Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:53

Marsa insan göndərmək üçün məşqlər başlayır


Onlar 18 ay mərkəzin xüsusi izolyatorunda qalacaqlar

Onlar 18 ay mərkəzin xüsusi izolyatorunda qalacaqlar

Moskvada araşdırma mərkəzində Marsa səyahət sınaqlarında iştirak etməyə altı nəfər razılaşıb. Onlar 18 ay mərkəzin xüsusi izolyatorunda qalacaqlar. Sınaqda iştirak edənlər bu müddətdə mərkəzdə yaradılmış Mars fəza gəmisinin içərisində yaşayacaqlar. Alimlər bu sınaqlarla Qırmızı planetə real səfərin insanlara necə təsir edə biləcəyini öyrənmək istəyirlər.

Sınaqlara razılaşanlardan üçü rus, biri italiyalı, biri çinli, biri isə fransızdır. Onlar Rusiya Biotibbi Problemlər İnstitutunda yaradılmış kosmik gəmi effekti verən pəncərəsiz qurğuda 520 gün yaşamağa razılaşıblar. Mars – 500 şərti adı verilmiş missiyada insanın 250 gün Marsa yolu, 30 gün bu planetdə qalması, 240 gün isə geri dönməsi planlaşdırılır.

Rusiya Elmlər Akademiyasının Fəza Araşdırmaları İnstitutunun direktoru Lev Zelyonıy bildirir ki, Yerdə aparılan təcrübələri Rusiya, Çin və Avropa Kosmik Agentliyi birgə maliyyələşdirir.

Burada psixoloji, Yerlə kontaktların kəsilməsi, qapalı yerdə yaşamaq qorxusu kimi problemlər var. Bu sahələrin hər hansı birində çatışmazlıq Marsa insan göndərilməsi missiyasını uğursuz edə bilər.

QUTUNUN AĞZI YALNIZ SON DƏRƏCƏ ZƏRURİ SƏBƏB YARANSA AÇILACAQ

Rəmzi Mars gəmisi bir-birinə bağlı və ümumi həcmi 550 kubmetr olan polad qutulardan ibarətdir. Layihənin texniki direktoru Yevgeni Domin bildirir ki, bu qutunun ağzı yalnız iştirakçıların oradan çıxmalarına son dərəcə zəruri səbəb yaransa açılacaq:

Rusiya Biotibbi Problemlər İnstitutunda yaradılmış kosmik gəmi
- Yalnız sınaqda iştirak edənlərin həyatına ciddi təhlükə yarada bilən tibbi problemlər olsa, yaxud avadanlıqlarda ciddi pozuntular baş versə, dayandırılacaq. Başqa heç bir səbəbə, hətta iştirakçılar özləri istəsələr belə təcrübə dayandırılmayacaq.

«Səfər» müddətində qutuların içində olan adamlar məhdud ərzaqla yaşayacaq, çöllə əlaqələri yalnız e-mail vasitəsilə olacaq. Bu kommunikasiya da kosmik səfərdə olan kimi ara-sıra kəsilə-kəsilə qurulacaq.

Bu könüllülər Beynəlxalq Kosmik Stansiyada olan real astronavtlar kimi dieta saxlamalı olacaqlar. İştirakçıların günü səkkiz saatdan ibarət üç hissəyə bölünəcək, yatmaq, işləmək və dincəlmək vaxtı. Qutunun içində onlara həftədə iki gün də istirahət veriləcək.

İki nəfərdən ibarət qruplar halında üç komandaya bölünmüş könüllülər bir ay Marsın üzərindəki şəraitə bənzəyən şəraitdə xüsusi modulda qalacaq, o biri iki komanda isə bağlı qapılar arxasında araşdırmalarla məşğul olacaqlar.

TƏCRÜBƏDƏ İŞTİRAK EDƏNLƏR MÜNTƏZƏM ŞƏKİLDƏ VİDEO OYUNLAR OYNAYACAQLAR


Avropa Kosmik Agentliyindən bildiriblər ki, təcrübədə iştirak edənlər müntəzəm şəkildə video oyunlar oynayacaqlar. Bununla onlar gələcək kosmik missiyada kosmonavtlarla ünsiyyət bacarıqlarını inkişaf etdirəcəklər.

Bu, Marsa səfərin ilk tam miqyaslı məşqidir
Təcrübədən əvvəl Çindən olan 27 yaşlı iştirakçı həyatının ən maraqlı günlərinə hazırlaşdığını deyib. Fransadan olan 31 yaşlı iştirakçı isə ən böyük çətinliyinin ailə üzvləri, dostları və sevgilisi ilə əlaqə saxlaya bilməməsi olacağını deyib.

Təcrübədə iştirak edən 27 yaşlı italiyalı mühəndisdir. Ruslardan birinin 32, birinin 33, üçüncüsünün isə 38 yaşı var. Onlardan ikisi hərbi mühəndis, biri isə tibb işçisidir.

Bu, Marsa səfərin ilk tam miqyaslı məşqidir. Keçən il də Moskvada buna bənzər təcrübə keçirilib. Orada da dörd rusiyalı, bir nəfər almaniyalı, bir nəfər də fransalı 105 gün kosmik gəmidə qalmışdılar. Həmin təcrübə uğurla başa çatıb.

Amma bu institutun 1999 və 2000-ci illərdə apardığı təcrübələr ucursuz olmuşdu. Səbəbi də elmi deyil, insan hisləri imiş: O zaman Kanadadan olan alim şikayət etmişdi ki, komandanın Rusiyadan olan kapitanı zorla onu öpüb. Bundan əvvəl isə Rusiyadan olan iştirakçıların ikisi dalaşmışdı.

Avropanın kosmik araşdırmalarla məşğul olan rəsmiləri və ABŞ-ın Kosmik Agentliyi NASA ayrı-ayrılıqda bildiriblər ki, qarşıdakı 30 ildə Marsa insan göndərilməsi mümkün ola bilər.
ABŞ və Rusiya hazırda birlikdə Marsa uça biləcək kosmik gəmi hazırlamaq üzərində işləyirlər. Amma hələlik işlər ilkin mərhələsindədir.

Yerdən Marsa qədər olan məsafə onların orbitdəki mövqelərindən asılı olaraq 55 milyon kilometrdən 400 milyon kilometrə qədər dəyişir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG