Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:06
Azadlıq radiosu:

- Qonağımız Bərham Bağırzadədir. Bakının hazırcavab və şən oğlanlarından biri. Necəsiniz Bəhram bəy?

Bəhram Bağırzadə:

- Bəli Bəhram Bağırzadədir İşdən sonra verilişinin qonağı. Hamınızı salamlayıram və hamınıza öz tərəfimdən səbir diləyirəm.

Azadlıq radiosu:

- Artıq bir dinləyici yazır, sizcə bizim cəmiyyət bu günki gündə ürəkdən gülə bilirmi və ya bunu bacarırmı?

Bəhram Bağırzadə:

- Gülənlər gülür, ağlayanlar ağlayır, kövrələnlər kövrəlir. Dəqiq deyə bilmərəm. Statistika yoxdur məndə, amma gülənlərin də sayı çoxdur ağlayanların da sayı çoxdur. Mən düşünürəm ki, ürəkdən gülən çox azdır. Gülürlər, Şamaxılarda belə söz var, yola verirlər, hiss edirəm bunu konsertlərimizdə, çıxışlarımızda. İldən ilə tamaşaçılarımız çox dəyişib. Mənim yadımdadır 90 – cı illərin əvvəllərində sovet təzə dağılmışdı, intellektual səviyyəsi çox olan insanlar var idi. Çoxları indi dünyasını dəyişib, çoxları Azərbaycan respublikasını tərk edib. Çoxları o tamaşalara gələ bilmirlər, çünki imkanları yoxdur bilet əldə etsinlər. İldən ilə artıq 18- 19 ildir ki səhnədəyəm, ildən ilə görürəm ki, tamaşaçılar zəifləyir və gülüş də həmin gülüş deyil. İnsanlarımız ürəklə gülmürlər.

Azadlıq radiosu:

- Səbəb nədir, sosial problemlərdir?

Bəhram Bağırzadə:


- İqtisadi problemlər, sosial problemlər, ictimai problemlər. Ürək açan şeylər azdır. Mən təsəvvür edə bilmirəm necə o insanlar, əgər biz deyiriksə ki, bizdə 2 milyon, 3 milyon qaçqın var Ermənistandan və Qarabağdan, onlar necə ürəkdən gülə bilərlər, axı onların fikri – zikri öz torpaqlarındadır. Onlar ümidlə yaşayırlar ki, nə vaxtsa qayıtsınlar. O insan hansı ki, torpağını itirib, evini itirib, qohum əqrəbası, yaxınları həlak olub, o ürəkdən gülə bilməz.

Azadlıq radiosu:

- Bəs yerdə qalanlar?

Bəhram Bağırzadə:

- Yerdə qalanlar Sabirabaddı ki, minlərlə ev qalıb su altında. Həmin o insan bu böyüklükdə problemlə üzləşib ürəkdən gülə bilməz.

Azadlıq radiosu:

- Bəs dünən necə, evini su basana qədər ürəkdən gülə bilərdi?

Bəhram Bağırzadə:

- Əgər o buna qədər gülübsə və bu vaxta kimi iş görülməyibsə məncə elə o gülə - gülə gəlib ki, bu vəziyyətə düşüb. Bu həqiqətdir, mən buna gülmürəm. Bu bizim ümumi problemimizdir. Başımıza belə işlər gəlirsə deməli bununla mübarizə aparmaq lazımdır. Mən düşünürəm ki, hər bir problemin arxasında imansızlıqdır və inamsızlıqdır. Əgər bir hədis var ki, peyğəmbərimizin yanına bir nəfər yaxınlaşır ki, çox narahatam, çoxdandır xəstələnmirəm. Yəqin Allah məni yaddan çıxardıb. Doğrudan da əgər bir insan gec xəstələnirsə düşünür ki, yəqin böyük günahı var, Allah ona xəstəlik göndərmir. Əgər insan xəstəliyə tutulursa, müəyyən qrip, və yaxud Allah hamımızın xəstəliyini yüngül etsin, İslamda belə bir şey var, Kafara deyirlər, yəni insan öz günahlarını xəstəliyi ilə yuyur. Allah o xəstəliyi yuyur. Allah bizi böyük xəstəliklərdən uzaq etsin. Problemlər də yarananda ətrafda, başqa yerdə problem axtarmaq lazım deyil. Özümüzdə axtarmaq lazımdır ki, biz nə günah etmişik ki, Allah qarşısında ki, bu gün o əzab əziyyəti çəkirik. Və mənə elə gəlir ki, Allah keçsin günahımdan bəlkə nəyisə düz demirəm, məndə bir problem olanda həyatımda məişət problemi, iqtisadi və yaxud nəsə baş verəndə və ya xəstələnəndə birinci onun günahını özümdə axtarıram ki, niyə bu iş mənim başıma gəldi. Niyə bu problemə qlobal və yaxud kiçik problemə düşmüşəm. Çalışıram Allaha dua edə - edə bu məni həyatda rəndələyir və çalışıram ki, o səhvləri təkrar etməyim.

Azadlıq radiosu:

- O baxımdan Allahın yadına tez –tez düşürsünüz ya tez- tez çırxırsınız?

Bəhram Bağırzadə:

- Elə bir gün yoxdur ki, mən Allahı yada salmayım, hətta bir saatlıq vaxt verilib bizə efir vaxtı mən danışa – danışa zikr edirəm Allaha və Allahdan izn istəyirəm ki, Allah mənə bu nəfəsi verib, bu gücü verib, bu cismi verib, bu diafraqmanı verib, orqanizmi verib ki, mən bu gün Azadlıq radiosunda çıxış edirəm və Allah mənə şərait yaradıb ki, mən bu gün ürəyimi dinləyicilərimə açım, indi yüz min, otuz min, üç nəfər kim dinləyirsə, ona görə mən qabaqcadan üzr istədim sizin dinləyicilərdən və hamısına səbir arzu etdim ki, bir saatlıq vaxtı, zamanı bizə Allah bərəkət kimi verib və bu bərəkəti səmərəli keçirmək lazımdır. Mən bir saat yalan danışa bilərəm burada, o insanlar o vaxtı elmlə də məşğul ola bilərdi və yaxud hansı bir iş görüb, çörək qazana bilər, ruzi bərəkət qazana bilər axı bu vaxtı səmərəsiz keçirmək olmaz.

Azadlıq radiosu:

- Səmərəsiz vaxt keçirirlər demək istəyirsiniz?

Bəhram Bağırzadə:

- Ola bilsin kompüter qarşısında iş görürlər, ruzi qazanırlar və mənə qulaq asırlar və mən düzgün məlumat pasını verməliyəm ki, onlar özlərinə nəsə götürsünlər. Bu ibrət dərsi deyil. Mənim həyatdakı olan mövqeyim və fikirlərimdir. Ola bilsin mən də Allahın bəndəsiyəm, sizin kimi insanam səhv də buraxa bilərəm. Amma ən əsası odur ki, mən bu gün səmimiyəm və öz millətimi, öz xalqımla və mənə qulaq asanlarla çox səmimi olmaq istəyirəm və düzgün olmaq istəyirəm. Niyə? Əgər bu gün mən yalan danışsam o dünyada suallar veriləcək mənə ki, sənə o vaxt imkan verilmişdi Azadlıq radiosunda ünsiyyətdə olmaq öz dinləyicilərinlə niyə o vaxt sən yalan danışdın.

Azadlıq radiosu:

- Böyük günahlarınız varmı? Efirdə etiraf edəsiniz ki, mən burada səhv etmişəm?

Bəhram Bağırzadə:

- Bilirsiniz, səhvlərim çox olub. Normal insanam. Səhv etməyən insan mümkün deyil.

Azadlıq radiosu:

- Sırf özünüzlə bağlı

Bəhram Bağırzadə:

- Gənc illərimdə olub ki, Sovet ittifaqında, məkanında böyüyən insan olmuşam. O səhvləri mənim rəhmətlik atam da görüb, babam da. Mən onları görə - görə gəlmişəm, elə bilmişik ki, belə də olmalıdır. İndi eşidirik, oxuyuruq, elmə qovuşuruq, Quranı və hədisləri. Başa düşürük ki, onlar kişi xeylağına, müsəlmana, inan onlardan uzaq olmalıdır. İndi Allahın rəhmi gəlib bizə, o şeylərdən uzaqlaşmışıq.

Azadlıq radiosu:

- Nədən uzaqlaşmısınız?

Bəhram Bağırzadə:

- Ən birinci ruslar demişkən, heç kim məndən inciməsin. Kimsə başqa yol seçib özünə mən bu yolu seçdim. Ən birinci içkidən uzaqlaşmışam. Artıq aprelin altısı 11 il oldu ki, mən imtina etmişəm. İçki olanda insanlar çoxlu səhvlər buraxır, günahlara batır. Birinci içkini qəbul etmək mənim aləmimdə, yenə deyirəm öz payıma səhv idi. Mən gərək bunu etməyəydim. Amma məktəbi qurtardım 89 – cu ildə və düz 10 il ərzində spirtli içki qəbul etdim. İndi başa düşürəm ki, əgər o vaxt indiki ağlım, o illər olsaydı heç vaxt bunu etməzdim. Və yaxud siqaret. Bu yaxınlarda mən siqaretdən qurtardım, canımı qurtardım. Çoxları deyir ki, Bəhram təbrik edirəm siqareti atmısan deyirəm xeyir mən siqareti atmamışam mən siqaretdən canımı qurtarmışam. Günahlardan biridir.

Azadlıq radiosu:

- Yaxşı onlar aydındır. İslamda var ki, haram tikə də yemək olmaz. Buna nə dərəcədə əməl etmək mümkündür bu gün Azərbaycan reallığında.

Bəhram Bağırzadə:

- Yenə deyirəm, öz adımdan danışıram. Allah Quranda buyurub ki, axirət günü, mən əsaslanıram Qurana və Azərbaycan respublikasının konstitusiyasına. Allah buyurub ki, hər kəs bu dünyada özünə cavabdehdir. Ana ataya, oğul da ataya hamımız özümüzə görə cavab verəcəyik. Ona görə də mən bu gün öz adımdan danışacağam. Əgər pul qazanırsansa, çörək pulu qazanırsansa, bərəkət qazanırsansa halallıqla qazanmaq lazımdır. Halalı harama, haramı halala qatmaq olmaz. Kim bunu edirsə onlar ona görə cavab verəcəklər. Çoxları bəlkə də bu dünyada cavab verəcəklər. Ona görə də hər bir müsəlman dua edir. Gündə beş dəfə namaz qılanda, axşam üstü yatmamışdan qabaq dua edir ki, əgər Allah mənim günahlarım bu dünyada varsa onun cəzasını bu dünyada ver və axirət gününə saxlama. Çünki axirət günündə o günahların cəzası daha da ağır, daha da şiddətli olacaq. Ona görə ki, onun elə bil ki o səhvlərin o günahların bu dünyada versin cəzasını o dünyaya saxlamasın. Hal – hazırda çoxdur problemlərimiz. Axşam vaxtı insanlar işdən çıxıb, evə gedir. İstəmirəm ağır mövzulardan danışmaq. Gəlin bir balaca mövzunu dəyişək və çalışaq ki, insanlarımızın əhval – ruhiyyəsini qaldıraq.

Azadlıq radiosu:

- Söhbəti siz yönəltdiniz o istiqamətə biz də davam etdirdik. Müsahibələrinizin birində demisiniz ki, yaşım olanda KVN- dən gedəcəm.

Bəhram Bağırzadə:

- Mən ümumiyyətlə başa düşmürəm, çoxları sual verir ki, KVN - ə gəlmisən, KVN- dən gedirsən və s. KVN bir ictimai təşkilatdı. O iş deyil, peşə deyil. Mən Neftçi deyiləm ki, gedim neft daşlarından neft çıxardım və deyim ki, 40 yaşımda gedəcəm. Və yaxud baleron, rəqqas deyiləm.

Azadlıq radiosu:

- Bu gün Bəhram Bağırzadə nə ilə məşğul olur? Səhv etmirəmsə öz biznesiniz var?

Bəhram Bağırzadə:

- Xeyir, mənim öz biznesim yoxdur. Bu vaxta kimi olmayıb və olmayacaq da. Ona görə ki, mən biznesmen deyiləm, onun üçün də bacarıq lazımdır. Mən yaradıcı insanam, böyük bir şirkətdə işləyirəm. O şirkətin adını çəkmək istəmirəm radio vasitəsilə səhv buraxmaq istəmirəm. Mən özüm də media nümayəndələrindən biriyəm. Bir şirkət, Allah razı olsun o şirkətin müdirimizdən ki, məni işə götürüb. Mən o şirkətin piar meneceriyəm. Bütün reklam işlərinə baxıram. Allah ruzi göndərir mənə və mən oradan maaş alıram. Allah qismət etsə pensiya vaxtına çatsam yəqin ki, pensiyamı oradan alacam.

Azadlıq radiosu:

- Sizə bəs edəcək qədər maaş ala bilirsiniz?

Bəhram Bağırzadə:

- Bəli. Ona görə ki, mənim böyük iddialarım yoxdur. Ali məqsədlərim, çox böyük istəklərim yoxdur.

Azadlıq radiosu:

- Avtomobiliniz var?

Bəhram Bağırzadə:

- Var

Azadlıq radiosu:

- Markası nədir?

Bəhram Bağırzadə:

- Mersedes Benz 98 – ci ilin. Halbuki mən bunu deməməliydim şirkətin adını. Artıq 12 ildir alınıb Almaniyadan. Çox da razıyam fikrim də yoxdur gələcək üç ildə dəyişim.

Azadlıq radiosu:

- Yəqin ki mənziliniz də var? Allah yoxsa özünüz almısınız, atanız alıb, necə? Yəni mən bilmək istəyirəm ki, danışmaq istəmirsiniz.

Bəhram Bağırzadə:

- Mən elə adam deyiləm. Şükür Allaha mənzilim var. Yox idi, indi var.

Azadlıq radiosu:

- Bəhram Bağırzadə deyir ki, həyatından razıdır və bəs edəcək qədər qazana bilir. KVN –dən danışmaq istəmədiniz. Vaxtaşırı çıxış edirsiniz.

Bəhram Bağırzadə:

- Tahir İmanov sağ olsun ki, o Planet Parni iz Baku teatrının rəhbəridir. Hər il məni dəvət edir. Düzdür keçən il çıxa bilmədim müəyyən səbəblərə görə. Bu il dəvət etdi mən çıxış etdim uşaqlarla. Gələn il həm mənim səhnədə olmamın 20 illiyidir, həm də teatrın on illiyidir. Apreldə həm on illik həm iyirmi illiyi qeyd edəcəyik. Çalışacam çıxış edim və bu mürəkkəb günlərdə insanların əhval – ruhiyyəsini qaldırım.

Azadlıq radiosu:

- Söhbətə başlayanda dediniz ki, əvvəlki illərə baxanda tamaşaçının səviyyəsi indi aşağı düşüb.

Bəhram Bağırzadə:

- Bir az yox, əlli faiz.

Azadlıq radiosu:

- Bəlkə təkcə tamaşaçıda günah axtarmaq lazım deyil, ona təqdim olunan da səviyyəli deyil. Səviyyəli ssenaristlər, səviyyəli aktyorlar azdır. Bəlkə problem ondadır?

Bəhram Bağırzadə:

- Problem hamımızdadır. Mən də tamaşaçıyam. Mən də baxıram konsertlərə, tamaşalara. Birinci mən özümdən başlayıram. Ümumiyyətlə hamımızın səviyyəsi düşüb. Nə ilə bağlıdır bilmirəm qlobal şəkildə. Gəncləri götürəndə bilirəm təhsil səviyyəsi azdır. Bir vaxtilə oxumuşuq sovet vaxtında nəsə əldə etmişik. İndikilərsə nə oxumaq istəyir nə elmə qatılmaq istəyir. Ümumiyyətlə indiki gəncləri heç nə maraqlandırmır. Vaxtikən biz Moskva şəhərində Azərbaycanı təmsil etməsəydik, yüksək səviyyəli zarafatlarla, ssenarilərlə sevindirməsəydik öz qələbələrimizlə deyərdim biz bunu bacarmamışıq. Amma biz bunu bacarmışıq axı. Həmin səviyyədə biz tamaşalar qura bilərik. Rüstəm İbrahimbəyov demişkən, deyir İbrus teatrı var, gözəl tamaşaları var. Amma bu tamaşalara yerlərin heç əlli faizini doldura bilmir.

Azadlıq radiosu:

- Siz baxmısınız “ İbrusun” tamaşalarına?

Bəhram Bağırzadə:

- Bəli, mən baxmışam. Mən bu yaxında Azərbaycan dramatik teatrında Hamlet tamaşasına baxmışam Azərpaşa Nemətov tərəfindən qoyulmuş çox böyük, güclü bir quruluş idi və mənə elə gəlir ki, həmin tamaşanı Londonda, İngiltərədə göstərmək olar. Bu yaxınlarda İradə Tağıyevanın tamaşasına baxdım, Rus Dram teatrında Dostoyevskinin “ Karamazov qardaşları” çox böyük tamaşadır. Azərbaycan aktyorları elə oynayırlar Karamazov qardaşlarını ki, mən çox sevinirəm ki, bizdə elə aktyorlar var. Qaldı ki, tamaşalara görürəm ki, tamaşaçı azdır. Hamlet tamaşasında gördüm zalda 40 əyləşən olur, Rus dram teatrında bir 60 faiz, İbrus teatrına 10-15 nəfər gəlir. Bəli, çətindir. Rüstəm İbrahimbəyov deyir ki, bizim qiymətlər o insanların maaşının onuncu hissəsidir. O insan 120 -140 manat maaş alırsa onunçün 15-20 manat bilet almaq çox çətindir. Mən danışmıram bizim Heydər Əliyev adına saraydakı olan konsertlərə. Rus dilli və rus milləti olan Azərbaycan respublikasının vətəndaşları bu yaxınlarda istəyirdilər Rozenbaumun konsertinə getsinlər. 60 maqnatdan 120 manata kimidir biletin qiyməti. Azərbaycanda yaşayan Rus dilli vətəndaş alır qoy olsun 200 manat maaş o necə gedib 60 manata ən ucuz bilet ala bilər. Çətindir, ağırdır. Problem onda da var. Demək ki, səviyyəsi düşüb tamaşaçının o da səbəb deyil. Rozenbaumun konsertinə getmək istəyən var, Tünzalə Ağayevanın da öz publikası var. Mən uşaq vaxtından caz xoşlayan insanam. Cazla maraqlanmışam, Oskar Petersondan tutmuş Bil Evonsa kimi və digər Rafiq Babayevdən tutmuş Vaqif Mustafazadəyə kimi. Amma son illər mən gedə bilmirəm. Çünki biletin qiyməti 150 manatdır. Mən də tək gedə bilmərəm. Xanımla getməliyəm, evdəkilərlə getməliyəm. Mən 300 manata necə alıb bilet gedim. Mən uşaqların boğazından kəsməliyəm, gedib oturum 2 saat caza qulaq asım. Mən o 300 manatı verirəm uşaqlarımın təhsilinə, o pulu verirəm müəllimlərə ki, ingilis, alman dilini öyrətsinlər, riyaziyyat öyrətsinlər ki, gələcəkdə ayağa qalxsınlar. Əgər mən bu məmləkətdə yaşayıramsa mən istəyirəm ki, gələcəkdə mənim övladlarım da bu məmləkətdə yaşasınlar və savadlı, evli vətəndaş olsunlar. Gələcəkdə bu millətə, bu xalqa qulluq etsinlər.

Azadlıq radiosu:

- - Bəhram müəllim çox maraqlı məqama gəldik çıxdıq. Araşdırdıq niyə tamaşalara gedən yoxdur, bir səbəbi qiymətdir. Siz deyirsiniz mən uşaqlarımı bahalı konsertlərə apara bilmirəm. Belə çıxır ki, o pulu onların təhsilinə yönəldirəm. Amma onlar bu konsertlərin ruhunda böyüməyəcəklər və gələcəkdə belə konsertlər olanda onlar heç getmək istəməyəcəklər. Bir tərəfi də buna gəlib çıxır.

Bəhram Bağırzadə:

- Şükür ki, Allah mənə bir balaca savad verib və təhsil mən oturub düşünürəm ki, əgər mən Corc Bensonun konsertinə apara bilmirəmsə o demək deyil ki, uşaqlar məhrum olmalıdırlar ondan və qulaq asa bilməyəcəklər. Şükür Allaha ki, Bakı şəhərində minlərlə disk, kasetlər satılır. 3-6 manata onu əldə etmək olar. Həmin disklərə, yüksək səviyyəli caza qulaq asmaq olar. Bu yaxınlarda Alim Qasımovun konserti oldu Muğam teatrında və Heydər Əliyev sarayında. Çox yüksək qiymətləri olan konsert idi mən ora gedə bilmədim. Amma o demək deyil ki, evdə mənim uşaqlarım Alim Qasımova qulaq asa bilmirlər. Bağ mövsümü olanda mən uşaqlarımı belə tərbiyə edirəm. Günortalar evə gələndə saat 2-dən 3- ə kimi uşaqlarımı muğama qulaq asdırıram. Halbuki mən rusdilliyəm, rus sektorunu bitirən insanam amma mən vətənimi, Azərbaycan mədəniyyətini, Azərbaycan incəsənətini sevən insanam və bu səpkidə balalarımı tərbiyə edirəm ki, uşaqlar həm muğama qulaq asmalıdırlar həm caza. Təkcə musiqidən söhbət getmir. Riyaziyyatla da məşğul oluruq, elmlə də məşğul oluruq. Qızım bir balaca da gecikdim görüşə, uşaq dama üzrə Bakı çempionatına qatılıb, 8 yaşlılar arasında. Bu yaxında həm Azərbaycanın çempionu oldu həm Bakı çempionu. İndi uşağı hazırlayırıq Sankt Peterburqda dünya çempionatı olacaq, ora. Söhbət Bağırzadə Tahirədən getmir. Söhbət vətəndaşdan gedir, Azərbaycanı təmsil edən vətəndaşdan. Heç olmasa beşliyə düşə bilsə Azərbaycanın adıdır ki, Rusiyanın şimal paytaxtına, Sankt Peterburqda Azərbaycan balası gəlib çempion olursa bu bizim, tək mənim qələbəm deyil, 9 milyonluq xalqın tələbəsidir.

Azadlıq radiosu:

- Bəhram müəllim, gəlin bir məsələyə də toxunaq. Sizin vaxtınızda KVN hədəf qoymuşdu birinciliyi qazanmağı və Azərbaycanı təmsil etməyi. O dövr idi ki, Azərbaycan müharibənin içində idi, Azərbaycan dövləti təzə - təzə qurulurdu. KVN – nin az- çox uğurları cəmiyyətdə impulslar, müəyyən ümidlər yaradırdı. Amma indi kənara çıxmaq istəyən yoxdur KVN sahəsində. Musiqi sahəsində az – çox cəhdlər var, cazmenlərimiz var, elə Alim Qasımov da var və s. Amma KVN niyə çıxa bilmədi, elə bir atımlıq barıt idi bununla da yekunlaşdı.

Bəhram Bağırzadə:

- Bilirsiniz biz sonuncu idik. Mən bunu dəfələrlə demişəm, biz sonuncu idik. Sovet dövründə təhsil almış insanlar idik.

Azadlıq radiosu:

- Siz də sovet dövrünə nostalji ilə xatırlayırsınız?

Bəhram Bağırzadə:

- Bəli, əlbəttə.

Azadlıq radiosu:

- Bayaqdan Allahdan danışırdınız.

Bəhram Bağırzadə:

- Yox, o demək deyil. İndi biz hamımız guya mömin olduq? Demokratiya Var, 9 milyon hamısı ibadət etmir ki. İndi allahsızlıq ondan da çoxdur. Sovetin dövründə hörmət var idi, izzət var idi, iman var idi və iman olanların ola bilsin ki, miqdarı az idi amma çox keyfiyyətli iman idi. Mən gözümü açandan görmüşəm nənəm namaz qılır. Halbuki çox vaxtını yaşamışdı sovet dövründə. Nənəm Qori seminariyasını bitirmişdi və nənəmin babası Şamaxı məscidinin əfəndisi olub. Mən bunu görmüşəm. Sovet dövründə yaşayırdılar amma keyfiyyətli imana malik olan insanlar idi. Onlar nə Allahın qanunlarından kənara çıxırdılar, nə Sovet ittifaqının konstitusiyasının qanunlarından və insan qanunlarından. Bizə də nəsihət ediblər ki, o qanunların çərçivəsindən kənara çıxmaq olmaz. İmanlı insan o demək deyil ki, saqqalı dizə kimi uzatmalısan, saçını yolmalısan və yaxud döyməlisən özünü, şikəst etməlisən. Söhbət imandan və düzgün həyatdan gedir. Və mən bu gün Sovet ittifaqında yaşamışam və fəxr edirəm ki, Allah bu 70 il ərzində bizə böyük bərəkət göndərmişdi. Bu bərəkət idi ki, biz şükür Allaha ki, 70 il ərzində yaşadıq və nəyisə əldə edə bildik.

Azadlıq radiosu:

- Nə əldə edə bildiniz?

Bəhram Bağırzadə:

- Hər bir şey. Hər bir şey əldə etdik. Əgər biz Sovet dövlətində yaşasaydıq bizim öz dövlətimiz olmazdı. Əgər bizdə o dövlət yaranmışdı amma qala bilmədi əfsuslar olsun zəif olduğuna görə.

Azadlıq radiosu:

- Bəlkə ruslar işğal etdiyinə görə?

Bəhram Bağırzadə:


- Siz ona işğal deyirsiniz, mən buna işğal kimi baxmıram. Ola bilsin səhv edirəm amma bu gün mən nə əldə etmişəmsə, KVN –də qalib gəlmişəm, Azərbaycanı təmsil etmişəm ancaq Sovetdə təhsil aldığıma görə. Sovet almasaydı buranı yəqin ki bura Əfqanıstan kimi ölkə idi, İraq kimi ölkə idi, başımıza oyun açırdılar. Bəlkə də Allahın bu millətə rəhmi gəldi ki, onun üçün bu 70 il ərzində şərait yaratdı ki, biz bu gün müstəqil dövlət olaq. O da bir mərhələ idi və biz bunu keçməli idik. Və keçdik də ona görə də biz bu gün nəsə əldə etmişik. Baxın pəncərədən çox gözəl binalar tikilib.

Azadlıq radiosu:

- Amma biz üç ildir bura köçmüşük o bina hələ də tikilir.

Bəhram Bağırzadə:

- O başqa problemdir. O iqtisadi problemdir. Dünyada hər yerdə o problemlər var. Ondan da inşallah Allahın köməkliyi ilə çıxacağıq. İmanımız olsa Allah verir bizə hər şeyi.

Azadlıq radiosu:

- Bəhram bəy, müstəqil Azərbaycan bir dövlət kimi sizi qane edir?

Bəhram Bağırzadə:

- Əlbəttə. Mən çox sevinirəm ki, dua edirəm ki, biz xoşbəxt millətik ki, bizim dövlətimiz var, bizim ərazimiz var. Bizim himnimiz var. Dövlətə olan atributlar var. Minlərlə millətlər, xalqlar var ki, onların dövlətləri yoxdur.

Azadlıq radiosu:

- Azad söz varmı, demokratiya varmı?

Bəhram Bağırzadə:

- Bağışlayın, 35 dəqiqədir ki, mən efirdə Azadlıq radiosunda ürəyim istədiyim, fikirləşdiyim şeylərdən danışıram.

Azadlıq radiosu:

- 90 – cı illərdə KVN azdan – çoxdan hakimiyyətin ünvanına bostanına daş atırdı. Bu günki KVN bunların üstündən keçir. Bu bugünki senzura bilə bağlıdır yoxsa tənqid olunası bir şey yoxdur Azərbaycan hökumətində, Azərbaycan dövlətində?

Bəhram Bağırzadə:

- Mən deyə bilmərəm. mən 90 – cı ildə necə döşəyirdimsə indi də döşəyirəm. bilirsiniz KVN də elə ondan ibarətdir ki, biz heç kimi təhqir etmirik orada, həqiqəti göstəririk. Bu gün bu problem var bu problem həll olunmalıdır. Biz heç kimin əleyhinə çıxmırıq, demirik bu pisdir bu yaxşıdır, biz bunu göstəririk. Çoxları görmür, çoxları hiss etmir, çoxlarının qulağına çatmır ki, bu problem var. Biz də Allah bizi vasitəçi kimi göndərib ki, bu problemləri şəhərdə görək. Asfaltından, kanalizasiyasından tutmuş bu gün problemlər var. Bununla mübarizə aparmaq lazımdır. Müəyyən qədər aparırlar. Məmurlar var ki, aparmırlar aparmaq da fikri yoxdur. Yenə qayıdıram İslam qanunlarına. Hər kəs özünə cavabdehdir. Kim bu gün rüşvət götürübsə, rüşvət veribsə sabah Allahın qarşısında cavab verəcək. Ola bilsin bu dünyada onun üçün keçsin, maşın alsın, villa tikdirsin, ev əldə etsin.

Azadlıq radiosu:

- Bəs bu dünyada dövlət, hakimiyyət qanunlarla həmin şəxsləri cəzalandırmalıdırmı? Yoxsa biz ümid etməliyik o dünyaya, seçki azad keçirilmir, sərbəst toplaşma azadlığı yoxdur, dözmək lazımdır, eybi yoxdur o dünyada hər şey düzələcək. Məntiqlə yanaşmaq lazımdır sizcə İslam qanunlarına söykənsək?

Bəhram Bağırzadə:

- Əlbəttə. Rus filmi var deyir, oğrudursa cəzasını çəkməlidir. Tək oğrudan söhbət getmir. Konstitusiyanı pozan insan və yaxud bizim qanunları pozan insan bu dünyanın qanunlarına riayət etməlidir və cəzasını çəkməlidir. Bu yaxında eşitmişəm ki, Pribaltika ölkələrində əgər avtomobil tratuara bir təkər qaldırırsa 100 avro, iki təkər qaldırırsa 200 avro cərimə ödəməlidir. Ona görə Pribaltika ölkələrinə gedəndə insanlar necə sürürlər maşını.

Azadlıq radiosu:

- Ona qalsa İranda oğurluğa görə qol kəsirlər.

Bəhram Bağırzadə:

- Hazıram belə qanunlara. Çox istərdim belə qanunlar bizdə də olsun.

Azadlıq radiosu:

- Amma İranda oğurluğa görə qolları kəsirlər amma o demək deyil ki, oğurluğun kökü kəsilir.

Bəhram Bağırzadə:

- Onsuz da oğurlayan adam gedib yenə oğurlayacaq. Bizdə bir müəllim var idi, həmişə çətin sual olanda deyirdi ki, bala mən bu sualın cavabını bilsəm gedib Nobel mükafatı alardım. Əgər mən də bu suallara cavab versəydim bu gün Nobel mükafatçısı olardım və o bir milyonu əldə edib, xeyirxah iş görərdim.

Azadlıq radiosu:

- Salam Bəhram müəllim. Azad söz niyə ancaq Azadlıq, BBC və Amerikanın səsində var. Televiziyalarda varmı azadlıq?

Bəhram Bağırzadə:

- Vallah mən Azərbaycan televiziyalarına baxmıram. Ona görə deyə bilmərəm.

Azadlıq radiosu:

- Niyə baxmırsınız? Rus kanallarına baxırsınız yəqin.

Bəhram Bağırzadə:

- Tək rus yox, ingilis kanallarına baxıram

Azadlıq radiosu:

- Niyə ona görə ki, intellekt var və etimad doğurur verdiyi xəbərlər?

Bəhram Bağırzadə:


- Teleməkanlara çox zəif jurnalistlər gəlir, çox zəif rejissorlar, operatorlar, aparıcılar gəlir ona görə.

Azadlıq radiosu:

- Bu təsadüfdür, yoxsa bilərəkdən onları yerləşdirirlər?

Bəhram Bağırzadə:

- Onu mən deyə bilmərəm. Mən bilirəm ki, intellektual səviyyə çox azdır. Amma o demək deyil ki, Azərbaycanda səviyyəli jurnalistlər, peşəkar televiziya işçiləri yoxdur. Var, hər şey var. Sadəcə olaraq şahmat termini ilə desək yerlərini dəyişmək lazımdır ki, normal sivil insanlar gəlsinlər. Hərdən olur xəbərlərə baxıram utanıram. Mən də çox səlis danışmıram Azərbaycan dilində. Amma mən jurnalist deyiləm. Xəbərlər olan şirkətin birinci növbədə xəbərlərdir.

Azadlıq radiosu:

- Axırıncı dəfə Azərbaycanda xəbərləri nə vaxt izləmisiniz?

Bəhram Bağırzadə:

- Sonuncu dəfə Azərbaycan televiziyasında baxıram.

Azadlıq radiosu:

- Bəs xəbərləri haradan izləyirsiniz?

Bəhram Bağırzadə:

- Saytlardan. Qəzet də oxuyuram. Mən başa düşmürəm iqtidar nədir, müxalif nədir. Mən bu respublikanın vətəndaşıyam. Mənə maraqlı olan şey qəzetləri cümə günləri və 6 – cı günlər alıram. Həftə ərzində bir həftəlik məlumatı əldə edirəm. Gündəlik də hər səhər saat 9 –dan ona kimi sərf edirəm saytlara. Mənim həyatımda mənim biznesimə məlum olan məlumatlar əldə edirəm ki gələcəkdə nəsə iş görüm.

Azadlıq radiosu:

- Aygün soruşur ki, Bəhram müəllim Azadlıq necə olur?

Bəhram Bağırzadə:

- Çox mürəkkəb suallardır mən belə çıxışa hazır deyildim. Məncə insan daxilən azad olmalıdır.

Azadlıq radiosu:

- Azadsınız? Azad ola bilirsiniz?

Bəhram Bağırzadə:

- Xeyir. Mən əgər daxilən azad olsaydım ya gərək sufi olaydım ya krişnaid olaydım ya hansı bir yolda olardım ki, tərki dünya olum, yaşayım.

Azadlıq radiosu:

- Azad olmaq üçün tərki dünya olmaq lazımdır?

Bəhram Bağırzadə:

- Mənim evimdən düz Azadlıq radiosuna on beş dəqiqəlik yoldu mən bu gün gəlib çıxdım 45 dəqiqəyə. Deməli Allahın göndərdiyi o bərəkət zaman ki var mən onu itirdim. Tıxaclara görə. Savadsız insanlar, hansı ki, heç vaxt şəhərdə yaşamayıblar, şəhər mühitini görməyiblər, gəlib asfalt çəkirlərsə qışqırıqla, söyüşlə, fitlə əlində tum çırtlaya – çırtlaya, necə gəldi betonu qoyursa mən buna əsəbiləşirəm. Mən artıq azad ola bilmirəm, çünki 45 dəqiqəlik vaxt itirirəm. Gəlirəm binanın qabağına, görürəm iki metrəlik adamlar dayanıb, pəzəvənglər, əlləri lopatka boyda, qulaqları düşbərə itələyirlər keç o yana, qışqıra – qışqıra əllə itələyirlər ki, filankəs müəllim bu binaya gəlməlidir. Bir ona əsəbiləşdim. Qalxanda gördüm bir nəfər tum çırtlayır, tumun qabıqlarını yerə atır, əsəbiləşirəm. Tıxacda olanda gördüm bir nəfər siqareti atdı, qurtarmışdı paçka atdı şəhərimizə. Hər dəfə şəhərə düşəndə nəsə atanda elə bilirəm onlar gəlib mənim üzümə yapışır. Axı bu şəhər bizim sifətimizdir. Ona görə mən də həmişə əzab - əziyyət çəkirəm və son zamanlar çox əsəbi olmuşam. Əsəbi olduğuma görə də azad deyiləm. Bunları görə - görə azad ola bilmərəm. Onda gərək mən köçüm öz rayonumuza, dağlara oturub ora fermaçılıqla məşğul olum, bəlkə onda mən azad olaram. Heç internetdə də oturmayım, sizin radioya da qulaq asmayım, məlumat almayım, oturub özüm üçün tərki dünya. Şəhərdən insanlar gəlib desinlər salam Bəhram, necəsən, qoyun neçəyədi mən də deyim 100 manata dənə qoyun satım.

Azadlıq radiosu:

- Onda qaçış olmur ki?

Bəhram Bağırzadə:

- Elə çıxır da daha nə edim

Azadlıq radiosu:

- Siz dediniz yaxşı işləmirlər, kobud səslə işləyirlər onların çoxu polislərdir, daxili işlər nazirliyinin əməkdaşlarıdır. Bakı şəhər icra hakimiyyətinin əməkdaşları da yollarda işlər görürlər. Bəlkə o aidiyyatı qurumlar işçiləri başa salmalıdırlar, maarifləndirməlidirlər, tələb qoymalıdırlar ki, insanlarla normal davranın, işinizi səliqəli görün. Bəlkə onların da səhlənkarlığıdır?

Bəhram Bağırzadə:

- Onlara yox onların rəislərinə öyrətmək lazımdır.

Azadlıq radiosu:

- Sizin bir səhnə var idi, polislə bağlı kürk geyinmişdi

Bəhram Bağırzadə:

- Bəli, paqonu da həmişə düşürdü paqonunu da heç tikməmişdi. Hər şey də geyimdən başlayır, ədəb, ərkandan, danışıq qabiliyyətindən. Mənim imkanım olsaydı, bir test sualları verərdim. Necə ki, bu yaxınlarda kanalların birində suallar verirdilər müğənnilərimizə, vurma cədvəlini, çoxları adi suallar verirdilər, cavab verə bilmirdilər. Hər dəfə onlar bu suallara cavab verə bilməyəndə ölüb yerə girirdim ki, müğənnilərimiz belə primitiv suallara cavab verə bilmirdi. Polislər, fəhlələr arasında da belə testlər keçirmək lazımdır. Sən bu boyda şəhərdə abadlıq işləri görürsən, vətəndaşımızı qoruyursan bu şəhərin tarixindən, şəhərdə yaşamaq tərzi necə olur, testlər var da insan nəyi etməlidir, nəyi etməməlidir. Çoxunu da vallah işdən uzaqlaşdırmaq lazımdır

Azadlıq radiosu:

- Yenə Aygün yazır ki, sizcə bizim bu gündə olmamızda Amerikanin günahı var?

Bəhram Bağırzadə:

- İnsan özündən başlamalıdır. Birinci sualı özünə verməlidir ki, günah özümdədir ya yox. Digər dövlətləri niyəv günahlandıraq? Özümüzdə axtarmalıyıq. Əgər bizim problemimiz varsa Azərbaycanın futbol üzrə yığması on – sıfır uduzursa Fransaya o Fransanın günahı deyil, o bizim günahımızdır.

Azadlıq radiosu:

- Axır vaxtlar heç – heçəyə də sevinirik.

Bəhram Bağırzadə:

- Vallah onlar yola verməkdir. Kökü yoxdur, bünövrəsi yoxdur.

Azadlıq radiosu:

- İndi dünya çempionatı başlayır. Yenə gedəcəksiniz?

Bəhram Bağırzadə:

- Mən hal – hazırda o yerə putyovkam var beş günlük. Cənubi Afrikada yarım final olacaq. Beş günlük ezamiyyət işlədiyim şirkətdən hədiyyə olunub. Amma mən bu səfərdən imtina etdim, ailə problemlərimə görə gedə bilməyəcəm. Allah qismət etsin, çox arzulayıram, biz də möhkəm dövlət olaq və gələcəkdə bizim də imkanımız olsun ki, Azərbaycanda Afrikadan sonra heç olmasa Avropa çempionatı keçirilsin. Mən buna inanıram. Çox inanıram. Dünən hansısa telekompaniyada gördüm artıq hansısa rayonda çox böyük, Avropa standartlarına uyğun stadion tikilir. Mən arzulayıram təkcə Qəbələdə yox, artıq Lənkəranda var, başqa rayonlarda üç dörd dənə möhtəşəm stadionlar tikilsin Avropalılar da gəlsinlər ağızları açıq qalsın ki, bizdə sənət əsərləri, memarlıq tərəfindən Avropalılar baxsın biz o dünya çempionatında heç olmasa dörddə bir mərhələyə keçək və tarixə düşək. İnanın buna. Özümüzdən asılıdır.

Azadlıq radiosu:

- Bəhram Bağırzadı görəcək onu?

Bəhram Bağırzadə:

- Bəhram Bağırzadə görəcək onu, çünki mənim yadıma gəlir ki, Neftçi komandası 80 – ci illərin ortasında Bakıya Qalatasaray gəlirdi Neftçi komandası mən o oyunda olmuşam 6-0 udmuşdu. Düzdür onlarla yaşamaq düzgün deyil, Türkiyə dövlətində futbol yox idi. Artıq bu gün on beş il ərzində onlar qalxdılar. Əgər biz bu günləri bunu istəsək, daxildən istəsək Allah onu bizə verəcək. Amma işləməliyik, işləməkdən də əlavə onun üzərində çalışmalıyıq. Hərəmiz öz sahəmizdə. Jurnalist də, operator da, asfaltı qoyan da, jek müdiri, neftçi və s. Ona çalışsaq və əldə etsək futbolçular da utanıb, qeyrətə gəlib, başlayacaqlar məşq etməyə və qalib gəlməyə, inanın mənə.

Azadlıq radiosu:

- Çox təəssüf edirəm ki. ədaləti o biri dünyada axtarırsınız. Cavablarınızda bir az səmimi olsanız pis olmazdı. Yaşar yazıb Zərdabdan bunu.

Bəhram Bağırzadə:

- Mən dünyanın məsələlərindən danışıram. Allah o Yaşar qardaşımızın ömrünü artırsın, Yaşar olasınız həmişə. Mən demək istəyirəm ki, mən bilirəm ki, bu günki səhvlərə, günahlara ki batırıq, onu demək istəyirəm ki, sadəcə olaraq cavabımız o dünyada olacaq. Dua edirəm ki, Allah bu dünyada versin onun cəzasını. O dünyaya saxlamasın. Ona görə ki, orada günahlara daha da dəhşətli cavab verəcəyik. Mən bu günlə yaşayıram, nostalji ilə yaşamıram. O vaxt rahat idi, özümü yaxşı hiss edirdim, səmimi hiss edirdim, azad hiss edirdim. İndi də hiss edirəm amma o qədər yox. Amma ünsiyyət yoxdur, insanların arasında problem yaranıb. İnsanlar vəhşiləşiblər. Özlərini apara bilmirlər. Mədəniyyətdən uzaqlaşıblar. O da imansızlıqdandır.

Azadlıq radiosu:

- Ay Bəhram müəllim mıs – mıs demişkən elə birdəfəlik deyin nə polis düz işləyir, rüşvət tüğyan edir. Bunu Məhərrəm Şahverdi yazıb.

Bəhram Bağırzadə:

- Bəyəm mən bayaqdan bunları demirəm.

Azadlıq radiosu:

- Sizin ünvanınıza bir kompliment də gəlib, Yaşa Bəhram, kişisən.

Bəhram Bağırzadə:

- Artıq 38 ildir mən bunu bilirəm.

Azadlıq radiosu:

- Oxuyursunuz özünüz axır vaxtlar? Nə oxumusunuz axır vaxtlar?

Bəhram Bağırzadə:

- Mən hər axşam Quranı oxuyuram. Heç olmasa beş – on səhifə. Mən onda təsəlli tapıram, rahatlıq tapıram. Son zamanlar Natiq Rəsulzadə mənə öz kitabını bağışlayıb, onu oxuyuram. Çingiz Abdullayevi, Markesi oxuyuram.

Azadlıq radiosu:

- Markesin hansı əsərini oxumusunuz axır vaxtlar?

Bəhram Bağırzadə:

- Gəlin uzaqlaşaq bu məsələdən.

Azadlıq radiosu:

- Bəhram bəy, yaratdığı personajlara çox oxşayır.

Bəhram Bağırzadə:

- Nə barədə?

Azadlıq radiosu:

- Adətən sizi mən gördüyüm qədər başı kepkalı, əlində təsbeh, Bakı qaqaşı. Bu sizə mane olub?

Bəhram Bağırzadə:


- Yox, mən polisi oynamışam, Məryəm Süleymanzadənin də rəqsini rəqs etmişəm. Bu mənim peşəmdir.

Azadlıq radiosu:

- Sizcə indi sizi kimə oxşatdılar? Polisə oxşatdılar? Kimləri daha çox tənqid etmisiniz?

Bəhram Bağırzadə:

- Söhbət tənqiddən getmir. Mənim ixtiyarım da yoxdur tənqid etməyə.

Azadlıq radiosu:

- Niyə?

Bəhram Bağırzadə:


- Mən sadəcə olaraq olduğu şeyləri göstərirəm. Deyirəm bu problem var, gəlin birlikdə həll edək. Təhqirdir, tənqiddir mən bunu bacarmıram heç ixtiyarım da yoxdur. Başa düşürsünüz? Mən də xoşlayıram mənim qüsurlarımı, səhvlərimi üzümə desinlər. Düzdür mən hərdən olur ki, müəyyən şeyi səmimi deyə bilmirsən. Bilirsən ki, kiminsə xətrinə dəyə bilərsən. Əgər o insanların üzünə deyə bilməmişəmsə, çıxıb efirdə deyim filankəs filan şey edib o da düzgün deyil. Çünki müsəlman müsəlmanın eybini gizlətməlidir. Bəlkə də o dünyada həmin müsəlman kim ki gizlədib

Azadlıq radiosu:

- Müsəlman müsəlmanın ayıbını gizlətməlidir bu aiddir yəni məmurun da ayıbını gizlətməlidir?

Bəhram Bağırzadə:

- Mən o məmurun üzünə deməmişəmsə, gəlib qarşıma çəkməmişəmsə ki, səhv buraxmısan mənim ixtiyarım yoxdur efir vasitəsilə deyim. Mən sıravi vətəndaşam.

Azadlıq radiosu:

- Amma siz həm də aktyor kimi deyə bilərdiniz.

Bəhram Bağırzadə:

- Aktyor kimi deyirəm. Şükür Allaha aprelin birindən altısına qədər konsert olub deyirəm.

Azadlıq radiosu:

- Konkret hansısa məmurun ünvanına?

Bəhram Bağırzadə:

Ad çəkmək istəmirəm. Ümumiyyətlə götürən götürür.

Azadlıq radiosu:

- Bəlkə konkret olsa yaxşı olardı?

Bəhram Bağırzadə:

- Allah ömür verər onu da konkretləşdirərik.

Azadlıq radiosu:

- Kamran soruşur, deputatlığa namizədliyini verəcək?

Bəhram Bağırzadə:

- Kamran mənə qarğış etdi mən heç gözləməzdim Kamrandan. Qoy rahat yaşayım, azad yaşayım. Heç kim məndən inciməsin, deputatlarımız inciməsin, şəxsən mən hazır deyiləm deputatlığa.

Azadlıq radiosu:

- Amma keçən il sizin bir rolunuz olmuşdu?

Bəhram Bağırzadə:

- Hə guya deputatlığa namizədlik vermişəm, hamımız Dubaydan gəlmişəm. Deputat olmaq üçün ən birinci insan dövlətli olmalıdır, zəngin olmalıdır. Mənim o qədər dövlətim yoxdur ki, mən işimi – gücümü atım gəlim orada saatlarla oturum və əl qalxızım, kiməsə səs verim, hansısa qanunları həyata keçirim. Mən özümə görə cavabdehəm. Mən gərək ən azı ya hüquqşünas olum, ya tarixçi olum ya da siyasətçi olum. Mən rejissorluq fakültəsini bitirmişəm. Gələcəkdə də öz peşəmlə məşğul olmaq istəyirəm, öz peşəmlə qazanmaq istəyirəm çörək pulumu.

Azadlıq radiosu:


- Son sual, Bəhram Bağırzadə, şən və hazırcavab oğlan bu gün nə dərəcədə şən və hazırcavab görünə bildi?

Bəhram Bağırzadə:

- On xallıq sistemlə əgər mənə qiymət versəniz bu gün mən özümə dörd yazıram.
XS
SM
MD
LG