Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:48

Şahin Cəfərli "Döyülən Qaranquş" (Hekayə)


“Uşaqlar, ora baxın qar yağır” – otaqdakı hər kəs pəncərəyə tərəf döndü.

Lakin demək olar ki, heç kim təəccüblənməmişdi. Buna təəccüblənmək üçün, gərək bir az romantik, bir az xəyalpərəst olasan.

Halbuki otaqdakılar diplomatiya öyrənirdilər və bu sənətdə romantikaya yer yox idi. “A kişi, biz burda nədən danışırıq, sən nə deyirsən...” – əsəbləri tarıma çəkilmiş müəllim dilləndi.

***

Qrupda Ona “şair” deyirdilər.

Hərdən bir-iki cızma-qara eləsə də, bu ayama onun ürəyincə deyildi.

Şairliyin yaratmaq – ilahi bacarıq – deyil, vəzifə kimi dərk edildiyi, dahi şair onluqlarına düşmək üçün qocalı-cavanlı hər kəsin dəridən-qabıqdan çıxdığı bu dövrdə, bu məkanda O, “şair” adlandırılmaq istəmirdi.

Dahi yox, adi olmaq istəyirdi.

İlk iki seminarda dərsə cavab verdiyinə görə vaxtı olmamışdı. İndi S.P-nin “Şəhər” kitabını oxuyurdu.

Yarım saat idi ki, üçüncü dərs başlamışdı.

Roman getdikcə maraqlı olmağa başlayırdı.

Altmış səhifəni adlamışdı və çox cəsarətli yazı olduğunu düşünürdü. “Qorxma, səndən ona verib eləmək tələb olunmur” – bu zaman auditoriyada danışmağı yeni öyrənən uşaq səsindəki sevinc və həyəcanı özündə birləşdirən bir səs eşidildi:

“Uşaqlar, ora baxın qar yağır” – otaqdakı hər kəs pəncərəyə tərəf döndü.

Lakin demək olar ki, heç kim təəccüblənməmişdi. Buna təəccüblənmək üçün, gərək bir az romantik, bir az xəyalpərəst olasan. Halbuki otaqdakılar diplomatiya öyrənirdilər və bu sənətdə romantikaya yer yox idi. “A kişi, biz burda nədən danışırıq, sən nə deyirsən...” – əsəbləri tarıma çəkilmiş müəllim dilləndi.

Əslində təəccüblənməli hal idi. Uzun qış aylarında belə şəhərə bir dəfə qar yağardı, ya yox. O da ki nə qar.. Sanki təbiət yediklərini qaytarırdı şəhərin üstünə...

Bu şəhərin insanları, küçələri kimi, qarı da çirkli olardı. “Şair”in təəccübünə səbəb olan qar isə martın on səkkizi yağırdı...

Onun düşüncəsində quş küləyin vücud almış forması idi. Quşların sərhəd tanımaması, küləyin azadlıq rəmzi olması mahiyyətcə eyni şey idi. Bəlkə də əvvəl quş olub və o, bu dünyada o qədər azad yaşayıb, o qədər müstəqil olub ki, bu vəziyyət Tanrının xoşuna gəlməyib və onun vücudunu, ruhunu alıb onu küləyə döndərib.

Və ona, eləcə də başqa canlılara göstərmək istəyib ki, kim azadlıqdan dəm vurmağa davam etsə sonu belə olacaq. Axı Tanrı, heç zaman yaratdıqlarının hədsiz azad olmasını istəməyib.

Bütün canlıları qul vəziyyətinə salan hökmdarlar da Tanrının yer üzündəki elçiləri deyildilərmi? “Şair” bu düşüncələrlə pəncərədən, qar dənələrinin arasında çaş-baş qalıb yönünü itirmiş, başı daşa dəymiş cücə kimi gicəllənən qaranquşa baxırdı.

İri-iri yağan qar dənələri yazıq qaranquşu təkləmişdilər. Qaranquşun üzərinə elə çırpılırdılar, onu elə döyürdülər ki, deyərdin qış yazın gəlməyinə əsəbiləşib, acığını qaranquşdan çıxır indi...

“Bir qaranquş qalmışdı, axır onun da başına oyun açdı bu şəhər” – deyə düşünürdü, bir addım irəli, iki addım geri misalı, bir qanad yuxarı, iki qanad aşağı uçmağa çalışan qaranquşa baxarkən...

***

Ona “güləyən” deyirdilər. Bizim dilimiz qəribə dildir. Hansısa felin sonuna ağan, əyən şəkilçisi artırsan insanın xarakterini biruzə verən bir söz alınır. Lakin həmin söz çox zaman insanın davranışlarındakı fahişəliyi sərgiləyir.

Yəni o sözün kökündəki feli yaxşı bacaran insan, o felin fahişəsi... Onun ləqəbi “gülmək” felinin fahişəsi demək idi, yəni - güləyən...

Bir dəfə bununla bağlı söhbət də etmişdilər, lakin o, “ay daa görəsən saatıma nə qədər verərlər?” – deyib buna da gülmüşdü.

O, qrupdakı hər kəsi eyni anda güldürə bilən yeganə adam idi. Özünün dediyinə görə evdəkilər əlindən bezmişdi – “ala o gün atam diyir ki, bizim tayfada bu qədər gülən kişi yoxdu. Sən kimə oxşamısan?”...

O, digər qrup yoldaşları kimi, əla qiymət, qırmızı diplom sevdası ilə yanıb tutuşmurdu.

Hələ magistraturadan söz düşəndə, “ala dörd il başımızı xarab eliyən müəllimlər, iki il də əlavə xarab eləsin diyə əziyyət çəkməliyəm, bunun da adı magistraturadı? Üstündə pul versələr, oxumaram” - demişdi.

O, bircə şeyi dəqiq bilirdi ki, bura aid deyil və həyatının heç bir hissəsində diplomat işləməyəcək. Bəlkə də buna görə bircə “şair”lə söhbəti tuturdu.

Bu gün ilk iki dərs ərzində bir dəqiqə də olsun dilini dinc qoymamışdı. “Uşaqlar günlərin bir günü Rəfiqə dərsə gəlir, birinci partada oturur. Müəllim içəri girir, deyir bu gün niyə dərsə bir nəfər gəlib? (burada O, Rəfiqənin köklüyünə işarə edir)”, “”şair” sənin yuxuvu görmüşəm.

Ən yüksək vəzifədə işləyəcəksən, iyirmi dördüncü mərtəbənin damını qırlıyassan”, “Anar sən Kolumbiyada səfir işləsən qiyamət olar hə? (burada Anarın narkotika ilə əlaqəsinə işarə edir)” və.s onun bu gün düzüb-qoşduğu lətifələr idi.

Üçüncü dərs sıxıcı keçirdi. “Şair” arxa partada hansısa kitabı oxuyurdu, Anar başını partaya söykəyib mürgüləyirdi.

Danışmağa mövzu tapmaq lazım idi. Bu fikirlər beynində avara-avara gəzərkən, gözləri pəncərəyə sataşdı.

Bayırda qar yağırdı. Əvvəl gözlərinə inanmadı, telefonda təqvimə baxdı və hansısa tədbirdə şeir söyləyən yeddi yaşlı məktəblinin keçirdiyi həyəcana yaxın bir hisslə qeyri-ixtiyari dilləndi: “Uşaqlar, ora baxın qar yağır” – otaqdakı hər kəs pəncərəyə tərəf döndü.

Lakin demək olar ki, heç kim təəccüblənməmişdi. Buna təəccüblənmək üçün, gərək bir az romantik, bir az xəyalpərəst olasan.

Halbuki otaqdakılar diplomatiya öyrənirdilər və bu sənətdə romantikaya yer yox idi. “A kişi, biz burda nədən danışırıq, sən nə deyirsən...” – əsəbləri tarıma çəkilmiş müəllim dilləndi. “Güləyən” özünü itirməyərək, “müəllim, auditoriyadakı gərginliyi azaltmaq istədim” – dedi.

***

Zəng vuruldu, uşaqlar yavaş-yavaş otaqdan çıxmağa başladılar. Qar hələ də yağırdı. Özü də elə şiddətlənmiş, dənələri elə iriləşmişdi ki, üç ay boyunca qar yağdıra bilməyən qış, çıxhaçıxda kişiliyini sübut etməyə çalışan qısır “öküz”lərə bənzəyirdi.

“Şair” qrup jurnalını götürüb dekanlığa apardı. Dekanlıq işçisi “şair”i görən kimi “qar da yağdı, sən bu jurnalı gətirmədin ki, çıxaq gedək evimizə” – dedi. Bu sözlər “şair”i öz xəyal dünyasından həqiqi dünyaya qaytardı.

Belə vəziyyətlərdə adətən beyin tam şəklidə yeni dünyaya qayıda bilmir. Uyğunlaşmağa beş-on saniyə lazım olur və bu beş-on saniyəlik zaman kəsiyində bir durğunluq yaranır. “Şair” bu keçid anında “qaranquşlar peşman oldu Bakıya gəlməyinə” – dedi və həmən peşman oldu ağzından uçan qaranquşlara... Çünki bu fakültədə bu cür poetik cümlələr yaxşı qarşılanmırdı.

Dekanlıq işçisinin cavabı isə “şair”in real dünyaya uyğunlaşma prosesinə yekun vurdu: “ bilirsən niyə? Çünki “rastamoşka” eləmiyiblər ona görə”...

***

Tədris binasından “güləyən”lə birlikdə çıxdı. İri addımlarla universitetin həyətini arxada qoydular. Metroya tərəf tələsirdilər.

Günorta hava isti olduğundan qızların əksəriyyəti yaz paltarları geyinmişdilər. İndi soyuqdan ayaqlarını bir-birinə sıxa-sıxa yeriyirdilər və təbii ki, “güləyən” özünə yeni mövzu tapmışdı. Hərəyə bir söz qoşurdu.

“Şair” demək olar ki, ona qulaq asmırdı, öz fikir dünyasına qayıtmışdı. Qarın yağmasında nəsə qara aid olmayan özgə bir şey duyurdu. İri-iri qar dənələri adamın üzünə yapışıb qalırdı.

Sanki insanların - hər cür müsbət keyfiyətlərdən uzaq olan tələbələrin, tərif və mədh eşitmək ən böyük əyləncəsi olan müəllimlərin -, ətrafdakı hər şeyin - binaların, evlərin - onların içində işləyənlərin, yaşayanların və ümumiyyətlə təbii sərvətlərin insan nəcisi kimi çirklətdiyi şəhərin üzünə tüpürürdü təbiət...

Bu an “şair”in yadına bir atalar sözü düşdü: “dəlinin üzünə tüpürürlər, elə bilir ki, yağış yağır”. .. İroniya elementləri sezilən gülümsəməsiylə, “bəlkə elə biz də dəli olmuşuq, elə bilirik ki, qar yağır” – deyə düşündü metroya girərkən...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG