Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:49

Avropa Birliyi Qarabağa gəlir?


Avropa Birliyinin yeni Lissabon müqaviləsi Birliyə vahid xarici siyasət yeritməyə imkan verir
Avropa Birliyinin yeni Lissabon müqaviləsi Birliyə vahid xarici siyasət yeritməyə imkan verir
«Avropa Birliyi Cənubi Qafqazdakı proseslərə, o cümlədən münaqişələrin həllinə daha çox cəlb olunmalıdır».

Bu hesabatı mayın 20-də Avropa Birliyinin parlamenti qəbul edib. Cənubi Qafqaz hesabatında deyilir ki, regiona sabitlik və inkişaf gətirməyə Birliyin böyük potensialı var. Eyni qayda ilə Birliyin regionda marağı da var.

Ancaq Birliyin genişlənmə və qonşuluq komissarı Ştefan Füle parlament məclisinə müraciətində işarə edib ki, Birliyin kömək səyləri Azərbaycanın, Gürcüstanın və Ermənistanın islahat səylərindən asılı olacaq.

Birliyin Cənubi Qafqaz üzrə hesabatçısı Yevgeni Kirilov sənədi təqdim edərkən Cənubi Qafqazın strateji əhəmiyyətini xüsusi vurğulayıb:

«Cənubi Qafqaz təkcə Avropa Birliyinin birbaşa qonşusu deyil - Bolqarıstan və Rumıniya dəniz vasitəsilə regionla qonşudurlar - region həm də siyasi, iqtisadi və təhlükəsizlik baxımından Birlik üçün nəhəng əhəmiyyətə malikdir».

BİRLİK DAĞLIQ QARABAĞ PROBLEMİNİN HƏLLİNƏ CƏLB OLUNMALIDIR

Ştefan Füle
Hesabat Avropa Birliyini Cənubi Qafqazdakı münaqişələrin həllində daha fəal olmağa çağırır. Kirilov deyib ki, 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsi Avropa Birliyinin belə məsələlərə daha çox diqqət yetirməli olduğunu göstərdi.

Kirilovun sözlərinə görə, Avropa Birliyi hazırda Dağlıq Qarabağ probleminin həllinə cəlb olunmalıdır. Onun fikrincə, regionda barışıq, bərpa, xalqlararası təmaslar poroqramlarına Avropa Birliyi başçılıq etməlidir.

Ştefan Füle isə deyib ki, Azərbaycan, Ermənistan və Gürcüstan müasir, plüralist,demokratik cəmiyyət qurmalıdırlar və qonşularla dinc yaşamalıdırlar.

HESABATIN PRAKTİKİ ƏHƏMİYYƏTİNİ ŞÜBHƏ ALTINA ALIRLAR

Ancaq müşahidəçilərin fikrincə, təmtəraqlı sözlərinə baxmayaraq, qəbul olunan hesabatın praktiki əhəmiyyəti azdır. Çünki Birliyin üzvü olan ölkələr xarici siyasətlərində müstəqildirlər.

Avropa Parlamentinin iclası
Kirilov bildirib ki, Avropa Birliyinin yeni Lissabon müqaviləsi Birliyə vahid xarici siyasət yeritməyə imkan verir. Belə vahid siyasət Cənubi Qafqaza münasibətdə yeridilə bilər.

Ştefan Füle isə deyib ki, Lissabon müqaviləsinin verdiyi imkanlar Avropa Komissiyası və Avropa Birliyi təmsilçiləri tərəfindən artıq istifadə olunub.

Avropa Birliyinin qəbul etdiyi hesabat separatçı regionlara münasibətdə Gürcüstan üçün müsbətdir. Çünki Abxaziyada və Cənubi Osetiyada vəziyyət Rusiyanın işğalı kimi qiymətləndirilir.

Hesabat Cənubi Qafqazdakı media azadlığı durumunu isə çox tənqidi qarşılayıb. Ermənistan müxalifət fəalı və jurnalist Nikol Paşinyanın həbsinə görə tənqid olunur, Azərbaycan isə bloqçular Emin Millinin və Adnan Hacızadənin və jurnalist Eynulla Fətullayevin həbsinə görə.

Gürcüstan haqda isə deyilir ki, burda mediada mülkiyyət haqları qeyri-müəyyəndir. İşarə olunur ki, Gürcüstanda hansı medianın kimə məxsus olması bilinmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG