Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:45

Emin Yasinov "Mənfi yeddi kiloqram" (Hekayə)


Sübh yaxasını yırtar-yırtmaz şəhərin fənərləri mürgüləməyə üz qoydular.

Günəş boy göstərib ağ sap qara sapdan fərqlənəndə süpürgəçilər yenicə yuxudan durmuş küçələri oxşamağa başladılar.

Sərgərdan uçuşan bir topa sərçə süpürgə saçaqlarından qopan toxumları dimdikləməyə cumdular.

Aclıqdan qarnı sinəsinə yapışmış, miyoldamağa belə heyi qalmayan boz pişik balası güc tapıb sərçələrin üzərinə şığıdı.

Sərçələr göz qırpımında pərən-pərən olub pırıltıyla səkinin kənarına qondular.

Yolun sağ tərəfində boyaboy düzülmüş binaların ağardılmış–təraş edilmiş üzü əsas küçəyə boylanırdı.

Bələdiyyə seçkilərindən sonra namizədlərin cırılmış, küləyin əsməcəsinə tablanan təbliğat-təşviqat plakatlarının yapışqana qənaət edilməmiş parçaları təraş edilmiş üzün kəsiklərinə tüpürcəklə isladılıb yapışdırılan kağız qırıqlarına bənzəyirdi.

Yolun sol tərəfində dişi dişinə, daşı daşına dəyən binaların tünd yaşıl-qəhvəyi rəngə çalan mamır basmış üzü şimala baxırdı. Nəsə dəm-dəstgah, təmtəraqla ( oxu: toz-torpaq, səs-küy ) müşahidə olunan təraş edilmə mərasimi üzünü ağ etməyə tələsmirdi.

Əvəzində pəncərəsi pəncərəsinə zillənmiş qonşusunun his-pası qaşovlanan zaman qopardığı tozanağa bələnmiş – ağ günə çıxmışdı.

Binaların arasından çay kimi axıb gedən avtomobil yolu üzərində üzən dörd təkərli məxluqlar limana çatmaqda bir-birindən yeyin tərpənirlər. Konduktorların səhərin kal vaxtı qulaqbatırıcı cır səsləri yuxulu adamı da əsnəməkdən saxlayırdı.

Pul dolabı qismində istifadə edilən plasmast Koka-Kola butulkasının alt hissəsinə tökülən qəpiklər parıltısını itirmişdi.

Sürücünün başının üstündən asılan təqvimin hardasa on yaşı olardı. Avtobusun salonunu cənginə alan bayağı meyxanalar, şit toy mahnıları ovqatı xeyli təlx edirdi.

Avtobusun arxa oturacağında yerini isidib alnını şüşəyə söykəmişdi. Fikirdən alnının qırışığı açılmağa macal tapmırdı.

Tükdən əsər-əlamət görünməyən başında tər puçurlanır, boynunun ardından qulaqlarına qədər yayılan istilikdən gözləri dumanlanırdı - eynilə alnını dayadığı avtobusun pəncərə şüşəsi kimi.

Axşamkı hadisələri gözünün önündə kino lenti kimi irəli-geri yığır, nə dərəcədə doğru, yaxud yalnış addım atdığını çək-çevir edirdi. Qızının sözləri qulaqlarında cingildəyirdi:

- Mən istəmirəm, isstəmirəm! Ay ata, özün də dindar adamsan, məgər dində qızın razılığı olmadan onun əvəzinə qərar qəbul etmək yasaqlanmayıb?
- Sus, köpək qızı! Mənə moizə edənə bax...

Valideynin razılığı hər şeydən üstündür. Sən nəkarəsən ki, sözümün üstünə söz gətirirsən? Həəə?!

Qızın öz başını qolları arasına alıb iç vurmaq, bıldır-bıldır göz yaşı tökməkdən başqa ayrı əlacı qalmırdı. Heç olmasa gözlərini yumub ətrafındakılara kor olmaq, qulaqlarını tıxayıb səsə tamarzı qalmaq istəyirdi.

Fikirlərin cilovunu buraxmadan başını yuxarı qaldırıb alnını şüşədən çəksə də şırımları lap dərinləşdi. Dünən axşam masa ətrafında yaşananlar yadına düşdükcə cin vurmuş sayaq hövllənirdi.

Gələcək kürəkən sol əlinin içini masaya qoyub sağ əlini dizinə söykəmiş vəziyyətdə təkəbbürlə, özündən razı halda danışır, danışdıqca da səsinin tonunu yüksəldirdi:

- A kişi, sevgi-məhəbbət şeirdə-romanda olur.

Elə hər yerinnən duran, ağzınnan süd iyi gələn corma-cocuq da sevgidən danışır. Odeeey, dünən qəzetdə oxuyuram ki, italyan alimləri ortaya çıxardıblar ki, sevgi “prosta” insan bədənində gedən bioximiki prosesdir. Özü də kökü tüpürcək vəzisindədir. Təsəvvür edirsən? Bir lomba tüpürcək... Ha-ha-ha-ha...

İçində “Sümüyümü it sümüyünə calamışam da, qızım bunun əlindən xoş gün görməyəcək” düşünsə də, əlinin altındakı armudu stəkanı özündən müştəbeh “qohum”a tolazlamaq istəsə də üzdə islanmış cücə kimi titrəyir, qonaqların qarşısında ipəyə dönürdü.

Borcları xirtdəyə qədər yığılmış, günəmuzd aldığı qara qəpiyin də ömrü bayram şamı kimi qısa olurdu.

Gələcək kürəkənin həyətin içində saxladığı süd rəngli “Prado”su gözlərini qamaşdırırdı. Hələ söhbət əsnasında “Qaynata, görürəm maşınnan gözüvü çəkə bilmirsən. İştahın çəkirsə bir tayını da səninçün alarıq” deməklə könlündən xəbər vermişdi.

Nə vaxt avtobusdan düşüb, nə vaxt “Gənclik” metrostansiyasının pilləkənləri ilə aşağı enməsinin fərqinə varmadı. Başını qaldıranda Adil dayını gözlərinin önündə əlində taxta parçasını yellədən gördü.

Hər səhər olduğu kimi bu gün də tərəzisini qabağına qoyub gələn gedəni səsləyirdi. Adil dayıya dilucu salam verib çəkisini öyrənmək istəyini dilə gətirdi.

Srağagün evdə bədənnüma güzgünün önünə keçib özünü nəzərdən keçirəndə bir dəri, bir sümük qaldığının şahidi olmuşdu.

Ötən günlərin xiffətini çəkib halına acımış, dərindən bir ah çəkmişdi. “Elə bil qənim kəsiliblər mənə, başımın ətini yeyib bitirdilər” dodağının altında donquldanıb ailə üzvlərini günahlandırmışdı.

Həmin dəqiqə uşaqlığı yadına düşmüş, anasının nəvazişlə başını dizi üstünə alıb barmaqları ilə saçlarını daraması üçün burnunun ucu göynəmişdi.

Yenidən uşaq olmaq - ayaqyalın qəmbər döşənmiş küçələrlə yürümək, ayağına ip bağladığı may böcəyini qızmar dəmir üstünə qoymaq, nar şirəsiylə dolu stəkanı soyuducunun buz dolabında dondurma hazırlamaq adıyla gizlətmək, divarın oyuğunda yuva salmış arıların pətəyini yun çubuğuyla qurdalamaq, səhərdən axşamacan gah o qapıya, gah bu qapıya top qovmaq keçmişdi könlündən.

Üzərinə çıxar çıxmaz elektron tərəzi hərəkətə gəldi.

Adil dayının tərəzisi üst-üstə sıralanmış üç kiçicik monitordan ibarətdir. Üst monitorda 55 rəqəmi görünəndə “elə yaşımla çəkim eynidir”- ağlından keçirib fağırcasına qımışdı.

Orta monitorda -7 kq, aşağıda isə 70.19 rəqəmi yazılmışdı. Yenidən ailə üzvlərini gözünün qabağına gətirib hirs-hikkəsini xəyalındakı surətlərin üzərinə tökdü. Özünə yazığı gəldi.

On qəpik xidmət haqqını ödəyib metro kartında gedişinin qalıb qalmadığını düşünə-düşünə giriş qapısına doğru addımladı.

Adil dayı müştərinin adını cib dəftərçəsinə yazıb alınan nəticələri saralmış vərəqlərə köçürdü.

Döş cibindən çıxardığı kitabçanı açıb barmağını ardıcıllıqla indekslərin üzəriylə sürüşdürdü. Nəhayət 70.19 indeksinin üzərində barmağını dayandırdı, kəkələyə-kəkələyə qarşısındakı xanada yazılmış sözü oxudu - həə-rii-s-lik. Tez də dəftərçəsinə həkk edib rahat nəfəs aldı, arada başını bulamağı da unutmadı.

Dodağının altında isə narahatlıqla elə hey bir cümləni təkrarlayırdı - “mənfi yeddi kiloqram, mənfi yeddi kiloqram...”

Günün günorta çağı qış mürgüsündən sonra ilk dəfə üzü açılmış yaz günəşinin canfəşanlığından insanlar daldalanacaq yer axtarır, gözlərini səmavi ehtizazdan qıyırdılar.

Elə bu dəmdə əyninə geydiyi çirkdən doymuş uzun paltosu, çoban çomağına bənzəyən şax budaqdan yonulmuş əsası, sinəsinə döşənmiş dümağ saqqalı, əprimiş dərisi, içi torpaqla dolu uzun dırnaqlarıyla diqqət çəkən, gözlərini günəşin yandırıcı şüasından qıymayan 60-70 yaşlı qoca pilləkənlərdən enib düz Adil dayının yanında əyləşdi.

Ayağına dolaşan sısqa küçə iti qocanı duz kimi yalayır, bir dəqiqə belə rahat buraxmırdı. Qoltuğunun arasında gizlətdiyi daş kimi, boz-yaşımtıl çörəyin qırağını ağzının suyunda yaşlayıb çeynəməyə çalışdı. Hər çörəyi udanda ulqumu sürətlə yuxarı hərəkət edib yenidən əvvəlki yerinə qayıdırdı.

Dilini çıxarıb ləhləyən, ağzının suyunu axıdan, aclıqda özündən geri qalmayan itə də çörəkdən bir tikə atdı. İt acgözlüklə tikəni xırtıldatmağa başladı.

Kənardan bu mənzərəni müşahidə edən Adil dayı düşündü - “bizim tərəflərdə belə qarın doyurumuna - it yesə gözləri ağarar - deyirlər. Görürəm bunların heç vecinə də deyil, nə itin, nə də qocanın”.

Qoca çönüb sərt tövrlə dilləndi - “sənə, sənin kimilərə ki möhtac deyiləm”.

Qoca ağzını qıfıllamaq fikrindən uzaq görünürdü - “səhərdən axşama qədər bu keçiddə şöngüyüb insanları tərəzidə çəkirsən.

Özün də yaxşı bilirsən ki, yuxarıdakı rəqəmlər heç nəyi ifadə etmir, boş barmaq hesabından başqa bir şey deyil. Sənə orta və aşağı ekranda yazılan rəqəmlər lazımdı. Bizim tərəzilərimiz sıfırdan kiçik bir ağırlığın kütləsini ölçə bilmir.

Beynimizdəki düşüncə neçə qramdı?

Qəlbimizdəki eşq ya nifrət nə qədər böyükdü? İçimizdəki qorxunun çəkisi nə qədərdi? Sənin tərəzin isə sıfırdan kiçik kütləni ölçməyə qadirdi, nə işivə yaradığını da yaxşı bilirəm. Belədi ki, özün bilərsən, öz işindi. Heç olmasa qəpiyə güllə atan bu qaradan qara insanların 10 qəpiyinə göz dikmə.”

Əsasına söykənib ayağa qalxmağa çalışdı. İt başını qocanın titrək dizlərinin altına qoyub dikəlməyə yardımçı oldu.

Adil dayı naqolay durumdan canını qurtarmaq üçün vecinə deyilmiş kimi “ağsaqqal, gəl, gəl səni də tərəzimdə çəkim, sənnən bir qəpik də alan deyiləm” deyib, qocanın sifətinə irişdi.
Qoca yaşına xas olmayan cəldlik, qıvraqlıqla tərəzinin üzərinə qədəm basdı.

Yalnız üst monitor nəticəni müşkülsüz əks etdirdi - 45 kq. Orta monitorda rəqəmlər barıt kimi açılıb bir-birini dəlicəsinə əvəz edir, hərəkət bir saniyə belə donmaq bilmirdi. Ən maraqlısı isə, alt monitorda heç bir indeksin əks olunmaması idi.

Adil dayının gözləri bərələ qalmışdı. Qoca xısın-xısın gülür, hərdənbir seyrək dişlərini dodağının üstünə dırmaşdırırdı.

Qoca sağ tərəfinin ağırlığını əsanın üzərinə yıxaraq tərəzinin üzərindən yerə düşdü.

Üzünü çevirib yerin altına doğru irəliləməyə cəhd etdi. Matı-qutu qurumuş, ayaqları yerə mıxlanmış Adil dayı sanki birdən ayıldı - “ ağsaqqal, axı demədin içinə ağırlıq verəni, mənim başıbatmış tərəzim də onu çəkməydə acizdir. Baax, indeks yerini də boş göstərir. Qurbanın olum, bu nədir axı?”

Qoca ona ünvanlanan sözləri qulaqardına vurdu.

- Vallah-billah, heç dəftərimdə də qeyd aparmayacam. Hövsələm daraldı, nədir axı içindəki?

Qoca geriyə dönüb pıçıldadı:

- Azadlıq...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG