Keçid linkləri

Təcili xəbərlər

Aha! Saksafonçalan qız?!


Hə, Səfurəni Avroviziya yarışmasına qatılan görəndə, eynən «Uzaq sahillərdə» filmindəki «Aha, gülsatan qız!» - deyən qoca Mazelli kimi təəccübləndim. Əslində, heç təəccüblənəsi bir şey yox idi. Səfurəni düz bir il öncə məxməri may gecəsində bir dostumuzun qızının toyunda görmüşdüm. Səfurə o toya müəllimi olan bəstəkarın dəvətilə qonaq qismində gəlmişdi. O bəstəkar da bizim dostumuzun dostuydu. Dostumuzun dostu da ki…bizim dostumuzdu!

Etiraf edək ki, əlində saksafon hər dildə mahnılar oxuyan azərbaycanlı qızla elə də tez-tez rastlaşmırıq. Odur ki, Eurovision-2009-un az qala bütün repertuarını səsləndirən bu uzunboylu gənc qız yaddaşımda qaldı. Dözməyib toyarası bəstəkardan onun haqqında bigi aldım –«adı Səfurədir», - dedi. Ürəyimdə «bu qızın səsi mütləq çıxacaq», - deyə düşündüm.

Bircə il gözləmək lazım gəldi…

Seçimlərdə də ona azarkeşlik etdim. Nə deyilir-deyilsin, onu ən yaxşı namizəd sayırdım. Avropanın ürəyini ovlayacaq hər şeyi vardı - gəncliyi, gözəlliyi, istedadı…

ÜSTƏLİK, SAKSAFON ÇALIRDI!

Qəribədir, onun bu istedadından yararlanmadılar! Halbuki bunu vurğulamaq lazım idi!

Saksafon çalan Səfurə elə ermənilər kimi duduk (balaban) da çala bilərdi.

Yazılan mahnı sifarişliydi, millilik yox idi. Nə olsun ki mahnı gözəldi?!

Klip əla idi! Amma ona 1 milyon avro xərclənmişdi!

Geyim gözəldi… Amma kim bilir nə qədər pul tökülmüşdü?

Kənardan idarə olunan işıqlandırmalar, Svarovski daşlar, dəyişən işıqlar, okeanı andıran rənglər. Az qala oxuyanın ovqatını tənzimləyən nağıllardakı sehirli don!

CƏSUR ÜRƏK…


Və bütün bu dəbdəbəyə sinə gərən, onu əzib keçən, onun fövqündə dayanan 17 yaşlı məsum, yox-yox, həm də cəsur ürək!

Eurovision - 2010-da Azərbaycanın obrazı mən belə gördüm.

YARIŞMAYA MOLDOVA MİN, AZƏRBAYCAN 10 MİLYON


... ev sahibi Norveç isə hər şeyə 24 milyon avro xərcləyib.

Azərbaycan üçün - kiçik bir ölkə üçün 10 milyon çox deyilmi? Başa düşürəm, vacib yarışmadır, dünyada tanınırsan. Amma niyə bu qədər xərcə?

Tutaq ki, tanındın. Bildilər ki, bir yarışmaya bu qədər pul xərcləyən comərd bir ölkə var. Əhsən!

Gəldilər və gördülər ki, yarısı su altında qalıb, bir hissəsi işğalda, əhalisinin xeyli hissəsi dolanışıq üzündən dərbədər...

Paytaxtında, bəlkə də «görməmişlik əsəri» göydələnlər, dar yollarında bahalı maşınlar, qoynunda dərdli insanlar var.

«Yaşamaq üçün ən yararlı şəhər» siyahısında 196-cı yerdə!

Orta aylıq maaşı bu qədər. Bazarındakı qiymətlər də bu qədər.

Yaltaqlıq, yarınmaq, rüşvətxorluq lüğətdə ən çox işlənən söz.

Azad sözün ağzı qıfıllı!

«Şəxsiyyətə pərəstiş» sağalmaz yaraya çevrilib.

Heykəllər məmləkətində Cümhuriyyət qurucusuna yer yox!

Nə olacaq? Uzaqbaşı, gedib «neft və milyonlar səltənətində miskin, hüquqları tapdanan adamlar, zəngin mədəniyyətli ölkə gördük», - deyəcəklər.

Necə ki deyirlər, yazırlar, qımışırlar...

Bu nəyi dəyişəcək ki?

BƏLKƏ, BİR AZ QƏNAƏTCİL OLAQ?

Daha az xərcləyək.

Öz mahnımızı təqdim edək. Yeri gəldi-gəlmədi, zəngin musiqimizdən ağızdolusu danışmırıqmı?

Öz çəkdiyimiz klipi göstərək. Qoy zəif olsun - özümüzünkü olsun!

Öz donumuzu geyək. Öz modelyerimiz, lap Fəxriyyə xanım, Gülnarə xanım tikən butalı paltarımız olsun (ötən il Gülnarə xanımın «Arşın mal alan» tamaşasındakı geyimləri nə gözəldi!).

Heç o qədər işıq-mışıq da lazım deyil. Qoy qızlarımız ürkməsinlər, həm də rahat paltarda oxusunlar! Alman qızı Lena kimi.

Yəni bir az, türkiyəlilər demiş, «boş verək» («Boş verib» 2-ci yeri qazandılar).

Görəsən, yer tuta bilərikmi?

Bəs alman qızı Lena adi paltarla, o qədər də yadda qalmayan mahnı ilə niyə birinci oldu?

YARIŞMADA ÜÇ ÖLKƏ BİR-BİRİNƏ YAMAN BƏNZƏYİRDİ!

Azərbaycan-Gürcüstan-Ermənistan. Mahnıları da, ifaçıları da, saçları, geyim-kecimləri də.

Ən əsası, təfəkkür tərzi ilə.

Canfəşanlıq, hamıdan seçilmək üçün dəridən-qabıqdan çıxmaq cəhdi ilə. Dalını siz deyin.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG