Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:23

«Dövlət söz azadlığını tamamilə təmin etməli və qorumalıdır»


BMT Azərbaycana tövsiyə təqdim edib

BMT Azərbaycana tövsiyə təqdim edib

«Dövlət jurnalist və mətbuat nümayəndələrinin söz və ifadə azadlığını tamamilə təmin etməli və qorumalıdır».

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mayın 25-də Azərbaycana təqdim etdiyi tövsiyəsində belə deyilir.

BMT-nin İşgəncələr Əleyhinə Komitəsi Azərbaycanda mətbuat üzərində davam edən təzyiqlərlə bağlı verilən bəyanatlardakı faktlar, xüsusilə jurnalist və hüquq müdafiəçilərinin döyülməsi, incidilməsi ilə əlaqədar mövcud məlumatlardan narahatdır.

BMT-nin İnsan Hüquqları Komitəsi də qeyd edir ki, KİV-nin söz azadlığı hüququ baxımından hərtərəfli məhdudiyyətlərin olmasından, müstəqil KİV-nin bağlanmasından, bir sıra xarici radiolardan ölkəyə yayım üçün lisenziyanın geri alınmasından narahatdır:

«Komitə həmçinin jurnalistlərin təqib olunması hallarından, jurnalistlərə qarşı böhtan maddəsi ilə cinayət işinin qaldırılması və ya xuliqanlıq ittihamının irəli sürülməsindən narahatdır. Əlavə olaraq Komitə jurnalistlərin öldürülməsi və döyülməsi ilə bağlı aydınlıq gətirilməmiş hallardan narahatdır».

İşgəncələr Əleyhinə Komitə həmçinin Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasının fəaliyyətini davam etdirməsi və burada təqsirli bilinən şəxslərin saxlanmasından narahat olduğunu bildirir və bu təcridxananın Ədliyyə Nazirliyinin tabeçiliyinə verilməsini ya da fəaliyyətini dayandırması ilə bağlı ilkin tövsiyəsini təkrar edir.

Komitə hesab edir ki, dustaqların müstəqil həkimlər, hüquq müdafiəçiləri və ailə üzvləri ilə əlaqə saxlama hüquqları da daxil olmaqla, onlara hüquqları barədə xəbərdarlıq edilmir:

«Emin Milli, Adnan Hacızadə, Kamil Sədrəddinov kimi şəxslər əsassız ittihamlarla həbs ediliblər».

BMT-nin İşgəncələr Əleyhinə Komitəsi eyni zamanda tibbi səbəblərdən deyil, başqa səbəblərdən Naxçıvanda psixiatrik xəstəxanalara zorla yerləşdirmə haqqında çoxsaylı məlumatlardan, Bakıdan kənarda olan psixiatrik müəssisələrdəki pis şəraitdən narahatdır.

Komitə məhkəmə sistemində mühüm inkişaf olduğunu qeyd etsə də, icraedici sahədə hüquqi müstəqilliyin çatışmadığını və siyasi təzyiqlərə həssas olduğunu hesab edir.

BMT komitəsi Azərbaycanda ordusunda «dedovşina» hallarının, zorakılıq və pis rəftarın geniş yayılmasından, intiharlar daxil olmaqla, orduda izahsız ölümlərin böyük sayından narahatdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG