Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:54

İşgəncə faktlarından danışmaq vəkilə baha oturdu


Müzəffər Baxışov
«Guya mən işgəncə faktları ilə bağlı bilə-bilə yalan məlumatlar yaymışam. Əslində isə tam əminliklə bildirirəm ki, bu faktlar həqiqətə uyğundur. Mən 2003, 2004, 2005 və 2009-cu illərdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının məhkəmələr üzrə müşahidəçisi olmuşam və məhkəmələrdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində təqsirləndirilən şəxslərə işgəncələr verilməsi ilə bağlı çoxlu sayda fikirlər səsləndirilib».

Bunu AzadlıqRadiosuna deyən Hüquqi Dövlət Araşdırmalar Mərkəzinin rəhbəri, vəkil Müzəffər Baxışovdur. Elə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübrizə İdarəsinin rəisi Mirqafar Seyidov da Müzəffər Baxışovu idarədə işgəncə faktları olması barədə yalan məlumat yaymaqda ittiham edərək məhkəməyə verib. İdarə rəisi ittiham qaydasında məhkəməyə təqdim etdiyi şikayətində hüquqşünasın məsuliyyətə cəlb edilməsini istəyir.

Mayın 27-də Nərimanov Rayon Məhkəməsində hakim Vüqar Məmmədov hazırlıq iclası keçirdi. Müzəffər Baxışov dedi ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncə faktları olduğunu «Azadlıq» qəzetinə verdiyi müsahibəsində bildirib. Qəzetin redaksiyası Yasamal rayonu ərazisində yerləşdiyindən ərazi üzrə şikayətə də həmin rayon məhkəməsi baxa bilər. Hakim vəsatəti təmin etdi və iş materiallarının Yasamal rayon Məhkəməsinə göndərilməsinə dair qərar çıxardı.

«İŞGƏNCƏLƏRİ KİMƏSƏ SÜBUT ETMƏYƏ EHTİYAC YOXDUR»

Müzəffər Baxışovsa sözündən qaçmır. Deyir, həmin idarədə insanlara işgəncə verilməsi faktlarını gizlətmək mümkün deyil: «Hətta bu yaxınlarda Dövlət Neft Akademiyasında baş vermiş hadisələrdə təqsirləndirilənlər məhkəmədə də dedilər ki, onlara Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələr verilib. Bu fakt hamıya bəllidir və bunu kiməsə sübut etməyə ehtiyac yoxdur».

«Ölən balalarınızın ruhuna and olsun, bu cinayətdən mənim xəbərim yoxdur. İşgəncə altında qalmışam, inanın».

Bunu deyən isə Dövlət Neft Akademiyasında ötən il baş vermiş qətliamda təqsirləndirilənlərdən biri Nadir Əliyevdir. Son məhkəmə iclaslarından birində Nadir Əliyev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məruz qaldığı işgəncələrdən daha ətraflı danışdı: «Məni üç gün göydən asıblar, möhtərəm hakim. Siz onu bilirsiniz, amma prokurorlar bilmirlər. Məni lümlüt eləyib göydən asıblar, cinsi orqanıma tok veriblər, bunu Allah götürməz, möhtərəm hakim».

Ehsan Zahidov
Eyni cinayətdə təqsirləndirilən Cavidan Amirov da həmin vaxt həbs olunandan sonra bir neçə gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. O da məhkəmənin ilk günlərindən idarədə işgəncələrə məruz qalmasından danışır və ona işgəncə altında ifadə yazdırmış müstəntiqin məhkəmədə dindirilməsini tələb edir:

«Möhtərəm hakim, istintaqımız düzgün getməyib, haqsızlıq ediblər, döyüblər, pis günlərə qoyublar. Banditizmə çağırıb məni döyüb qol çəkdiriblər».

DİN SÖZÇÜSÜ: «HAMISI YALAN...»

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ehsan Zahidov hər dəfə işgəncələrdən söz düşəndə AzadlıqRadiosuna deyir ki, nazirliyin tabeliyindəki idarələrdə işgəncə faktlarının olması barədə deyilənlər həqiqətə söykənmir:

«Bu iddiaların hamısı mənə elə gəlir ki, onu səsləndirən müttəhimlərin özlərinin törətdikləri cinayətlərini, günahlarını pərdələmək məqsədilə polisin, hüquq mühafizə orqanlarının üzərinə atdıqları şər-böhtandır».

İndi bu tipli işgəncələr barədə mətbuatda danışan və məhkəməyə çəkilən Müzəffər Baxışov isə nikbin əhval-ruhiyyədədir. Fikirləşir ki, məhkəmə işə ədalətlə baxacaq:

«Hər bir halda mən məhkəmənin ədalətli olacağına inanıram və fikirləşirəm ki, Azərbaycanda artıq demokratik məhkəmə hakimiyyəti bərqərar olmalıdır. Məhkəmə bu məsələni obyektiv araşdırıb bir nəticəyə gəlməlidir».

Şərhləri göstər

XS
SM
MD
LG