Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:05

Azərbaycanlıların Avropada yeni müxalifət hərəkatı


Fikrət Hüseynli

Avropada yaşayan azərbaycanlılar Yeni Müxalifət Hərəkatı yaradırlar. Hərəkatın təşkilatçıları arasında siyasi mühacirlər daha çoxdur: «Azadlıq» qəzetinin Hollandiyada siyasi sığınacaq almış əməkdaşı Fikrət Hüseynli, Xalq Cəbhəsinin mühacirətdə olan fəalı Asif Nəcəfov, keçmiş prezident Ayaz Mütəllibovun hökumətində işləmiş Vaqif Səmədov, bir illiyə Almaniyaya yaşamaq üçün dəvət olunmuş satirik şair Mirzə Sakit və s.

Hərəkatın koordinatoru Fikrət Hüseynli AzadlıqRadiosuna müsahibəsində deyir ki, bu təşkilatın Azərbaycanda hakimiyyətə gəlmək kimi siyasi iddiası yoxdur, qurum Avropada yaşayan və siyasətlə məşğul olmaq istəyən aktiv diasporanın alternativ birliyini əlaqələndirəcək və Azərbaycan cəmiyyətinin problemlərini avropalılara çatdıracaq:

AZƏRBAYCANIN SİYASİ PROBLEMLƏRİNİ AVROPAYA ÇATDIRMAQ İSTƏYİRİK

- Dağlıq Qarabağ, İran Azərbaycanı da daxil olmaqla Azərbaycanın siyasi problemlərini Avropaya çatdırmaq istəyirik. O cümlədən, Azərbaycanda seçkilərin saxtalaşdırılması, insan haqlarının pozulması, vətəndaşların siyasi mənsubiyyətinə görə işdən qovulması, Avropada yaşayan azərbaycanlılara siyasi baxışlarına görə təzyiqlər və s. məsələlərini gündəmdə saxlayacağıq.

Fikrət Hüseynli deyir ki, hərəkatın başqa bir istiqaməti Avropada yaşayan tələbələrlə işləmək olacaq:

- Avropada olan gənclərə kimin kim olduğunu, əslində siyasi problemlərin nədən ibarət olduğunu bildirməyə ehtiyac var. Onlar mələk kimi təqdim olunan məmurların fəaliyyətindən xəbərdar olmalıdırlar.

Fikrət Hüseynli bildirir ki, Hərəkat özünün qəzetini, radio və televiziya kanalını da təsis etməyi planlaşdırır.

AVROPALI TƏŞKİLATLAR BU CÜR MƏSƏLƏLƏRƏ DİQQƏTLİDİRLƏR

Təşkilatın maliyyələşməsinə gəlincə, Fikrət Hüseynli deyir ki, avropalı təşkilatlar bu cür məsələlərə diqqətlidirlər, yəqin ki, maliyyə dəstəyi almağa nail olacaqlar.

Fikrət Hüseynli bildirir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdəki fəaliyyəti daha çox mədəni tədbirlərlə məhdudlaşdığından bu cür alternativ siyasi təşkilatın yaranmasına ehtiyac var idi.

Yeni Müxalifət Hərəkatı bütün Avropa ərazisində yaşayan azərbaycanlılar üçün açıq olacaq və hələlik Avropanın üç ölkəsində - Belçika, Hollandiya və Almaniyada qeydiyyatdan keçirilməsi nəzərdə tutulur.
XS
SM
MD
LG