Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:44

Azərbaycan Qərblə İranın arasında


Mahmud Əhmədinejad Bakıda, 21 avqust 2007
Mahmud Əhmədinejad Bakıda, 21 avqust 2007
Azərbaycan İrana mümkün sanksiyalar ərəfəsində bir növ gözləmə mövqeyi tutub. Hərçənd Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov deyir ki, Azərbaycan Türkiyə, Braziliya və İran arasında uran mübadiləsi ilə bağlı əldə edilən razılığı çox müsbət qarşılayıb.

Ancaq belə bir razılığın əldə edilməsinə baxmayaraq Amerika Birləşmiş Ştatları İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsini BMT-nin Təhlükəsizlik Şurasına təqdim edib.

Beləliklə də, bu proseslər Türkiyə, Braziliya və İranın iradəsindən kənarda cərəyan etdiyi üçün Azərbaycan da mövqeyinə bir qədər də aydınlıq gətirməlidir. Azərbaycanın xarici siyasət idarəsinin sözçüsü Elxan Poluxov deyir ki, İrana sanksiyalar ortada olmadığından bu məsələyə birmənalı münasibət bildirmək istəmirlər:

YENİ SANKSİYANIN ŞƏRTLƏRİ HƏLƏ MƏLUM DEYİL


«Əgər sanksiyalar tətbiq ediləcəksə, o sanksiyaların şərtləri olacaq. Yalnız bu şərtlər məlum olduqdan sonra ona birmənalı münasibət bildirmək olar».

Elxan Poluxov qeyd edir ki, Azərbaycan bütün qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşamaqda israrlıdır. Üstəlik onun fikrincə, Azərbaycan gündəlik tələbat üçün istifadə edilən nüvə proqramının hər
Mahmud Əhmədinejad Natanz nüvə zavodunda, 8 mart 2007
bir dövlət tərəfindən inkişaf etdirilməsinin tərafdarıdır.

Əslində İranın uran zənginləşdirmə layihəsi ətrafında oxşar ehtiyatlı mövqeyi Azərbaycan rəsmiləri illərdir ki, sərgiləməkdədirlər. Hətta Azərbaycanla İran arasında hələ bir neçə il bundan əvvəl razılıq əldə edilib ki, onlara qarşı əməliyyatlarda bir-birlərinin ərazilərindən istifadəyə imkan verməsinlər. İndi isə söhbət yalnız İrana 4-cu dəfə sanksiyaların tətbiqindən gedir.

AZƏRBAYCAN BÖYÜK DÖVLƏTLƏRİN QƏRARLARINA MÜQAVİMƏT GÖSTƏRMƏMƏLİDİR


Azərbaycanın İrandakı keçmiş səfiri, millət vəkili Nəsib Nəsibli deyir ki, bu məsələdə ilk növbədə şəxsi maraqlar önə çəkilməlidir. Onun fikrincə, İranın nüvə dövlətinə çevrilməsi Azərbaycanın təhlükəsizliyi üçün çox böyük amil yaradır. Əgər İran nüvə ölkəsinə çevriləcəksə, Azərbaycana diqtə siyasətini bir qədər də artırmaq imkanı əldə edəcək:

«Azərbaycan böyük dövlətlərin qərarlarına müqavimət yolunu tutmamalıdır. Ən azından bu müqaviməti ifadə etməyi
Rahim Hacıyev
öz maraqlarına uyğun saymamalıdır».

NEYTRALLIQ QORUNMALIDIR


Politoloq Rahim Hacıyev isə düşünür ki, bu məsələdə Azərbaycanın daha düzgün mövqe sərgiləməsi özünün neytrallığını qorumaq olardı. Çünki İranla yaxın qonşuluğu ondan bunu tələb edir. Ancaq Rahim Hacıyev yada salır ki, Qərb İranı terrora dəstək verən bir ölkə kimi qəbul edir. İranın bəzi davranışları da belə təsəvvürlərə haqq qazandırır. Rahim Hacıyevin fikrincə, Türkiyə, Braziliya və İran arasında məlum razılaşmadan sonra da bu ölkənin xarici işlər naziri Mənüçöhr Möttəkinin nüvə proqramını davam etdirəcəkləri haqda açıqlama verməsi onu göstərir ki, hələ tərksilah olunmaq niyyətində deyillər:

«Başqa tərəfdən, Azərbaycan da Qərb dövlətlərinə qarşı gedə bilməz. Əgər ondan nəsə tələb ediləcəksə, mümkün qədər çalışmalıdır ki, yumşaq variantların tətbiqi ilə vəziyyətdən çıxsın. Çünki mürəkkəb vəziyyətdir. Bir tərəfdən yaxın qonşuluq, başqa tərəfdən də böyük dövlətlərin maraqları. Mümkün qədər neytrallıq qorunmalıdır».

Rahim Hacıyev də düşünür ki, sanksiyaların şərtləri və daşıdığı məqsəd dəqiq aydın olmadığına görə, bu məsələdə Azərbaycanın tələsik mövqe nümayiş etdirməsinə ehtiyac yoxdur. Bütün hallarda Azərbaycanın başlıca mənafeyi bu məsələnin sülhlə yekunlaşmasını tələb edir.
XS
SM
MD
LG