Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:20

Müsavat mitinqi niyə təxirə saldı?


Müsavatın 14 aprel aksiyası
Müsavatın 14 aprel aksiyası
«MÜSAVATIN DEDİYİ DAHA ÇOX BƏHANƏYƏ BƏNZƏYİR»

Müsavat Partiyası və onun müttəfiqi olan Demokratiya Uğrunda İttifaq mayın 21-nə təyin olunmuş mitinqi təxirə saldı. Bununla da birgə aksiya keçirmək yönündə məsləhətləşmələr apardıqları başqa müttəfiqlərinin də ürəyinə şübhə saldı. Çünki müttəfiqləri Müsavat rəhbərliyinin açıqlamasını, yəni aksiyanı Kürqırağı bölgədəki təbii fəlakətə görə təxirə salmaları haqda bəyanatını yetərli saymadılar.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlıya görə, partiyanın izahatı uğurlu deyil. Müsavat sadəcə mitinqə hazır olmadığı üçün belə bəyanat verib:

«Çünki təbii fəlakətin baş verməsinin arxasında Azərbaycan hakimiyyətinin korrupsioner fəaliyyəti durur. Prezidentin vaxtında tədbirlər görməməsi nəticəsində bu fəlakət meydana çıxıb. Bu baxımdan kütləvi aksiya elə hakimiyyətə növbəti etiraz üçün zəminiydi. Odur ki, mitinqin təxirə salınmasında təbii fəlakətin əsas götürülməsi inandırıcı deyil. Daha çox bəhanəyə oxşayır.
Fuad Qəhrəmanlı
Müsavat hazır deyilsə, başqa izahat tapsaydı daha uğurlu olardı…».

Fuad Qəhrəmanlıya görə, Müsavat Partiyası bəlkə də AXCP-nin də təmsil olunduğu, aparıcı müxalifət partiyalarının yaratdığı «Azadlıq» blokunun ötən həftə keçirdiyi icazəsiz aksiyadan, həbslərdən sonra ehtiyatlanıb. Çoxsaylı insanların iştirakı ilə aksiya keçirə bilməməkdən çəkinib.

«AZADLIQ»DAN DA ARTIĞINI KEÇİRMƏYƏ HAZIRIQ»

Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu isə deyilənlərlə razılaşmır:

«Biz o aksiyanı yüksək qiymətləndiririk. Amma günün istənilən saatında, istənilən yerdə ondan da yüksək kütləvi aksiya keçirmək imkanımız var. Bu arqumenti yetərli saymıram».

O ki qaldı, müttəfiqlərinin başqa iradlarına, Mehman Cavadoğlu deyir ki, Müsavat Partiyası dəfələrlə təbii fəlakətlə bağlı mövqeyini açıqlayıb və bunun günahkarının hakimiyyət olduğunu bəyan edib:

«Söhbət yaranmış vəziyyətdən gedir, kəndləri su basıb, adamlar evsiz-eşiksiz qalıb. Faciənin miqyası gün-gündən artır ki, azalmır. Təbii ki, iqtidardan bunun haqq-hesabı çəkiləcək, növbəti aksiyalarda tələb olunacaq. Amma biz əhalinin maraqlarını nəzərə alıb müvəqqəti olaraq aksiyanı təxirə salmışıq».

Mehman Cavadoğlu
Mehman Cavadoğlu dəfələrlə vurğuladı ki, mitinq müvəqqəti təxirə salınıb. Aksiyanı nə gec, nə tez iyunun əvvəlində keçirməyi planlaşdırırlar.

Müxalifət partiyalarından fərqli olaraq hakim YAP-dan olan, parlamentin vitse-spikeri Bahar Muradova isə Müsavatın bu addımını normal qiymətləndirir:

«Ölkənin bütün müvafiq strukturlarının, vətəndaşlarının narahatlıq və nigarançılıq keçirdiyi, böyük səfərbərlik elan olunduğu vaxtda bu addımın atılması normaldır. Gözlənən də odur ki, başqa partiyalar da belə addım atsınlar. Onun qınanmasına gəlincə, mən bunu düz saymıram…».

TƏƏCCÜBLƏNDİRƏN FORMA

Bakı şəhər İcra Hakimiyyəti Müsavatın şəhər mərkəzində aksiya keçirmək müraciətinə rədd cavabı verərək, paytaxtın kənarlarında mitinqə yer ayırmışdı. Amma partiya rəhbərliyi məhz şəhər mərkəzində aksiya keçirəcəyini bəyan etsə də, bir gün sonra mitinqi təxirə saldı.

Danışdığım siyasi ekspertlərsə partiyanın qəfil fikir dəyişdirməsini təbii fəlakətlə bağlamırlar.
«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov deyir ki, Müsavatın son addımına qiymət vermək istəmir. Çünki hər bir partiyanın taktiki və strateji addımları ola bilər:

Ərəstun Oruclu
«Amma məni təəccübləndirən formadır. Bu fəlakət üç həftədir davam edir. Müsavat mitinqlə bağlı təbii fəlakət baş verəndən sonra müraciət etmişdi. Elə izahat vermək lazımdır ki, az da olsa cəmiyyəti inandırsın».

BƏRAƏT QAZANDIRAN FORMA

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyir ki, Müsavat ya həqiqətən mitinqə hazırlaşa bilməyib, ya da həqiqətən hakimiyyətin ona qarşı quracağı təbliğatdan çəkinib:

«Partiya hesab eləyə bilərdi ki, hakimiyyət bundan istifadə edəcək. Təbliğat aparacaq ki, insanların əziyyət çəkdiyi, hakimiyyətin başı bu fəlakətin nəticələrini aradan qaldırmağa yönəldiyi vaxtda xarici qüvvələrin dəstəyilə ölkədə siyasi vəziyyəti qarışdırmağa çalışırlar. Məncə, bu cür təbliğatdan çəkindilər. Ehtiyat məsələsidir. Buna haqq qazandırmaq olar».

YENƏ DƏ MƏSLƏHƏTLƏŞİRLƏR?

Müsavat indilik mitinqi təxirə salsa da, gələcəkdə «Azadlıq» bloku ilə birgə aksiya keçirmək və ümumiyyətlə, seçkilərə birgə getmək yönündə məsləhətləşmələri davam etdirir.

Bunu həm Müsavat başqanının müavini Mehman Cavadoğlu, həm də AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyir. Və təşəbbüsün müsbət nəticələnəcəyinə ümidləri var.
XS
SM
MD
LG