Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:13
Zümrüd Yağmur

SIYASƏTİN YADLAŞDIRDIĞI DÜNYA ƏDƏBİYYATLA QARDAŞLAŞIR


Dünyada ədəbiyyat eynən musiqi kimi sərhəd tanımır, oxucu başqa bir ölkənin yazarını oxuyub dünyanın başqa bir ucunda yaşayan insanın kimliyini, həyacanlarını, yaşamını özü üçün kəşf edir.

Buna xəyali, kitab səhifələri arasında səyahət də deyə bilərik.

Günümüzdə bu “səyahət” o qədər asan və gündəlik olub ki, artıq sadə Azərbaycan vətəndaşı bizdən cox uzaqda yerləşən bir xalqın, o xalqın icində yaşayan fərdin diyğularını hiss edib anlaya bilər.

Siyasətin yadlaşdırdığı dünya ədəbiyyatla qardaşlaşır. Bu, müasir dünyanın ədəbi proqresidir.

Azərbaycanda hər nə qədər kitab az oxunsa da, bu gün yazarlarımız dünya ədəbiyyatını oxuyur. Ədəbiyyatın bütün cərçivələri aşıb, şəxsiyyətlərarası münasibtlərin fonundan coxdan cıxdığını müşahidə etmək mümkündür.

Ədəbiyyat dünyanın bir parçası olmaqla bərabər həmişə dünyanı özünə cəlb etmək, özündə birləşdirmək gücündə olub.

Bəs biz, daha doğrusu ədəbiyyatımız niyə dünyanın bir parçasına dönüşə bilmir.

İstedadsızlıqmı... Zənn etmirəm. İndi Azərbaycan yazarları içərisində kifayət qədər oxunaqlı, dünya ədəbiyyatının bir parcası ola biləcək əsərlər var. Pərvizin “Yad dildə” romanı dünyanın hansı yerində olursa-olsun oxucunun diqqətini cəlb edəcək, çünki orada dünyanın üz qarası ola biləcək rejimlərlə mübarizə aparan insanın taleyi var.

Yaxud Aqşin Yeniseyin “Cənnətdə terror aksiyası “ əsərini oxuyacaq oxucu dünyanın hər köşəsində var.

Nədən biz bu kimi

ƏSƏRLƏRİ DÜNYA ƏDƏBİYYATININ BİR PARÇASINA ÇEVİRƏ BİLMİRİK...

Axı bu gün Azərbaycan insanının yaşadıqları, qarşılaşdığı ədalətsizlik, hüquqsuzluğu, dünyanın normal düçüncəli insanını maraqlandıra biləcək əzabları məhz ədəbiyyatımızın vasitəsi ilə dünyaya çatdırıla bilər.

Bu da ədəbiyyatımızın bu gün cəmiyyətimizə verə biləcəyi ən böyük xidmət ola bilər. Eləsə nədən biz bu kimi əsərləri dünya ədəbiyyatının bir parçasına çevirə bilmirik...

Bunun bir deyil, çox səbəbləri var. Burincisi, ədəbiyyat nə qədər azad, sərbəst fəaliyyət formasında gözəl və böyükdürsə də dövlətin onu təbliğ etmək kimi bir missiyası var.

Bütün dünyada bu proses var, amma nə yazıq ki, Azərbaycanda hakimiyətin bu yöndə az da olsa fəaliyyəti nəzərə çarpmır.

Hətta qonşu Türkiyədə təbliği getmədiyində orada dərc olunan əsərlərin oxunmayıb anbar ədəbiyyatına çevrildiyi bu günlərdə bəlli oldu.

Təbliğat lazımdır. Burda məsələnin başqa bir yanı da unudulmamalıdır. Azərbaycanda ədəbiyyatın təbliği məsələsi ortaya gəlsə, belə məsələnin həll olunacağı sual altındadır.

Çünki bu zaman bizim boynumuzdan daş kimi asılıb qalmış qohumbazlıq, yerliçilik, arxanda dayanan güclü adam, dostluq, tanışlıq, daha başqa keyfiyyətlərimiz meydana çıxmağa başlayacaq və təbliğ olunan əsərlər bu kriteriyalarla seçildiyindən təbliğatın əks, hətta mənfi təsir yaradacağını söyləmək olar.

Ya da kim deyə bilər ki, təbliğ olunacaq əsərlərin içində bu rejimin kimliyini üzə çıxaracaq əsərlər yer alacaq. Axı bizdə bu qədər tolerant və tənqidə davamlı bir hakimiyət yoxdur ki, məsələn “Yad dildə”ni təbliğ edəcəyi əsərlərin içinə salsın...
Demək təbliğat məsələsində hələlik elə də böyük şansa sahib deyilik.

Başqa bir yön... Ədəbi qurumların arasına sığışdırılmış ədəbiyyat...

BİR-BİRİNİ BOLŞEVİKCƏSİNƏ İNKAR EDƏN BU QURUMLARIN

çəkişmələri bizim ədəbiyyatın hələ də fərdlərin iddia və hikkələrinin üzərinə qalxmasına imkan vermir..

Biz ədəbiyyata bu ölkənin, dünyanın bir parcası kimi yox, AYB, AYO ədəbiyyatı kimi baxmağa davam etdikcə təbii ki, bu baxış yaranan ədəbiyyat nümunələrinə obyektiv yanaşmamızı əngəlləyəcək.

Hamı hamıyla mübarizə şəraitində yazılan əsərlərə belə obyektiv yanaşma itib batır. AYB-ci AYO-dan olan yazıçının əsərini dəyərləndirmir, və ya əksinə...

Beləcə ədəbiyyat dostluqlar, şəxsi münasibətlərin əhatəsində qalır, kim kimin dostudursa, kimin rəfiqəsidirsə onun əsərlərini tərifləyir, başqasınınkını heç edir, ya da görməzdən gəlir.

Ədəbiyyat bu qalmaqallardan, tanışlıqlar kölgəsindən qurtulmalıdır, qurumlar arası savaş kimi xırdalıqdan bütün bir ədəbiyyat səviyyəsinə qalxmalıdır.

Hansı yazıçının tutduğu mövqe kiminsə xoşuna gəlməyə bilər, bu qurumların savaşına deyil, yanaşmalarımızın dartışılıb təhlil olunmasına yol açmalıdır.

Ədəbiyat savaşlarda yox, dartışmalarda yaranmalıdır.

BU GÜN “XALQ YAZIÇISI” TİTULU NƏ QƏDƏR BAYAĞI GÖRÜNSƏ DƏ

ədəbi qurumların da bir-biri ilə indiyə qədərki mübarizə forması o qədər lazımsız görünür. Axı ədəbiyyat bu gün kiminsə alternativsiz olması, kiminsə avtoritar olması, ya da yaltaq olması ilə yaranmır. Bu gün yaranan ədəbiyyat yüz il sonrasının tarixiləşən insanının yaşantısıdır.

Kim bunu anlamırsa, o tarixdə də yerini almayacaq. Buraxın, qoy sizin əvəzinizə tarix məsələləri cözsün.

Amma bu, susmaq deyil. Susmaq heç bir halda qızıl deyil.

Məsələn, bu gün Anarın sağ ikən özünü tarixə çevirməsi dilə gətirilməlidir, Elçinin bu gün cəmiyyətə üstdən aşağı metastaz vermiş xərcəng kimi saran yalanda iştirak etməsi, Əkrəm Əylislinin, heç də düşündüyü kimi xora qarışmayan sol olmadığını hər kəs deməlidir.

AYB-yə üzv olan mütləq olaraq Anarı tərifləyib AYO-çunu tənqid etməməlidir. Ya da AYO-nun AYB-yə olan kininin miqyasını elə AYO-çu müəyyən etməlidir.

Məsələn” Alatoran” dərgisinin üz qapağında

”AYB ÜZVLƏRİNİN MÜRACİƏT ETMƏMƏSİ XAHİŞ OLUNUR”

avtoriratar tipli qeydin lazımsızlığını bir sıravi AYO-çu dilə gətirmək cəzarətində olmalıdır. Onsuz da “kral toxunulmazdır” tendensiyası cəmiyyətdə kök salaraq bu gün yaşadığımız eybəcərliklərin bu qədər qabarıqlaşmasına səbəb olmuşdur.

Bunun sökülüb atılmasını, yanaşma və dünyagörüşümüzün təzələnməsinı, kralın üzünə kimsə ağ ola bilməz düşüncə tərzinin dəyişməsinı, cəmiyyətdə daşlaşmış “ağalar və aşağılar” yaşam tərzinin yanaşma və yaşantımızdan sıxışdırılıb çıxarılmasını bəlkə elə ədəbiyyatdan başlasaq...

Bəlkə yazarlar cəmiyyətimizə nümunə olsunlar, AYB-dən biri çıxıb Anarın bu günkü susmaq fəlsəfəsini yararsız hesab etdiyini söyləsin, yaxud da AYO-dan biri məsələn, elə yuxarıda qeyd etdiyim yazının avtoritarlıq qoxuduğunu sədrinə söyləsin. Ya da eyni qurumdan olan biri o qurumdan olub zəif əsər çap etmiş birinin yazısının zəif olduğunu söyləsin. Açıq, cəsarətlə, cəkinmədən, sakit, iddiasız...Sağlam, səviyyəli yanaşma bu deyilmi?!

Hər gün internetdən oxuduğumuz dünya yazarlarının müsahibələrindəki sakitlik, özünə münasibətdəki təvəzökarlıq, sadə yanaşmalar, özünü dünyanın dahisi deyil, onun bir parçası kimi hiss etmələr bizim ədəbiyyatda, yazarlarımızın psixologiyasında hakim olmayınca yəqin ki, biz bu dünyanın bir parçası ola bilməyəcəyik.

Ən azından biz siyasətdə “diş qıcımanın” nəticəsində bir ölkənin dünyadan tədric olunma təcrübəsini yaşayırıq...

Niyə bu təcrübədən ibrət götürməyək?!...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG