Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:55

Azərbaycan Eynulla Fətullayevlə bağlı Böyük Palataya müraciət edib


Eynulla Fətullayev

Eynulla Fətullayev

«Azərbaycan Eynulla Fətullayevin işi ilə bağlı Böyük Palataya müraciət edib, tələsməyin».

Bunu mayın 26-da jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

O, Avropa İnsan Haqları Məhkəməsinin «Gündəlik Azərbaycan» və «Realnı Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə bağlı qərarına münasibət bildirib. S. Seyidov deyib ki, Azərbaycan Avropa Məhkəməsinin bütün qərarlarını diqqətlə təhlil edir:

«Avropa Şurasının İnsan Haqları üzrə məhkəməsinin hər bir qərarını biz diqqətlə təhlil edirik. Azərbaycan Böyük Palataya müraciət edib, tələsməyin. Nəticə əldə olunandan sonra Azərbaycan hər bir məsələni beynəlxalq çərçivədə, öz öhdəlikləri çərçivəsində baxmağa hazırdır».

Avropa İnsan Haqları Məhkəməsi aprelin 22-də Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və Azərbaycan hökumətinin ona 25 min avro təzminat ödəməsi qərarı çıxarıb. Beynəlxalq hüquq müdafiə təşkilatları da Azərbaycan hökumətindən onu dərhal azad etməyi tələb edirlər.

«Realnı Azərbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev ilk dəfə 2007-ci ildə xocalıların şərəf və ləyaqətini təhqir etmək ittihamı ilə 2 il 6 aylığa həbs olunub. Daha sonra vergidən yayınma və terrorçuluğu qızışdırma ittihamları ilə onun cəzası 8 il 6 aya çatdırılıb. Hazırda Eynullanın daha bir məhkəməsi gedir. O, həbsdə qanunsuz olaraq narkotik maddə saxlamaqda ittiham olunur. Jurnalist və hüquq-müdafiə təşkilatları məqsədin onun həbsdə qalma müddətinin uzadılması olduğunu deyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG