkimlər isə həmin qutuya yerləşdirilmiş siqnalizasiya vasitəsilə uşaqdan dərhal xəbərdar olur, onu gəlib götürürlər. Beləliklə, körpənin nəzarətsiz qalmaq ehtimalı azalır.

Baş həkim Nəhayət Əliyeva hesab edir ki, bu təcrübədən Azərbaycanda istifadə etmək çox müsbət nəticə verə bilər.

«UŞAĞINI ATAN ANANI BAŞA DÜŞMƏK LAZIMDIR»

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil Seyidov isə hesab edir ki, onsuz da uşağından imtina etmək istəyən ana elə bir psixoloji vəziyyətdə olur ki, onun bu cür qutuları axtarıb tapması inandırıcı deyil, Nabil Seyidov deyir ki, problem qadınlara münasibətlə bağlıdır. Uşağını atan qadınlar bunu ya kasıbçılıqdan edir, ya da qeyri-qanuni nikaha görə qınanılacağından qorxur. Körpəsini öz təşəbbüsüylə gətirib polisə, ya da uşaq evinə təhvil vermir, burada onu daha çox qınayacaqlarından çəkinir. Halbuki, hökumət belə analara həssas yanaşmalıdır:

«Hər bir belə hala həssaslıqla yanaşılsa, valideynlər də çəkinməz. Bəzən olur ki, qız 15 yaşında hamilə qalır, belə hallar dünyanın hər yerində var. Amma bu qız bilsə ki, ona polis idarəsində və ya xəstəxanada pis baxmayacaqlar, uşağının müdafiəsinin qeydinə qalar, onu küçəyə atmaz».

Mehriban Zeynalova
Nabil Seyidov hesab edir ki, bu istiqamətdə çoxlu təbliğat işinə ehtiyac var.

«Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalova da deyir ki, Azərbaycanda qadından gözləntilər çox yüksəkdir:

«Bizim təsəvvürümüzdə Azərbaycan qadını qəhrəman olmalıdır, hətta dilənib, uşağına baxmalıdır. Amma bəzən insanın psixoloji halını, yoxsul və çıxılmaz vəziyyətini başa düşmək üçün özümüzü onların yerinə qoymağı bacarmalıyıq».

Azərbaycanda imtina edilmiş körpələri qəbul etmək üçün üç mərkəz var, bunlardan ikisi Bakı, biri Gəncə şəhərində yerləşir.

«DOVŞANDODAQ, QURDAĞIZ UŞAQLARI XƏSTƏXANADA QOYUB GEDİRLƏR»

1 saylı Nəsimi rayon körpələr evinin baş həkimi Nəhayət Əliyeva deyir ki, son vaxtlar əlil uşaqlarını atan anaların sayı artır: «Dovşandodaq, qurdağız uşaqları xəstəxanada qoyub gedirlər. Halbuki, belə uşaqları müalicə etmək mümkündür. Bizə son vaxtlar səkkiz bu cür uşaq gətirilib, onlardan üçünü müalicə etdirmişik».

Şərhləri göstər

XS
SM
MD
LG