Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:53

İki günə Araza süni qol açılır


Kür və Araz çaylarında suyun səviyyəsini aşağı salmaq üçün Araz çayına yeni süni qolun açılması maksimum iki gün ərzində baş tutacaq.

Bu barədə «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib. Onun sözlərinə görə, hazırda bununla bağlı İmişli rayonunun Qulubəyli kəndi istiqamətində işlər davam etdirilir.

Təbii fəlakət bölgəsində olan fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev isə bildirib ki, layihə üzrə qolun açılması istiqamətdə işlərin 90 faizi yerinə yetirilib. Hazırda İmişli rayonunun Bəhramtəpə istiqamətində və Araz çayından açılacaq qolun keçəcəyi yeddi rayonda işlər davam etdirilir.

O. Hacıyev eyni zamanda bildirib ki, bu gün «Sarısu» gölündə suyun səviyyəsi 40 santimetr aşağı düşüb.

İmişli rayonunda Bəhramtəpə hidroqovşağının yaxınlığında Araz çayının vaxtilə mövcud olan qoluna yenidən su buraxılması planlaşdırılıb. Araz çayının bu qolu istifadəyə verildikdən sonra Kürdə suyun səviyyəsinin azalacağı gözlənilir. Sarısu gölündən kəndlərə axan suyun da Arazın bu qoluna yönləndirilməsi planlaşdırılıb.

«Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev həmçinin bildirib ki, Mingəçevir su anbarında hazırda suyun səviyyəsi 83 metr 14 santimetrdir və hazırda anbarda heç bir təhlükəli vəziyyət yoxdur. O, qeyd edib ki, anbar bundan sonra da su qəbul etmə tutumuna malikdir.

Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanov isə bildirib ki, Kür çayının Hacıqabul rayonundan keçən hissəsində dağılmış bəndin bağlanmasına 5 metr məsafə qalıb, hazırda burada bəndbərkitmə işləri davam etdirilir./ANS/
XS
SM
MD
LG