Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:10

«Azərbaycanda qadın futbolunun gələcəyi yoxdur»


Azərbaycanda qadın futbolu sovet dövründə də olub
Azərbaycanda qadın futbolu sovet dövründə də olub
Həmişə kişi futbolçuların top qovduğu stadiona hay-küyü bu dəfə qızlar salmışdılar. Top zərbələrindən bərkimiş ayaqlar, qan-tər içində olan sifətlər, təngnəfəs «topu mənə at» qışqırtıları xanımlara aid idi.

Azərbaycanda qadın futbolu sovet dövründə də olub. 80-ci illərdə SSRİ-də yaradılan qadınlar arasındakı futbol komandası içərisində Azərbaycanın qadınlardan ibarət «Bakılı» futbol klubu, futbolsevərlər arasında İradə Quliyeva, Mehparə Əliyeva adlı tanınmış qadın futbolçular vardı. Futbol mütəxəssisləri deyirlər ki, Azərbaycanda qadın futbolçu yetişdirmək elə də asan deyil. Çox vaxt ailələr «kişi işidir» deyib qızlarının futbol oynamasına mane olurlar.

QURBAN OLUM, BAŞINA DÖNÜMLƏ YOLA GƏTİRDİM

«Mən həmişə həyətdə oğlanlarla futbol oynayırdım. Mənə dedilər ki, Aygün, futbol komandası var. 6-7 ilin söhbətidir. Getdim gördüm, qızlar futbol oynayırlar. Əvvəl inanmırdım, eşidəndə ki, qız futbolu var, bilirsiz necə sevindim? Burda oynadım, başqa klublarda oynadım. Bir müddət anam məni futbol oynamağa qoymurdu, məşqdən gec gəlirdim, ona görə. Bir ara paltarlarımı yığmışdı ki, yandırıram. Qurban olum, başına dönümlə yola gətirdim. Mən futbolu seçmişəm...».

Neçə il əvvəl anasını yola gətirən Ayğün Qırxlarova indi futbol üzrə Azərbaycan yığma komandasının üzvüdür. Azərbaycanda qadın futbolunu inkişaf etdirmək isə son bir neçə ildə mümkün olub. Bu sahənin irəliləməsi üçün isə müxtəlif illərdə müxtəlif cəhdlər olub. Bir müddət hətta Azərbaycan Qadın Futbol Federasiyası deyilən bir qurum da var idi. Bu ilin martında isə AFFA-nın İcraiyyə Komitəsi federasiyanı ləğv edib. AFFA-nın baş katibi Elxan Məmmədovun verdiyi məlumata görə, buna səbəb federasiyanın fəaliyyətinin qənaətbəxş olmaması olub. Bunun əvəzində isə AFFA-nın nəzdində Qadın Futbol Komitəsi yaradılacaq.

Belə fikirləşənlər də var ki, bütün cəhdlər əbəsdir, Azərbaycanda qadından futbolçu olmaz. Qadın futbolunun inkişafına inanmayanlardan biri də kiçik yaşlı oğlanlarla məşqçilik edən Seymur Ağayevdir. O deyir ki, qadın futbolunun əleyhinə deyil, ancaq bunun perspektivini görmür. Seymur Ağayev qızları hazırlaşdırmağın çətin olduğunu deyir:

Ayğün Qırxlarova: «Bir müddət anam məni futbol oynamağa qoymurdu»
ONLARDA QADIN FUTBOLÇULAR BİZİM KİŞİ FUTBOLÇULARDAN GÜCLÜDÜR

«Mən «Eurosport»da oyuna baxırdım, Almaniya ilə Danimarka oynayırdı. 10 dəqiqə baxırdım, elə bilirdim kişilər oynayır. Sonra gördüm ki, qadınlar oynayır. Onlarda qadın futbolçular bizim kişi futbolçulardan güclüdür. Məncə, Azərbaycanda qadın futbolunun gələcəyi yoxdur».

Ancaq hamı belə düşünmür. Vaxtilə özü futbolçu olmuş Kəmalə İbadullayeva qızları kiçik yaşlarından futbola cəlb etmək üçün məktəblilər arasında yarışların keçirilməsini vacib sayır:

«Məqsəd odur ki, məktəblər arasında yarışlar təşkil edək, onların arasından qızları seçək. Bu olmasa, inkişaf olmaz».

AFFA-nın məlumatına görə, bu maydan başlayaraq Bakıda və Sumqayıtda məktəbli qızlar arasında yarışlar keçirilib, qızların seçim günləri təşkil olunub. İlk seleksiya Bakıda keçirilib. Bakıdakı seçimdə 1995-1996-cı il təvəllüdlü 70 nəfərə yaxın qız iştirak edib. Lənkəranda isə 11-15 yaşlı 52 qız arasında belə seçim aparılıb. Seçimlərdə qadınlardan ibarət milli komandanın baş məşqçisi Şamil Heydərov, FİFA-nın Qadın Futbol Komitəsinin nümayəndəsi Mişel Koks da iştirak edib.

ƏSAS ODUR Kİ, TURNİRLƏR SIX KEÇİRİLSİN

Mütəxəssislər hazırda yerli klublar arasında ölkə çempionatının keçirilməməsini də qadın futbolunun inkişafında əsas əngəl kimi qiymətləndirirlər. Beynəlxalq dərəcəli futbol hakimi Venera Muradova deyir ki, qızların püxtələşməsi üçün oyunlar tez-tez keçirilməlidir:

«Qadın futbolu üçün həm də fanat olmaq lazımdır. Əsas praktikadır, məşqlərin nəticəsi oyundur. Əsas odur ki, turnirlər sıx keçirilsin».

Rəyini soruşduğum bir neçə Bakı sakini isə Azərbaycanda qadın futbolunun perspektivi haqqında belə düşünür:

PUL OLSA, QADIN FUTBOLU İNKİŞAF EDƏR

- Həmişə futbolu oğlanlar oynayıb. İndi qızlar da oynayır. Çox maraqlıdır. Mən qızımın futbolçu olmasını istəyərəm.

- Xaricdə bu mümkündür, ancaq bizdə qadın futbolunun inkişafına inanmıram.

- Qadınlar dözümlü olur. Məncə, bacararlar. Ancaq pul lazımdır. Pul olsa, qadın futbolu inkişaf edər.

«İstəyərəm ki, stadion dolu olsun»
- Məncə legioner lazımdır, hər komanda bir-iki legioner götürsə, yaxşı olar. Çox çalışmaq lazımdır.

- Yaxşı baza, yaxşı sponsorlar lazımdır.

- Məncə, bizdə qadın futbolu çox zəifdir.

- Çox işləsələr, irəliləyiş olacaq.

- Oğlanlar futbolçu doğulur, qızlarda isə başqa cürdür, ancaq inkişaf etdirmək olar.

- Çox əziyyət çəkmək lazımdır. İşləmək, işləmək, işləmək…İşlədinsə oynayacaqsan, işləməsən bu qeyri-mümkündür...

Qadınlar üzrə futbol yığmasının üzvü Ayğün Qırxlarova isə Azərbaycanda qadın futbolunun inkişaf edəcəyinə, yaxşı futbolçuların yetişəcəyinə inanır:

…ONDA ADAM ÜRƏKLƏ OYNAYIR

«Daha çox başla qol vurmağı sevirəm. Bir də yadımda zədəli ayağımla Almaniya komandasının qapısına qol vurmağım qalıb. İstəyərəm ki, Azərbaycanda futbol çox inkişaf etsin, stadion dolu olsun, bunu çox istəyirəm, onda adam ürəklə oynayır».

Azərbaycanın qadınlardan ibarət futbol yığması ilk dəfə 2006-cı ilin noyabrında Avropa Çempionatının seçmə turnirinə qatılıb. Bundan sonra bir neçə beynəlxalq turnirlərdə iştirak edib və belə turnirlərə ev sahibliyi edib. 2012-ci ildə isə Bakıda 17 yaşa qədər qızlardan ibarət komandalar arasında Dünya Çempionatının keçirilməsi planlaşdırılır.

FİFA-nın reytinq cədvəlində isə Azərbaycanın qadınlardan ibarət yığma komandası 1380 xalla 105 ölkə arasında 59-cu yerdədir. FİFA-nın reytinq cədvəlinə isə 2227 xalla ABŞ yığması liderlik edir. Almaniya millisi ikinci, Braziliya yığması isə üçüncü yerdədir.
XS
SM
MD
LG