Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:36

Tətil gəldi, heç bilmirəm neyləyim...


«Əvvəllər bu iş maliyyələşirdi, var idi. İndi axı maliyyələşmir, haradan olsun»

«Əvvəllər bu iş maliyyələşirdi, var idi. İndi axı maliyyələşmir, haradan olsun»

Azərbaycanda yay tətilinə çıxan 1 milyon 400 min şagird bu il də yay istirahətini özləri təşkil etməli olacaq. Çünki məktəblilər üçün pulsuz yay düşərgələrinin ömrü 90-cı illərdə bitib.

190 saylı məktəbin şagirdi Nərminə Həbibova deyir ki, istirahət üçün düşərgənin olmasını o da istəyir, ancaq istəyi həftədə bir dəfə məktəb kitabxanasına baş çəkməklə məhdudlaşır:

«İstəyərdim ki, məktəbə tez-tez gedəm, oxuyam, uşaqlarla görüşəm, ancaq bu çox az olur».

İmişlidəki 7 saylı məktəbin şagirdi Murad Heydərov isə deyir ki, yay tətili istirahətini onlar özləri təşkil edirlər:

«Uşaqlara yığışırıq, müəllimlərimiz bizim üçün şərait yaradır. Viktorinalar keçirir, oyunlar oynayırıq».

Azərbaycana Birgə Yardım Təşkilatının proqramlar üzrə meneceri Gülnarə Pənahova isə deyir ki, məktəblərdə yay düşərgələri təcrübəsi uşaqların inkişafında böyük rol oynayır. Ona görə bu təcrübəni dirçəltmək lazımdır:

DÜŞƏRGƏLƏRİN HANSI XEYRİ VAR?

«Yay oldu, uşaqlar küçədə oynayırlar. Əvvəllər məktəblərdə düşərgələr təşkil olunurdu. Hər bir məktəbin özündə yay düşərgələri olurdu. Yadıma gəlir, biz pedaqoji institutda oxuyanda bizi yay düşərgələri təşkil olunan məktəblərə təcrübəyə göndərirdilər. Biz bütün yayı orada dəstə rəhbəri kimi işləyirdik. Bu yay düşərgələrinin uşaqların sosiallaşmasında, asudə vaxtının təşkilində, düşüncə tərzinin, məntiqinin inkişaf etdirilməsi üçün o düşərgələrin çox böyük əhəmiyyəti vardı».

Bakıdakı 13 saylı məktəbin direktoru Rəfiqə Məmmədova isə deyir ki, orta məktəblərin yay düşərgələri təşkil eləmək imkanı yoxdur. Olsaydı, uşaqlar qədər müəllimlər üçün də faydalı olardı:

BAĞDA ƏRİK VAR İDİ...


«Əvvəllər bu iş maliyyələşirdi, var idi. İndi axı maliyyələşmir, haradan olsun. Mənə elə gəlir ki, bunu eləmək çox çətindir. Uşaqlar məşğul olurdular, yığışırdılar bir yerə. Mənim yadıma gəlir, yemək otağı, yataq otağı, oyun otaqları vardı. Müəllimlər yayda işləyirdilər, uşaqları gəzməyə aparırdılar. İndi axı maliyyələşmir, haradan olsun? İndi hanı elə bir şərait? Bizim imkanımız xaricində olan bir işdir. Mənə elə gəlir ki, bu yuxarıdan tənzimlənməlidir».

DİREKTORU YAXŞI OLAN MƏKTƏBLİNİN İSTİRAHƏTİ

Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov isə deyir ki, Sumqayıt məktəblərinin çoxunda yay düşərgələri fəaliyyət göstərir, Lənkəranda, Zaqatalada bu təcrübə tətbiq olunur. Ağababa İbrahimov deyir ki, bunun üçün məktəblər təşəbbüs göstərməli, təkliflərini yerli təhsil şöbələrinə bildirməlidirlər:

«Əgər direktor yaxşı təşkilatçıdırsa, bu alınar. Müəllimlər də məzuniyyətə çıxana qədər işdə olur, yazı-pozunu qurtarandan sonra hərəsi 1 saat uşaqla məşğul olsa, kifayətdir. Onlara heç böyük yük də düşməz».

Şərhləri göstər

XS
SM
MD
LG