Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:28

Ağstafada yerli icra orqanı ilə məcburi köçkünlərin torpaq davası


Ağstafa rayonu
Ağstafa rayonu
Qazaxın Aşağı Əskipara kəndindən olan məcburi köçkünlər iddia edirlər ki, Ağstafa rayonu ərazisində 1992-ci ildən əkin sahəsi kimi istifadə etdikləri torpaq sahələri əllərindən qanunsuz alınır. Sakinlər deyirlər ki, buna etiraz etdikdə rayon rəhbərliyinin hədə-qorxuları ilə üzləşirlər. Şikayətçi Türmən Əhmədov:

İCRA HAKİMİYYƏTİNDƏ BİZƏ HƏDƏ-QORXU GƏLDİLƏR

- 1992-ci ildən Ceyrançöl deyilən yerdə məcburi köçkün kimi məskunlaşmışıq. İndi Ağstafa rayon İcra Hakimiyyəti bizim əkin sahəsi kimi istifadə etdiyimiz torpaq sahələrini əlimizdən alır. Buna etiraz edərkən polis camaatı maşına mindirib, Ağstafa rayon İcra Hakimiyyətinə gətirdi. Burada bizə hədə-qorxu gəldilər ki, hamınız torpaq sahələrini tərk etməlisiniz.

Digər şikayətçi Həsən Əhmədovsa deyir ki, polis onlara hazır məhsulu yığmağa imkan vermir:

PREZİDENT APARATINA, NAZİRLƏR KABİNETİNƏ ÜNVANLADIĞIMIZ MÜRACİƏTLƏRƏ BAXILMIR

- Ümumi əkin sahəsi 340 hektardır. Bunun 120 hektarını 17 ailə müqavilə əsasında icarəyə götürüb. Bizim əksəriyyətimizin 2003-2013-cü illərdə həmin torpaq sahəsindən istifadə müqaviləmiz var. İndi deyirlər bu müqavilələr qeyri-qanunidir. Polis də gəlib əraziyə, məhsulumuzu da yığmağa qoymurlar. Prezident Aparatına, Nazirlər Kabinetinə ünvanladığımız müraciətlərə baxılmır. Heç bir ümidimiz yoxdur, dərdimizə əlac edəcək bir adam tapa bilmirik.

Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyev isə bildirdi ki, bu torpaq sahəsini 2009-cu ildə 4 alman şirkəti icarəyə götürüb. Orada tikintisinə 30 milyon avro vəsait ayrılan Ağstafa Süd Kompleksi inşa olunacaq. Aydın Hacıyev deyir ki, sakinlərə heç bir hədə-qorxu edilməyib, sadəcə olaraq qeyri-qanuni zəbt etdikləri torpaq sahələrini boşaltmaları ilə bağlı xəbərdarlıq edilib:

BURADA AĞSTAFA SÜD KOMPLEKSİ İNŞA EDİLİR

Hüquqşünas Ənnağı Hacıbəyli
- Bunların hərəsinin 5 sot əkin-biçin üçün torpaq sahələri olduğu halda 50 sot sahədə əkin aparıblar. İndiyə kimi heç kim, heç nə demirdi. Almanlar bu torpaq sahələrini uzunmüddətli icarəyə götürüblər. Burada Azərbaycanın investisiya şirkət ilə alman şirkətləri birgə Ağstafa Süd Kompleksi inşa edirlər. Onlar artıq işə başlayıblar, biz onlara deyə bilmərik ki, işi dayandırın.

Aydın Hacıyev sakinlərin torpaq sahəsinə dair icarə müqaviləsinin vaxtından tez ləğv olunmasını bu cür izah etdi:

-Müqavilənin şərtinə əsasən respublika əhəmiyyətli bir iş zamanı müqavilə ləğv oluna bilər. Bizim marağımız budur ki, Ağstafa rayonu ərazisində 200-300 nəfərlik iş yeri yaradılır. Gələcəkdə istehsal olunacaq kənd təsərrüfatı məhsullarından bütün respublika faydalanacaq.

Hüquqşünas Ənnağı Hacıbəyli isə deyir ki, müqavilə vaxtından tez yalnız tərəflərin razılığı və ya məhkəmə qaydasında pozula bilər:

BELƏDƏ MÜQAVİLƏ YALNIZ MƏHKƏMƏ QAYDASINDA LƏĞV OLUNA BİLƏR

- Bu halda əgər məcburi köçkünlər torpaqdan istifadə hüququna xitam vermək istəmirlərsə, müqavilə yalnız məhkəmə qaydasında ləğv oluna bilər. O ki, qaldı respublika əhəmiyyətli obyektin tikintisi müqavilənin ləğvi üçün əsas ola bilməz. Dövlət ehtiyacları üçün Mülki Məcəllənin 157.9 maddəsində üç hal müəyyən edilib. Bu ya müdafiə xarakterli obyektlərin tikintisi, ya sərhəd zolağının dəqiqləşdirilməsi və ya kommunikasiya xətlərinin çəkilməsi ola bilər.

Ənnağı Hacıbəyli deyir ki, tərəflər razılığa gəlmədikləri təqdirdə torpaq istifadəçilərinə əvvəlcədən bazar dəyəri ilə dəymiş ziyan ödənilməklə torpaq sahəsi onlardan alına bilər.

Ağstafa rayonundan seçilmiş millət vəkili Nizami Cəfərov isə deyir ki, işsizlik problemi olan bu rayonda iri miqyaslı strateji obyektin tikintisi olduqca əhəmiyyətlidir:

Ağstafadan deputat Nuizami Cəfərov
RAYONDA ÇOX CİDDİ İŞSİZLİK PROBLEMİ VAR


- Bu gün Ağstafada belə xüsusi bir iri miqyaslı iş görən bir obyekt yoxdur. Ona görə də rayonda çox ciddi işsizlik problemi var. Rayonda məskunlaşmış məcburi köçkünlər üçün də planlar hazırlanır. Amma əsas strateji məsələdir. Elə onların özü üçün də iş yeri ola bilər bu zavod. Belə xırda təsərrüfatla nə isə əldə etmək çətindir. Odur ki, onlara istədikləri şəkildə təminat olacaq.

Nizami Cəfərovun sözlərinə görə, məcburi köçkünlərin problemləri onların razılığı ilə həll ediləcək.
XS
SM
MD
LG