Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:37
“Milli roman” anlayışını dəyərləndirmək “millət” anlayışına tərif vermək qədər qəliz məsələdi.

Sovet ədəbiyyatının belə bir prinsipi vardı: formaca milli, məzmunca sosialist.

Mən bunu bir balaca redaktə eləyib “formaca milli, məzmunca bəşəri” demək istərdim, ancaq elə buradaca sual ortaya çıxır: milli ədəbiyyatımızın bütün gözəl örnəkləri məgər “milli” formadamı yazılıb?

Roman özü bizdən (eləcə də onlarla başqa xalqdan) ötrü “milli” forma sayıla bilərmi? Bir xalq hansısa janrı başqa bir xalqın ədəbiyyatından götürüb özününküləşdirirsə, necə deyərlər, milliləşdirirsə, bu janrı o xalqın ədəbiyyatı üçün “milli” forma saymaq olarmı?

Hayana çəkir çəksin, milliliyin bir başı yenə gəlib dilə dirənir. Mən deyərdim, əsas başı.

Çünki bir millətin fərdlərini bir-birinə calaşdıran

ANA YOL, ANA XƏTT DİLDİ

Di gəl, burada da istisnalar ortaya çıxır: “Əli və Nino”nun “milli” roman olduğuyla yəqin hamımız razılaşarıq, ancaq bu əsər özgə dildə yazılıb. Həmin məntiqlə, ana dilimizdə yazılmasına baxmayaraq, “Məhşər”ə də şərq romanı deməliyik.

Alman Patrik Züskindin “Ətirçi” romanındakı hadisələr 18-ci əsrin Fransasında baş verir, Koelyonun “Kimyagər”i də Braziliyadan çox-çox uzaqlarda gəzib-dolaşır.

Birnəfəsə onlarla belə əsərin adını çəkə bilərəm.

Görəsən, bu əsərlərin müəlliflərini necə, öz vətənlərində “milli” yazıçı saymırlarmı?

Bir zamanlar “kənd nəsri”, “şəhər nəsri” istilahları da dəbdəydi. Mən

ƏDƏBİYYATDA BELƏ BÖLGÜLƏRİ ANLAMIRAM

Yazıçının personajı hansı zamanda yaşayır yaşasın, o personajın həyat dramı hansı ölkədə oynanır oynansın, ədəbi qəhrəman bütövlükdə İNSANIN, bədii məkan da bütövlükdə DÜNYANIN obrazına çevrilməlidi.

Balzak Parisin, Zolya Ruqon-Makkar ailəsinin, Folkner Yoknapatofanın, Markes Makondo kəndində kök salmış Buendia törəməsinin timsalında bütün yer üzünün, insan nəslinin taleyini yazırdı, daha hansısa əyalətin tarixçəsini yox.

Onlar öz mühitləri, öz ölkələri, öz millətləri haqda yazıblar, sadəcə, həyata, insana obyektiv baxa bildiklərinə görə yazdıqları universal xarakter alıb. Milliliklə bəşərilik də, zənnimcə, burda qovuşur: yazıçı öz dilində bütün dünyanı düşündürən problemlərdən danışır.

Həm də öz dilində nə qədər yaxşı danışsa, onu əsir saxlayan doğma dilin müqavimətini bir o qədər asan qırıb genişliyə çıxa bilir.

Bəzən milli roman adı altında sosial romanı nəzərdə tuturlar. Məncə, dünyadakı (elə Azərbaycanda da) gözədəyər ədəbiyyatın böyük çoxluğu sosial ədəbiyyat qisminə aid oluna bilər.

Sosiallıq ədəbiyyatda ən vacib məsələ deyil, hətta mən deyərdim,

ÜÇÜNCÜ DƏRƏCƏLİ MƏSƏLƏDİ

Məsələn, iyirmi beş yaşında yazdığı “Buddenbroklar” romanıyla XX əsr ədəbiyyatında boyük bir məktəbin bünövrəsini qoymuş Tomas Mann sonradan, yəni “Sehrli dağ”, “İosif və qardaşları”, “Doktor Faustus” kimi fəlsəfi romanlarını yazdığı məqama yetişəndən sonra əvvəlki yaradıcılığına haqlı olaraq üstdən-aşağı baxırdı, çünki bu vaxtlar Tomas Mann “Buddenbroklar” müəllifinin durduğu məqamdan bir də yox, iki pillə yuxarı qalxmışdı.

Ancaq çağdaş ədəbiyyat hələ sosial romansız keçinə bilməz.

Burda problemlərə yanaşmadan çox şey asılıdı.

Tutalım, bir yazıçı öz xalqının milli-azadlıq mübarizəsi, ya öz ölkəsinin dərdləri haqda yazırsa, mütləq bu məsələlərə ümumbəşəri dəyərlər, qlobal problemlər prizmasından baxmağı, universal düsturlarla yanaşmağı bacarmalıdı, yoxsa onun yazdığı öz məhəlləsindən qıraqda heç kimə maraqlı olmayacaq.

Gözümüzün qarşısında “Əli və Nino” kimi dəyərli örnək var. Mən bir məsələyə möhkəm inanıram: universal olmayan həqiqət nə milli, nə də insani ola bilər. Kim milliliyi universallığa qarşı qoyursa, yanılır.

Roman sənətində də eləcə...

"525-ci qəzet"

Günün bütün mövzuları

XS
SM
MD
LG