Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:04
Əllərinin arxası ilə göz yaşlarını silməyə çalışdı. Oturduğu yerdən ayağa qalxdı. Taqəti qalmamışdı. Əllərini divardan tuta-tuta yeriməyə çalışdığı vaxt gözləri hər gün sevə-sevə silib təmizlədiyi “gəlinlik güzgüsü”nə sataşdı. Aman Allah! Bu o idi. Özü idi. Özü də hər zaman arzuladığı insanın yanında idi. Bəs nədən, niyə bu həyatda boğulurdu?

Xatırlamağa çalışdı…

Ali təhsilini ona görə yarımçıq qoymuşdu. Onu sevirdi…çox sevirdi…O zaman…

Yadına gəlir ki, Universitetə ayaq basdığı ilk gündən o onu izləməyə başlamışdı. Çox cəlbedici idi. Baxışları insanın qəlbini titrədəcək qədər təsirli, mavi gözləri dənizi utandıracaq qədər gözəl idi. Bütün qızlar ondan danışırdılar.

Hətta özlərini təmkinli aparanlar belə ona biganə qala bilmirdilər. O isə onu seçmişdi. Bütün varlığı ilə ona bağlanmışdı. Bu sevgi bütün qızların xəyallarının reallığı idi.

O zamanlar onlar bir-biriləri üçün hər bir addımı sonunu düşünmədən ata bilərdilər. Bəli, o zamanlar. Sanki çoxdan, lap çoxdan olmuşdu bütün bunlar. İndi o sevgidən əsər belə yox idi.

Yalnızdı…Çox yalnız…Bunu o da bilirdi. On il idi onların evliliyi. Bu gün tamam olurdu bu on il.

İki övladları da vardı. Amma o yalnızdı, kimsəsizdi, çarəsizdi…

Bir vaxtlar onu sevəndə belə həyatı düşünmürdü, əlbəttə. Amma indi…

Bu gün əzabları kulminasiyasına gəlib çatmışdı.

On ilin əvvəlki bir-neçə ilini normal – ailə kimi yaşamışdılar, deyəsən. Hər halda, belə xatırlayırdı. Sonra uşaqları oldu…Adi ev xanımına çevrildi – uşaqlarının, ərinin və evinin qayğısını çəkməyə, ailənin yükünü bütün ağırlığıyla daşımağa hazır olan ev xanımına…

Gəlirləri az idi, amma o bunu bölməyi, hara nə qədər xərcləməyi planlaşdırmağı bacarırdı. İllər bir-birilə bəhsləşib irəli qaçdıqca o evinə daha çox bağlanırdı. Özünü unutmuşdu. Son üç-dörd ildə əyninə heç təzə paltar belə almamışdı. Xoşbəxtliyi ona bəs idi.

Sonralar əslində bunun heç vaxt olmadığını anladı. Günü həqarətlərə, istehzalara dözməklə keçirdi.

Özündə güc toplayıb bu yükün altından qalxmaq istədi, amma yük çox ağır idi. Beli buna davam gətirmədi, yıxıldı…Özü də üzü üstə…Acizliyi qaldıra bilmədiyi yükü daşıtdırırdı ona.

Bu günsə xəyallarının, duyğularının, yaşantılarının sona erdiyi gündü. Niyə, nədən ötrü, kimə görə yaşamışdı axı? Kimə görə təhsilini yarımçıq qoymuşdu? Kimdən ötrü gəncliyini, gözəlliyini, illərini qurban vermişdi?

Nədən ötrü bütün qadınlıq duyğularından məhrum olmuşdu? Bu gün ona “sən qadın deyilsən!” deyən ərinə görəmi? Ondan ötrümü gecələri yatmayıb uşaqlarına paltar tikmişdi? Onun üçünmü səhər-axşam qəpik-quruş hesabı aparmışdı? Bütün qadınlıq istəklərini içinə atıb bər-bəzəksiz, təzə paltar görmədən saç ağartmışdı. Bəs xəyalları? Arzuları?

Onları, yəqin ki, lap çoxdan dəfn etmişdi. Bu gün dəfndən on il ötürdü. Bu yubiley münasibətilə axırdı göz yaşları, bəlkə də.

Toylarının on illiyi idi. Gecə saat on birə beş dəqiqə qalırdı. Qapısı döyüldü. Açdı. Gələn o idi.

- Salam

- Keç

- Yemey yemiyəcəm. Yatıram.

Ərinin arxasınca baxdı. Bu həmin – bir vaxtlar dərdindən dəli olduğu o insan idi. “O zaman bir dəfə üzünə xoş baxmağım üçün nələr edərdi” . Bəs indi? İndi niyə bu qədər laqeydləşdi? Axı bizə nə oldu belə?

Deyəsən,elə məhz indi, bu dəqiqə hər dəfə evdən bayıra çıxanda qonşuların gizli-gizli ondan danışmaların səbəbini anlaya bilmişdi…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG