Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:38

İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının açılış mərasimində iştirak edib


Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının açılış mərasimində iştirak edib.

Klassik üslubda bir il 5 aya inşa olunmuş yeddimərtəbəli binada xidmətin əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb. Hündürlüyü 29 metr olan binanın ümumi tikinti sahəsi 7.944 kvadratmetrdir. Ətrafda abadlıq və yaşıllıq işləri aparılıb, binada müasir işıqlandırma, havalandırma, yanğından mühafizə, rabitə, videomüşahidə sistemləri quraşdırılıb. Giriş elektron kart sistemi ilə həyata keçirilir.

Binada xidməti otaqlarla yanaşı, Heydər Əliyev muzeyi, kitabxana, vətəndaşların qəbulu və təhlükəsizlik şöbələri, müşavirə, akt və kollegiya zalları, təlim-tədris mərkəzi, yeməkxana və digər yardımçı otaqlar da yerləşir.

Prezident İlham Əliyevin sərəncamına əsasən miqrasiya sahəsinə nəzarətin gücləndirilməsi məqsədilə binada Vahid Miqrasiya Məlumat Sistemi quraşdırılıb. Bu sistem vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə daxil olduqdan sonra harada və hansı işlə məşğul olması müşahidə edilir və ciddi nəzarətdə saxlanılır.

Nəzarətin gücləndirilməsi məqsədilə yeni inzibati binada Dövlət Miqrasiya Xidmətinin Yevlax, Şirvan, Lənkəran və Xaçmaz regional idarələrinin, həmçinin qanunsuz miqrantların saxlanma mərkəzlərinin birbaşa videomüşahidəsi də təmin edilib.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə Azərbaycan Respublikası vətəndaşlarının operativ məlumatlandırılması üçün 24 saat fəaliyyətdə olan “Qaynar xətt” xidməti təşkil edilib. /APA/
XS
SM
MD
LG