Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:09

Jurnalist şərləndiyini, qarşı tərəf isə onun reketçiliklə məşğul olduğunu deyir


«Qaynar Xətt»ə gələn növbəti şikayət araşdırılıb
«Qaynar Xətt»ə gələn növbəti şikayət araşdırılıb
AzadlıqRadiosunun «Qaynar Xətti»nə müraciət edən «Güzgü» qəzetinin müxbiri Kamran Səxavət deyir ki, yaşadığı Ceyranbatanda icra və bələdiyyə üzvlərinin qanunsuz torpaq alverilə məşğul olduqlarını aşkarlayıb ictimailəşdirdiyi üçün onu şərləyib haqqında cinayət işi açıblar:

- Ceyranbatan qəsəbəsinin bir qrup sakini «Güzgü» qəzetinə torpaq alqı-satqısında aldadılmaları ilə bağlı müraciət etdi. Bu müraciətlərin əsasında mən jurnalist araşdırması apardım və çoxsaylı qanun pozuntuları aşkarladım. Bəlli oldu ki, Ceyranbatanın bələdiyyə və icra nümayəndələri satılması qabağan olunan torpaqları, məktəblərin həyətyanı sahələrini, parkların ərazisini, Samur-Abşeron kanalına bitişik əraziləri vətəndaşlara satıb.

GUYA KİMİSƏ DÖYMÜŞƏM

- Bəs vətəndaşlar məsələn, məktəbin həyətini almağa necə razılıq veriblər.

- Qəsəbənin icra nümayəndəsi orada özünə 3 mərtəbəli ev tikib indi də orada yaşayır. Vətəndaşlara da deyir ki, görürsüz, mən tikmişəm, demək, qanundankənar heç nə yoxdur. Bu faktları ölkə prokurorluğuna göndərdik. Qaldrılan cinayət işinin istintaqı yekunlaşdı və baxılması üçün məhkəməyə göndərildi. Məhkəməsi isə keçmiş icra nümayəndəsinin müavinini cəmi 4000 manat cərimələməklə işi yekunlaşdırdı. Bu gün də icra orqanları qanunsuz hərəkətlərində davam edirlər. Mən bu faktları aşkarladığıma görə, icra və bələdiyyə başçıları Cavanşir Zeynalovla, Yusif Əhmədov haqqımda cinayət işi qaldırılmasına nail olublar. Guya dava salaraq bir nəfəri döymüşəm.

YAXINLARDA MƏHKƏMƏ İŞƏ BAXACAQ

Qaradağ prokurorluğundan isə öyrəndik ki, artıq cinayət işinin istintaqı yekunlaşıb. İşi aparan müsəntiq Aqil Ələsgərov:

- Kamran Səxavətin doğrudan da Ceyranbatan qəsəbəsindəki parkda dava salaraq bir nəfəri döyməsi sübut olunub. Yaxınlarda məhkəmə işə baxascaq.

Kamranın bələdiyyədəki qanunsuzluqlarla bağlı yazısının qəhrəmanlarından biri Ceyranbatan sakini Xuraman Şəfiyeva deyir ki, hələ də haqqını ala bilməyib:

- Həyətyanı sahəmdə uzun illər istifadə etdiyim torpağı özəlləşdirmək üçün icra hakimiyyətinə müraciət etmişəm. Məndən 400 manat pul istəyiblər, mən də vermişəm. Ancaq adıma sənədləşdirilən torpaq sahəsi həyətyanı sahəmin yarısıdır. Çoxsaylı müraciətlərimə cavab verən yoxdur. Deyirlər ki, hara şikayət edirsən et, biz heç kimdən qorxmuruq.

Ceyranbatanın icra və bələdiyyə orqanlarındakı qanunsuzluqlardan daha bir şikayətçi isə Rəfiqə Rüstəmovadır. Dediyinə görə, 1990 –cı ildə abadlaşdırıb sonradan qanuniləşdirdiyi və ev tikdiyi torpağı icra nümayəndələri başqa şəxsə satıb. Saxta torpaq sənədilə əraziyə gələn yeni sahib onun evini uçurub yerində özünə yeni ev tikib:

Rəfiqə Rüstəmova deyir ki, ərazini Sakit Məmmədova satmaq üçün icra nümayəndəsi Cavanşir Zeynalov ona təzyiq göstərib, alqı-satqı sənədinə qol çəkdirmək istəyib:

DEDİ BU SƏNƏDƏ QOL ÇƏK

- Cavanşir Zeynalov məni otağına çağırıb dedi ki, bu sənədə qol çək. Mənim savadsızlığımdan istifadə edib saxta alqı-satqı sənədinə qol çəkdirmək istəyirdi. Mən də dedim ki, fəhləliklə 15 ilə 2 otaq tikimşəm, məni qıyma-qıyma doğrasalar da heç nəyə qol çəkən deyiləm. Evimi sökəndə məni də, yoldaşımı da, oğlumu da döyüblər, bütün əşyalarımı zibbiliyə atdılar, evimdən heç nə çıxarmağıma imkan vermədilər. Döyülməyimiz, bədən xəsarətləri almağımızla bağlı tibbi arayışımız da var.

Rəfiqə Rüstəmova baş verənlərlə bağlı Kamrana müraciət edib. Bundan sonra da Kamran Səxavətin onun dili ilə desək, qara günləri başlayıb:

- Başımıza gətirilənləri Kamran Səxavətə bildirdik. İndi də onu polisə veriblər ki, guya adam döyüm. Bu qədər qanunsuzluq edirlər, sonra da bu faktları üzə çıxarmaq istəyəni də susdurmaq istəyirlər.

AZƏRBAYCANDA HƏR ŞEYİ PUL HƏLL EDİR, O DA MƏNDƏ VAR

Şikayətçi deyir ki, fəhləliklə bir ömürə bir ev tikib onu da icra nümayəndələri sökdürüb. Rəsmilər isə bir neçə mərtəbəli villaları elə bir neçə aya da tikirlər:

- Cavanşir Zeynalov deyir ki, hara şikayət edirsən et, Azərbaycanda hər şeyi pul həll edir, o da məndə var. Biz bir ömürə bir daxma tikə bilmirik. Cavanşir Zeynalov bələdiyyə sədri keçəndən sonra 3 aya özünə 3 mərtəbəli ev tikib. Bunlar nəyə, kimə arxayındırlar?

Ceyranbatanın icra nümayəndəsi Yusif Əhmədova zəng etdik. Kamran Səxavətin iddialarını ona çatdıranda bildirdi ki, baş verənlərdən xəbəri olsa da bu məsələyə hər hansı formada bağlılığı yoxdur:

- Bu faktlar çoxdan baş verib. Mənim bu məsələyə bağlılığım yoxdur.

Ceyranbatan bələdiyyəsinin sədri Cavanşir Zeynalov da haqqında səslənən iddiaların heç birini qəbul etmir. Bələdiyyə sədri deyir ki, «Güzgü» qəzetinin müxbirinin qərəzli hərəkətlərindən Mətbuat Şurasına müraciət edib və qurum ildə cəmi 1 dəfə işıq üzü görən qəzetin adının reket nəşrlər sırasına salıb:

KAMRAN REKETÇİLIKLƏ MƏŞĞULDUR

- Kamran Səxavətin iddialarının heç bir əsası yoxdur. Qanunsuz torpaq alqı-satqısından, torpaqların təkrar satışından söhbət gedə bilməz. Kamran burada reketçiliklə məşğuldur. Bu faktları biz Mətbuat Şurasına da təqdim etmişik. Nəticədə «Güzgü» qəzeti reket qəzet elan olunub. Onun parkda bir nəfəri döyməsi isə xeyli insanın gözü qarşısında baş verib. O, kimisə döyübsə, mənim bu məsələyə hanıs bağlılığım ola bilər?

Torpaq-alqı satqısındakı qanunsuzluqlara gəlincə, Cavanşir Zeynalov Kamranın özünü qanunsuz əməllərdə suçlayır:

- Kamran Lerikdə daimi qeydiyyatda ola-ola Lökbatanda ailə yataqxanasında ev alıb yaşayır. Bu evi də 2 istiqamətdə genişləndirib. Heç ona irad tutan da olmayıb. Ancaq kim burada ev tikmək istəyir yapışır yaxasından ki, sənədlərin qanunsuzdur, yazacam mənə pul ver. Belə çıxır, indi Ceyranbatanda kim torpaq alıb-satsa dövlət orqanları ilə bərabər Kamrandan da icazə almalıdır.
XS
SM
MD
LG