Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:10
Günortadan damın üstündə əcaib oyunlar oynayan balaca cin balaları axır ki, yoruldular.

Harasa getmiş ana cin hələ də gəlib çıxmaq bilmirdi. Körpələr də damın üstündəcə bir – birilərinə qısılıb şirin yuxuya daldılar. Ana cin bu il üç bala doğmuşdu.

Körpələr sürətlə böyüyür, artıq sərbəst yeriyib, qaçırdılar.

Onların sevimli oyunu boş konserv qutularını ipə keçirib qaça-qaça arxalarıyca sürümək idi. Bu vaxt konserv qutularının çıxartdığı səs onların ən sevimli musiqisinə çevrilərdi.

Sonbeşik cin balası isə həyətdə olan bütün siqaret kötüklərini yığıb tüstülədib çəkərdi. Bu sevimli adətindən balaca cinin dişləri sap-sarı saralmışdı. Ancaq ana cinin bu siqaret əhvalatından xəbəri yoxuydu.

Bu gün də balaca cin yuxudan oyanıb damdan aşağı – həyətə tullandı ki, siqaret kötüyü yığıb çəksin. Nə qədər axtardısa bircə dənə də olsun siqaret kötüyü tapa bilmədi.

Görünür ev sahibləri bu gün səhərdən həyət – bacanı yaxşı – yaxşı süpürüb təmizləmişdilər. Balaca cin məyus halda küçə qapısını açıb həyətdən çıxdı.

Asfalt yola birinci dəfə çıxdığından bu naməlum, yeni mənzərə yamanca heyrətləndirmişdi onu. Cod tüklü balaca, toppuş qarnını qaşıya – qaşıya yoldan ötən adamlara, maşınlara maraqla baxırdı. Ana cin evdə olanda onları küçəyə buraxmazdı.

Çünki insanların gözünə görünməyən cin balalarının hər hansı ehtiyatsızlıq üzündən xəsarət almaq ehtimalları həddindən artıq böyük idi.

Balaca cin anasının tövsiyələrini unutmamışdı. Ancaq nəfsinə qalib gələ bilməyib asvalt yolun ortasında hələ də közərən siqaret kötüyünə tərəf götürüldü.

Bu vaxt arxadan sürətlə gələn maşın onu zərblə vurub səkiyə atdı. Balaca cin arxası üstə səkiyə hörülmüş daşların üstünə düşdü.

Cinin çəkisi həddindən artıq az olduğundan qəzanın maşına heç bir təsiri olmadı. Maşın heç nə olmamış kimi hadısə yerindən uzaqlaşdı.

Səkidə hərəkətsiz uzanan cin balasının açıq gözləri intəhasız səmaya zillənmişdi. Yarasından axan çəhrayı qan barmaqları arasında tutduğu hələ də tüstülənən siqaret kötüyünü söndürdü…

Ana “Yolunu azmış cin balası” haqqında nağılı qurtaranda oğlanlarının üçü də kövrəldi. O izah etməyə başladı. İnsan da zaman üçün çəkisizdir. Zaman onu pis adətlərinə görə vurub yıxandan sonra da heçnə olmamış kimi öz axarı ilə gedir.

Pis yol, pis iş siqaret kötüyü kimi parıldayıb göz qamaşdırar. Pis adəti isə vaxtında ata bilməsən onu ancaq ölüm dayandıra bilər – siqaret kötüyünü söndürən cin balasının çəhrayı qanı kimi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG