Keçid linkləri

Təcili xəbərlər

“Bavariya”dan “İnter”ə transfer


Çempionlar liqasının ən əsas qalibi Joze Maurinyo finaldan dərhal sonra deyib ki, "İnter"i tərk etmək ehtimalları böyükdür
Çempionlar liqasının ən əsas qalibi Joze Maurinyo finaldan dərhal sonra deyib ki, "İnter"i tərk etmək ehtimalları böyükdür

Milyonlarla azarkeşin səbrsizliklə gözlədiyi Çempiuonlar liqasının finalı geridə qaldı. Münhenin “Bavariya” klubuna 2-0 hesabı ilə qalib gələn Milanın “İnter” komandası Avropanın ən güclü klubu adını qazandı.

İtaliya klubunun argentinalı hücumşusu Dieqo Milito oyunun 35 və 70-ci dəqiqələrində almanların qapısına bir-birindən gözəl iki top keçirərək bu futbol bayramının ikinci qəhərəmanı oldu.

Niyə ikinci?

Çünki “İnter”in məşqçisi Joze Maurinyonun xarizmasını kölgədə qoymaq üçün ona 2 deyil, bəlkə də heç 20 top belə kömək etməzdi.


Maurinyo və Robben vaxtilə "Çelsi"də bir yerdə olublar. Mayın 22-də onlar rəqib kimi görüşüb, köhnə dost kimi aralaşırlar
İtalyanları bəyənməyən o qədər tanışım var ki, “İnter”ə məhz Maurinyoyaya görə azarkeşlik edir.

BİRİNCİ KİM QOL VURSA, ONUN TƏRƏFİNDƏYƏM

Futbol yarışında qəlbən bağlandığın komanda yoxdursa, “azar”ının hansı tərəfə “keş” etməsini bəzən təsadüflər müəyyən edir. Simpatiyasını müəyyənləşdirməyən azarkeş isə, adətən belə deyir: “Birinci kim qol vursa, ona da azarkeşlik edəcəyəm”…

DİLİM-DİLİM OLASAN, DİLİM!

Amma, başqa təsadüflər də olur. Məsələn, bir dəfə şeytan dilimdən dartıb kütləvi yerdə böyük-böyük demişdim ki, Türkiyə növbəti oyunu Çexiyaya uduzacaq. Bilmirəm hardansa kor tikan kimi ağlıma batmışdı ki, Piter Çexə qol vurmaq mümkün deyil. Sonra, Türkiyə-Çexiya oyunun gedişində bir də ayıldım ki, Türkiyə qol vurur, amma mən – heç məndən çıxmayan iş - qətiyyən sevinmirəm. Xüdpəsənliyin gücünə bir bax!

Deyirlər, ən ağır yalan adamın öz-özünü aldatmasıdır. Utancaqlıq da eləcə - özündən utanmaqdan şiddətli həya sınağı tapa bilməzsən. Bəlkə də öz qapısına qol vuran oyunçudan da çox xəcalət çəkirsən.

2 DƏNƏ “ƏLQƏRƏZ”

Dieqo Militonun qol sevinci
Əlqərəz, dünən axşam mən oyunun 63-cü dəqiqəsinə qədər ”Bavariya”nın qələbəsini arzulayırdım.

Əvvəla ona görə ki, ən çox antipatiyam olan oyunçu Marko Materassi “İnter”də oynayırdı. Yəqin onun Zinədin Zidanla münaqişəsi yadınızdadı, ona görə.

İkincisi isə, “Bavariya”nın heyətində meydana Altıntop çıxmışdı. Varam da bu Türkiyəli oyunçuya! Elə dünən də, adamın üstündə Allahı var, çox gözəl oynayırdı. Necə deyərlər, at kimi işləyirdi, müdafiə demirdi, hücum demirdi, hara baxırdın – orda idi. Onun ötürmələri isə əsl sənət əsəri idi – yığırdı başına rəqib komandasının yarısını, aparırdı meydanın bir başına, sonra da ötürürdü topu meydanın o biri başına. Ondan topu alan komanda yoldaşının 15 metr radiusunda bir dənə də müdafiəçi olmurdu.

Burada daha bir “əlqərəz” deyib keçirəm mətləbə…

“BAVARİYA”DAN “İNTERƏ” TRANSFER

Oyunun 63-cü dəqiqəsində həmin bu Altıntopu əvəz elədilər.

Hə, bax həmin andan mənim tərəfkeşliyim “Bavariya”dan transfer elədi “İnter”ə. Daha Marko Materassı, onu kəllləliyən Zidan yadıma belə düşmürdülər.

Bu fanatlar tərəf dəyişən azarkeşlərə oxşamırlar
Fikirləşirdim, kaş ki, “İnter” udaydı. Əminiydim ki, belə olan təqdirdə qəzəbli almanlar biçarə Luis müəllim van Qalın başında Altintopa qollu-budaqlı bir QƏDİR AĞACI əkəcəkdilər…


ADAMIN ÖZ KOMANDASI OLMAYANDA

Deyirəm, adamın öz komandası olmayanda başına nə qəribə fikirlər gəlir…

Beləcə, deyəsən qarğısım tutdu “Bavariyan”ı. Heç bilmirəm kim daha çox layiq idi qələbəyə - oyunu əks-hüçum üzərində quran “İnter”, yoxsa total futbol oynayan “Bavariya”

Siz neçə, Militonun ikinci qolunu bəyəndiniz? Maurinyonun taktikasını necə? Siz kimin tərəfindəydiniz? Bilmək olarmı, nəyə görə? Burada offsayd-zad yoxdur, yazın gəlsin…

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG