Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:32
Dünən Park-inn otelində keçirilən mükafatların təqdimetmə mərasimindən izlənimlərimi burada yazıram.

1. İlk növbədə kiçik bir salonun yarıya qədər boş olması gözdən qaçmırdı. Bu qədər hay-küyün və reklamın, habelə bir neçə nazirliyin dəstəyi müqabilində arzu olunan təntənə nəzərə çarpmırdı.

Bu ümumiyyətlə kitab və yazıçı dünyamızın canlı olmamasından və şübhəsiz, təşkilati səriştəsizlikdən irəli gəlir, gələcəkdə diqqətə alınsa yaxşı olardı.

2. Yenə də, çoxsaylı sponsorların olmasına baxmayaraq, mükafatlandırma mərasimində söz konusu olan kitablar gözə dəymirdi.

Düzdür, bundan öncə kitab təqdimat mərasimləri olmuşdu (orada kitablar pulsuz olaraq paylanmışmı, bilmirəm, çünki təqdimatlara qatılmamışam), ancaq, hər halda, MKM-da kitab bolluğu yaşanmalıydı, təşkilatçılar öz qazanclarının kiçik bir hissəsindən vaz keçməyi bacarmalıydılar, kitab məsələsində bu qədər ticari davranmamalıydılar.

Azad Yazarlar Ocağının təmsilçisi, şair Rasim Qaracanın Milli Kitab Mükafatı müsabiqəsinin yekunları haqda tənqidi qeydləri.
Artı, kitabların üzərindəki satış qiymətləri həddən artıq yüksəkdir, madəm sponsorlar kitabın bütün xərclərini qarşılamışdılar, onların qiyməti Azərbaycan gənc oxucusunun cibinə uyğun olmalıydı. Müəlliflərə cəmi 1 kitab verilib, bu da зox anlaşılmazdır.

3. Mükafatların obyektiv verilmədiyi, münsiflərin seçərək deyil, təyin edərək (Azərbaycandakı bütün seçkilərdə olduğu kimi) davrandığı göz önündədir. Kimin yaxşı və ya daha yaxşı yazıçı olduğu və ya mükafata layiq olub-olmadığıyla işim yoxdur. (Qaliblər haqda ətraflı-red.)

Lakin mükafat komissiyasının üzvləri tərəf tutduqlarını, obyektiv davranmadıqlarını gizlətmək belə istəmirdilər.

Çingiz Abdullayevin çıxışında bu öz əksini tapmışdı. Mükafat almayanların izzət-nəfsinə heç bir hörmət qoyulmadı, onlara simvolik bir hədiyyə verib, mikrafona dəvət edib, hörmətlə davranılsaydı daha mədəni və avropasayağı bir şeyə bənzəyərdi.

Əksinə, Rafiq Tağı kimi ciddi bir yazıçının adından, şöhrətindən sui-istifadə edildi, onunla birlikdə Nəriman Əbdülrəhmanlı, Şərif Ağayar kimi yazıçılar pərt duruma düşürüldülər.

4. Yekun. MKM nə qədər humanist niyyətlərlə başlasa da, prosesin əvvəlindən sonuna qədər maddiyyatın mənəviyyatdan ön planda olduğu görünürdü. Mən detallara varmaq istəmədən, sadəcə olaraq bunun belə olmalı olmadığını diqqətə çatdırmaq istəyirəm.

Mükafat alanları təbrik edirəm, lakin nə üçün onsuz da yazıq durumda olan, maddiyyatla yaşamayan, əsərlərindən heç vaxt gəlir ummayan (mükafat almayan) yazıçılar belə gülünc duruma düşürüldülər? Bu ədalətsizlik deyilmi?

Bu, onsuz da qısır olan ədəbiyyat ağacımızın dibinə balta vurmaq deyilmi? Nə üçün elan olunan mükafatlar elə oradaca qaliblərə təqdim edilmədi? Bu nə oyunbazlıqdır, dünyanın harasında belə şey görünüb?

5. Bunları yazmaqda məqsədim çəkilən zəhməti gözdən salmaq deyil, gələcəkdə bu yanlışlıqlara yol verilməsini istəməməkdir.
(www.adyazar.az)

Bu mövzuda həmçinin oxu
Nigar Köçərli: «Pasternakı oxumayıb, amma söz deyir...»

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG