Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:30

«Onlar öz kölgələrindən qorxurlar»


Azərbaycanlıların kütləvi etiraz aksiyalarının ildönümü ilə əlaqədar azı 31 milli fəal həbs olunub
«Onlar öz kölgələrindən qorxurlar. Bir kiçik hüquqdur ki, insanlara verə bilərlər, bu kiçik hüququ əvvəlcədən insanlara versəydilər, indi bu dərəcəyə çatmazdı».

Bunu İranda Azərbaycan dili və milli kimlik uğrunda mübarizə aparan və mayın 23-də İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin əməkdaşları tərəfindən həbs olunan milli fəal Lətif Həsənlinin bacısı Elnaz Həsənli deyir.

Deyir, İran hökuməti azərbaycanlılara ana dili və milli kimlik hüququ verməkdənsə, hər gün bu amala görə çalışan onlarla azərbaycanlını zindanlara atır. Elnaz Həsənli danışır ki, qardaşı Lətif Həsənli beynəlxalq hüquq doktorudur, Kərəc universitetində və mədrəsəsində dərs deyirmiş. Ötən həftə İranda 22 may hadisələrinin - azərbaycanlıların kütləvi etiraz aksiyalarının ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edib. Ertəsi gün onu küçədə saxlayıblar. Özü ilə birlikdə evinə gələn ETTELAAT əməkdaşları axtarış apararaq kompüterini və başqa əşyalarını götürüblər. Həmin gündən Lətif bəy Kərəc şəhərindən xüsusi xidmət orqanının Təbriz bölməsinə aparılıb. Bacısı deyir ki, ona qarşı rəsmi ittihamların irəli sürülüb-sürülməməsi barədə məlumat yoxdur.

«HƏBSDƏ OLAN QARDAŞIMDAN XƏBƏR TUTA BİLMİRİK»


«Mayın 23-də səhər 8 radələrində iş yerindən çıxarkən tutulub, ETTELAAT məmurları ilə evə gəlib, evi axtarıblar, sonra atamın evini axtarıblar, kitabları, kompüteri, cd-ləri götürüblər. Qardaşımı da özləri ilə aparıblar. Sonra da zəng vurdu, dedi Təbriz ETTELAAT-ındayam. Ondan sonra qardaşımdan xəbərimiz
Şəhram Radmehr
yoxdur».

Bunu isə milli fəal Şəhram Radmehrin qardaşı Səccad Radmehr deyir. Onun sözlərinə görə, qardaşı Şəhram əvvəllər də milli fəal kimi həbs olunub:

«Bundan əvvəl də 2003-cü ildə Təbrizin İmamiyyə qəbiristanlığında keçirilən 21 Azer adlı mərasimdə tutulmuşdu. Həmin vaxt ona 6 ay həbs cəzası verilmişdi».

Səccad Radmehr də bir il əvvəl milli fəal olaraq təpkilərə məruz qalıb və hazırda İsveçrədə mühacirətdədir.

MİLLİ FƏALLARI ETTELAAT-ın TƏBRİZDƏKİ BÖLMƏSİNƏ YIĞIRLAR

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Yaşar Həkkəkpur deyir ki, İranda 22 may hadisələrinin - azərbaycanlıların kütləvi etiraz aksiyalarının ildönümü ilə bağlı bu günə qədər ən azı 31 milli fəal həbs olunub. Onlardan 17-si girov müqabilində məhkəməyə qədər həbsdən azad olub. 14 nəfərsə hələ həbsdə saxlanılır. Həbslər Təbriz, Sulduz, Moğan və digər şəhərlərdə həyata keçirilib. Ancaq tutulanların hamısı xüsusi xidmət orqanının Təbrizdəki bölməsində saxlanılır.
Yaşar Həkkəkpur
Saxlananların vəziyyəti barədə ailələrinə heç bir məlumat verilmir, hansı ittiham üzrə həbs olunduqları da açıqlanmır. Həbs olunanların əksəriyyəti müəllim, mətbuat işçisi və tələbələrdir.

«İRAN HAKİMİYYƏTİNİN ƏZMƏK SİYASƏTİ UĞURSUZDUR»

Yaşar Həkkəkpur deyir ki, neçə illərdir İranda dil, milli kimlik sahəsində çalışan fəallar zindana atılır. Lakin İran hakimiyyətinin dilini, kimliyini tələb edənlərə qarşı repressiv siyasəti uğursuzdur:

«Hakimiyyət indiyəcən bir toplumun insani istəklərinin qarşısını həbslə, işgəncə ilə ala bilməyib. İllər boyu Azərbaycanın mədəni və tanınmış fəalları çalışırdılar və istəklərini Babək qalasında, Səttərxan mərasimində, 21 Azər mərasimində və zaman-zaman başqa mərasimlərdə mədəni şəkildə bildirirdilər. O zamanlar idi ki, bu, təkcə ziyalıların arasında idi. Ancaq indi bu istək kütlənin, millətin arasına girib. Bunun nəticəsidir ki, «Traxtorsazi»nin futbol oyunlarında şahidi olduq ki, 100 min nəfər çıxır qışqırır: «Yaşasın Azərbaycan!», «Türk dilində mədrəsə!». Bu göstərir ki, İran hakimiyyətinin fəalları tutmaqda, əzməkdə siyasəti uğursuzdur».

2006-cı il mayın 22-də İranın rəsmi qəzetində çıxan məqalədə türk vətəndaşlar tarakana bənzədilmişdi. Bu təhqirə etiraz olaraq ölkənin bir çox şəhərlərində azərbaycanlılar parklara, xiyabanlara çıxaraq aksiyalar keçirmişdilər. Bu hadisələrdə onlarla azərbaycanlı həlak olmuş, minlərlə insan yaralanmış və həbs edilmişdi.

Şərhləri göstər

XS
SM
MD
LG