Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:06

Azərbaycanın Hərbi Doktrinası necə olmalıdır?


Hərbi Doktrina layihəsində Azərbaycanın gələcək hərbi siyasəti əksini tapıb

Hərbi Doktrina layihəsində Azərbaycanın gələcək hərbi siyasəti əksini tapıb

İyunun 3-də Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsində Azərbaycanın Hərbi Doktrinası müzakirə olunacaq. Prezident İlham Əliyev artıq layihəni parlamentə təqdim edib.

Komitə üzvləri doktrina barədə öz fikrini deyəndən sonra layihə parlamentin növbədənkənar sessiyasında millət vəkillərinin müzakirəsinə veriləcək. Spiker Oqtay Əsədov mayın 31-də - Milli Məclisin yaz sessiyasının son iclasını bağlı elan edərkən bildirib ki, iyunun ortalarına növbədənkənar iclas nəzərdə tutulur.

ERMƏNİSTANIN AZƏRBAYCANA TƏCAVÜZÜ BÖLGƏNİN ƏSAS TƏHLÜKƏ MƏNBƏYİDİR


Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü deputat Zahid Oruc deyir ki, Hərbi Doktrina layihəsində Azərbaycanın gələcək hərbi siyasəti əksini tapıb. Ölkənin xaricdən silah almasından daha çox özünün sənayesini qurmağa üstünlük verilir. Doktrina ilk növbədə onu müəyyənləşdirir ki, Ermənistanın Azərbaycana təcavüzü bu bölgənin əsas təhlükə mənbəyidir.

«Hərbi Doktrina silahlı qüvvələrin müdafiə strukturlarının qarşısında vəzifə qoyur ki, o əraziləri işğaldan azad eləsin. Enerji resursları uğrunda çarpışmalar, separatizm, terrorçuluq, kütləvi qırğın silahlarının yayılması, bir ərazidən başqa əraziyə daşınması və sair kimi məsələlər Azərbaycanın bu bölgədə hərbi təhlükəsizliyinə problemlər kimi ifadəsini tapıb. Bizdən tez-tez soruşurlar ki, Rusiya ilə İranın yürütdüyü hərbi siyasət, regiondakı sürətlə silahlanma, Ermənistanın silahlandırılması və sair burada əksini tapıbmı? Xeyr.
Zahid Oruc
Ad olaraq nə Rusiyanın, nə də İranın adı layihədə əksini tapmayıb. Lakin sıralanan problemlər özlüyündə Azərbaycanı hansı sahələrdən təhlükə gözlədiyini göstərir».

Zahid Orucun sözlərinə görə, layihədə Azərbaycana strateji müttəfiq olan ölkələrin konkret adları da qeyd olunmayıb. Çünki, Azərbaycanın 50-yə yaxın ölkə ilə hərbi əlaqələri, ikitərəfli münasibətləri mövcuddur. Bunların hamısı indi sənədə daxil edilsə, gələcəkdə vəziyyətlə əlaqədar onları necə etmək sualı ortaya çıxa bilər. Ona görə layihə ümumən ölkənin gələcək hərbi siyasətini ifadə edir. Yəni Zahid Oruc deyir ki, layihədə NATO-nun adı Azərbaycanın beynəlxalq hərbi əlaqələr sırasında mühüm yer kimi vurğulanıb. Bu həm hərbi təhsil, həm də ordunun müəyyən standartlara yaxınlaşdırılması və sair sahələri əhatə edir.

HƏRBİ DOKTRİNA AÇIQ SƏNƏDDİR, ORADA HƏR ŞEY ANLAŞILAN ŞƏKİLDƏ QEYD OLUNMALIDIR

Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər isə hesab edir ki, Hərbi Doktrina açıq sənəddir, orada hər şey anlaşılan şəkildə qeyd olunmalıdır. Sənədə baxan digər məsələlərlə yanaşı həmçinin ölkəyə hansı istiqamətlərdən hərbi təhdidlərin gözlənildiyini də aydın bilməlidir. Yəni doktrina birmənalı şəkildə konkret suallara cavab verməlidir:

«Azərbaycan hərbi və müdafiə siyasətini necə quracaq? Öz milli resurslarına əsaslanacaq, neytral, bloklara qoşulan, ya qoşulmayan ölkə olacaq? Əgər bloklara qoşulan ölkə olacaqsa hansına qoşulacaq?
Sülhəddin Əkbər
Çünki həm NATO var, həm də Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı».

Sülhəddin Əkbər deyir ki, Azərbaycan hazırda qeyri-müəyyən bir siyasət apardığı üçün də Hərbi Doktrinanın bu kimi suallara cavab verməsinə ehtiyac var.

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli isə deyir ki, Ermənistanın Hərbi Doktrinasında açıq qeyd olunur ki, bu ölkənin təhlükəsizliyinə başlıca təhdid Azərbaycan-Türkiyə strateji müttəfiqliyidir. Həmçinin göstərilir ki, Ermənistanın təhlükəsizliyi Rusiya ilə, Kollektiv Təhlükəsizlik Təşkilatı ilə əməkdaşlıq çərçivəsində təmin olunur.

Gürcüstanın Hərbi Doktrinasında isə Türkiyə və Azərbaycanın adı strateji müttəfiq kimi qeyd olunur. Ancaq bununla belə, bir sıra Avropa ölkələrinin Hərbi Doktrinasına baxsaq orada dostun və düşmənin kim olmasının açıq qeyd olunmadığını da görərik. Yəni bu yanaşma da var.

Cəsur Sümərinli hesab edir ki, ölkənin Milli Təhlükəsizlik Konsepsiyası necədirsə, Hərbi Doktrinası da elə olacaq. 2007-ci ildə qəbul edilmiş Milli Təhlükəsizlik Konsepsiyasında Ermənistanın işğalçı dövlət olması var. Ancaq 70 illik Rusiya işğalı sıradan bir xəbər kimi - yəni nə pis, nə də yaxşı göstərilib. Türkiyənin, Gürcüstanın strateji müttəfiqliyi barədə isə heç nə yoxdur.
Cəsur Sümərinli
Bu baxımdan qəbul ediləcək Hərbi Doktrina Milli Təhlükəsizlik Konsepsiyasından elə də fərqlənməyən çox ehtiyatlı bir sənəd olacaq:

OLA BİLƏR Kİ, HƏRBİ DOKTRİNADA BU MƏSƏLƏ BALANSLI ŞƏKİLDƏ QOYULSUN

«Ölkə başçısı son 5-6 aydakı çıxışlarında hansı tezisləri vurğulayıbsa, onlar sənəddə əksini tapacaq. Sadəcə Hərbi Doktrinanın Milli Təhlükəsizlik Konsepsiyasından bir fərqi ola bilər. Konsepsiyada Azərbaycanın Avro-Atlantik strukturlara inteqrasiyası strateji prioritet kimi göstərilir. Və orada Azərbaycanın silahlı qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması məsələsi var. Ola bilər ki, Hərbi Doktrinada bu məsələ balanslı şəkildə qoyulsun. Yəni NATO standartlarına inteqrasiya məsələsi tam olaraq göstərilməsin, Azərbaycan üçün qarışıq bir sistem götürülsün».

Cəsur Sümərinli hesab edir ki, belə olacağı təqdirdə Milli Təhlükəsizlik Konsepsiyası da dəyişdirilməlidir. Çünki artıq uyğunsuzluq olacaq.

Onun bildiyinə görə, Azərbaycan Hərbi Doktrinasının hazırlanmasında əsasən NATO ölkələri iştirak ediblər. Bir ara məlumatlar var idi ki, Rusiya da bu işdə iştirak etmək istəyib. Ancaq 3 il əvvəl Azərbaycan bundan imtina edib. Sadəcə ekspert bilmir ki, Gürcüstan hadisələrindən sonra Rusiya sənədin hazırlanmasına müdaxilə edə bilib ya yox.

Cəsur Sümərinli deyir ki, Hərbi Doktrina qəbul edilsə, artıq Azərbaycanın hərbi baxımdan perspektiv planının nədən ibarət olması, ordunun necə olacağı, mövcud vəziyyət və proqnozlar bəlli olacaq. Ancaq bu sənəddən əlavə ciddi bir şey gözləməyə dəyməz.

Şərhləri göstər

XS
SM
MD
LG