Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:21
Parlamentdə qadın deputatların sayının artması qadınların problemlərinin həllinə bir açardır. Gender məsələləri üzrə mütəxəssislər bu fikirdədirlər.

ÖLKƏ ÜZRƏ 51 FAİZ, PARLAMENTDƏ 14 NƏFƏR

Parlament seçkiləri yaxınlaşdıqca Azərbaycan parlamentində qadın millət vəkillərinin sayı məsələsi yenə aktuallaşır. İndi parlamentin 125 üzvündən yalnız 14-ü qadındır.

Azərbaycan parlamentinin qadın millət vəkilindən biri, Gültəkin Hacıbəyli deyir ki, noyabrda keçiriləcək parlament seçkilərində bu məsələyə diqqət yetirmək lazımdır:

«Mən hesab edirəm ki, Azərbaycan parlamentində qadınlar daha çox təmsil olunmalıdır. Azərbaycan qadını səviyyəsinə, vərdişlərinə, biliklərinə görə, kişilərdən geri qalmır, bir çox göstəricilərinə görə, kişilərlə bərabərdir, bəzi sahələrdə isə üstündürlər. Ona görə qadınların daha geniş təmsil olunmağa haqqı var. Nəinki parlamentdə, bütün dövlət orqanlarında. Ədalətli təmsilçilikdən danışırıqsa, cəmiyyətin 51 faizini təmsil edən qadınlar daha çox təmsil olunmalıdır. Buna görə də fəallıq artırılmalıdır».

Gültəkin Hacıbəyli növbəti parlament seçkisində də öz namizədliyini irəli sürməyə hazırlaşır.

QADIN NAMİZƏDƏ GÜZƏŞTƏ GETMƏYƏN KİŞİLƏR...

Parlamentə namizədliyini verməyə hazırlaşan başqa bir qadın siyasətçi isə Azərbaycan Xalq Cəbhəsi Partiyasında Ali Məclis sədrinin müavini Gözəl Bayramlıdır. O, 2005-ci il parlament seçkisində namizədliyini irəli sürmək istəsə də, ona kişi namizəd mane olub. Elə indi də bu problem var:

Parlamentdə qadın deputatların sayının artması qadınların problemlərinin həllinə bir açardır
«Problem ondan ibarətdir ki, müxalifət partiyasından olan kişi namizəd mənim namizədliyimi irəli sürdüyüm dairədən namizədliyini verir. Qadın namizədə də heç vaxt güzəştə getmirlər. 2005-ci ildə də elə bu məsələyə görə namizədliyimi geri götürmüşdüm».

Ancaq Gözəl Bayramlı deyir ki, bu dəfə geri çəkilmək fikri yoxdur. Deyir, qoy bu dəfə kişi namizəd geri çəkilsin...

Gözəl Bayramlı hesab edir ki, parlamentdə qadınların çox sayda təmsil olunmaları məsələsinə siyasi partiya rəhbərliyi xüsusi diqqət yetirməlidir.

QADINLAR DÖVLƏT İŞİNƏ GƏLƏNDƏ...

Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya, Hüquq İnstitutunun şöbə müdiri, genderşünas Əli Abbasov isə deyir ki, qadınlar gərək istənilən işdə qadın obrazlarını itirməsinlər:

«Qadınların çoxu özlərini dövlət orqanlarında kişi kimi aparırlar. Əsas odur ki, qadınlar qadın problemləri ilə məşğul olsunlar. Parlamentə, dövlət orqanına qadın obrazını gətirsinlər. Bu, zəifdir, nəinki Azərbaycanda, bütün dünyada. Qadınlar dövlət işinə gələndə özlərini kişi kimi aparırlar, başlayırlar güc göstərməyə. Burada böyük inkişaf olmalıdır».

Əli Abbasovun fikrincə, problemlərin aradan qaldırılmasında təhsilin, tədrisin böyük rolu var, bu sahədə inkişafı artırmaq lazımdır.

Mayın 24-25-də Bakıda Avropa Şurasının gender bərabərliyinə həsr edilmiş konfransı keçirilir. Elə bu konfrans da araşdırır ki, qadınların parlamentdə rolunun artırılmasına nə mane olur.

Şərhləri göstər

XS
SM
MD
LG