Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:21
1991-ci ildən bəri Türkmənistan Azadlıq Radiosunun heç bir müxbirinə Türkmənistana gəlməyə icazə verməmişdi.

AzadlıqRadiosunun Türkmən xidmətinin müxbiri Allamurad Rəhimov bu ilin aprelində qohumlarından eşidəndə ki, ona Vətənə getməyə icazə veriblər, qulaqlarına inanmayıb.

İcazəni vermiş Miqrasiya idarəsi onun sənədlərini yoxlamağa 3 ay yarım vaxt sərf edib, halbuki cavabı 14 günə verməlidir. Bu idarədən icazə ala bilmək o deməkdir ki, sənin kompüter faylın «təmiz»dir.

MİQRASİYA İDARƏSİNİN «ZARAFAT»I


Rəhimovun özü Türkmənistandan 1999-cu ildə çıxıb. Kanadada daimi yaşayış icazəsi və vətəndaşlıq alıb. Türkmənistana 2007-ci ildə getməyə cəhd göstərib. Məqsədi Türkmənbaşının ölümündən sonra «azad və ədalətli» seçkiləri izləmək olub. Ancaq onun xahişini Türkmənistanın Berlindəki konsulluğu izahat vermədən rədd edib.

Bu dəfə Vyanadakı səfirlik ona viza verib, Miqrasiya idarəsi isə icazəni hələ apreldə vermişdi, artıq Aşqabada yol açıq idi.

Ancaq Rəhimov artıq mayın 18-də Praqadan çıxıb, İstanbulda olanda səfir ona zəng edib , deyib ki, Miqrasiya idarəsi icazə vermədi.

Allamurad Rəhimov
İstanbul hava limanında Rəhimovun tanış olduğu Avropa Komissiyasının nümayəndəsi İniqo vəziyyəti biləndə , deyib ki, «Praqaya qayıtmasın, Aşqabadda lazım gəlsə, ona kömək edə bilər».

MÜXBİR AŞQABAD HAVA LİMANINDA NƏ GÖRDÜ?


Aşqabad hava limanında sərhəd xidmətinin gənc zabitləri nə rus, nə ingilis dilində bir kəlmə də bilmirlər.

Bir pəncərənin üstünə «Türkmən Bank» yazılıb. Bütün xaricilər gəlib, bura 11 dollar ödəməlidirlər. Pəncərənin arxasında türkmən milli geyimində iki qız əyləşib.
Rəhimov soruşub ki, «11 dolları niyə alırsınız?» - cavab veriblər - «xidmətə görə». Müxbir soruşub – «hansı xidmətə görə?» – cavab verilməyib.

Müxbirə maraqlı gəlib ki, 11 dolları verən xaricilərin heç biri maraqlanmayıb ki, bu pulu niyə verirlər.

Pasportu yoxlayan zabit mat qalıb ki, Rəhimova bir tərəfdən viza verilib, o biri tərəfdən Miqrasiya idarəsi onun gəlişinə qadağan qoyub.

Zabit jurnalistdən xahiş edib ki, «deportasiya» blankını doldursun. Rəhimov soruşub ki, «niyə deportasiya?» – cavab verilib ki, «yəqin nəyisə səhv etmisən, yoxsa adın bu siyahıda olmazdı».

Saparmurat Türkmənbaşı adına hava limanı
Rəhimov başa düşüb ki, «qara siyahı» var.

«BU SÖZLƏRİ SƏNƏ İCAZƏ VERMƏYƏNƏ DE»

Jurnalist onu deportasiya etmək istəyən zabiti qanunsuzluqda, rüşvətxorluqda, özbaşınalıqda və s.-də ittiham edəndə, zabit deyib ki, «sən get, bu sözləri sənə icazə verməyənlərə de».

Rəhimov baqaj bölməsində Avropa Komissiyasının nümayəndəsi İniqonu görüb. Ona deyib ki, «əgər viza ölkəyə gəlməyə bəs eləmirsə, onda vizanı niyə verirlər? Belə ölkə ilə Avropa Komissiyası necə işləyir?»

Beləcə AzadlıqRadiosunun müxbiri Rəhimov Aşqabad hava limanından geri qaytarılıb.

O deyir: «hava limanında divarın o tayında 11 ildir ki, görmədiyim yaxınlarım toplaşmışdı. Ancaq başa düşdüm ki, Türkmənistanı sivilizasiyadan daha böyük divar ayırır. Bu divarı rejim yaradıb».

Rəhimov deyir: «əgər rejim bir jurnalistin ölkəyə gəlişindən qorxursa, bu qədər zəhmət çəkib bu rejimi saxlamağa dəyərmi?»

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG