Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:22

Əfqan Cəfərov "Yenilik" (Hekayə)


1982-ci ilin sentyabr ayı idi. Kənd məktəbində böyük dəyişiklər olmuşdu.

Səkkizillik kənd məktəbi orta ümumtəhsil məktəbinə çevrilmişdi. Dərslərin sayı artdığından məktəbə əlavə müəllimlər göndərilmişdi.

Kənddə isə kadr az olduğundan işə düzələn yeni müəllimlərin əksəriyyəti qonşu kəndlərdən gəlmişdi.

Yeni müəllimlər isə məktəbin girişini-çıxışını, sinif otaqlarını yaxşı tanımırdılar.

Məktəbin əsas binası çoxdan tikildiyindən köhnəlmişdi. Lakin hiss olunurdu ki, bu il binanı üzdən rəngləyib təzələmək istəmişlər. Köhnə binanın yanında isə 3 yanaşı sinif otaqları yeni tikilmişdi.

Şagirdlərin səbirsizliklə gözlədiyi 1 sentyabr gününü təmtəraqla qeyd etdik.

Sonuncu sinfin şagirdləri məktəbə yeni qədəm basan birincilərə dəftər-qələm, birincilər isə əvəzində onlara gül dəstəsi verdilər. Bayram səviyyəsində qeyd olunan bu tədbirdə valideynlər də iştirak etdilər.

Yüksək səviyyədə qeyd olunan “Bilik günü“ istər şagirdlərin, istərsə də kənd camaatının yaddaşına əbədi həkk olundu. Bir neçə gün bütün kənd sakinləri həmin hadisədən danışdılar.

Məktəbin ümumtəhsil orta məktəbinə çevrilməsi şagirdlərin, eləcə də valideynlərin işini xeyli asanlaşdırmışdı.

İndi onlar, yəni yuxarı sinif şagirdləri dərs oxumaq üçün, onların valideynləri isə məktəb iclaslarına neçə kilometr aralı olan qonşu kənd məktəbinə getməyəcəkdilər.

Bundan başqa məktəbdə ayrıca kompyuter otağı yaradılmışdı. Düzdür, bu kompyuterlər həmin dövrün tələblərinə tam cavab verməsə də, hər halda irəliyə doğru bir addım idi.

Çünki uzaq bir əyalət kəndində belə yeniliklərin olması nadir hadisələrdən sayılırdı. Bütün bu yeniliklər məktəb direktoru Nadir müəllimin gərgin əməyi sayəsində baş vermişdi.

O, rayon maarif şöbəsinin müdiri ilə aralarında olan isti münasibətlərdən istifadə edərək, bu qədər yeniliklərə nail olmuşdu.

Şəxsən Nadir müəllimin tədris-təlim sisteminə çox ciddi münasibət bəsləməsi, məktəbdə əlavə pulsuz hazırlıq kurslarının təşkili, hər il buraxılış siniflərinin ali məktəblərə qəbul faizinin çoxalmasını müəllimlərdən tələb etməsi öz müsbət nəticələrini göstərirdi.

Düzdü, əvvəllər yuxarı sinfi qonşu kəndə oxumağa gedən uşaqların çoxu təhsildə dala qalır, bəziləri isə tədricən oxumağın daşını atırdılar. Nəticəni isə, Nadir müəllimin rəhbərlik etdiyi məktəbin üzərinə yazırdılar.

Nadir müəllim arıq, boyca bir qədər hündür idi. İlk baxışdan zarafatı xoşlamayan, daim ciddi və işgüzar görünən sifətə malik olsa da, hər bir hərəkəti gülməli alınırdı.

Şagirdlər daim onu yamsılamaqdan ləzzət alar, hər kəs öz bacarığını göstərməyə çalışardı.

Məktəb direktoru günlərin birində tapşırıq vermişdi ki, səhər idmanına gecikən hər bir şagird məktəbin yaxınlığından axan çaydan bir çay daşı gətirib gələcəkdə yeni məktəb tikiləcək əraziyə atsın.

Bununla o, həm dərsin ciddiliyi artırmış, həm də əsası qoyulmuş yeni sinif otaqlarının tikilməsinə az da olsa köməklik etmiş olurdu.

Səhər idmanı qurtarana qədər gecikmiş şagirdlər məktəb həyətində saxlanılır, sonra isə kollektiv çaya göndərilirdi. Həftənin cümə günü idi. Adi günlərdən biri idi. Həmişəki kimi şagirdlər məktəbə tələsirdilər.

Artıq zəng vuruldu və həmişəki kimi 15 dəqiqə çəkən səhər idmanı başladı. Mən məktəbin giriş qapısının yaxınlığında dayanıb gecikmiş şagirdlərin gözləməsini bildirirdim. Bir azdan məktəb direktoru Nadir müəllim də həmin yerə gəldi.

Gecikənlər çox olduğundan bilmədi nə etsin. Şagirdlərdən birinə yaxınlaşmaq istədi.

Görünür, bu hala çox hirsləndiyindən ona fiziki cəza vermək istəyirdi ki, digər şagirdlərə də görk olsun. Lakin şagird direktorun fikrini tez başa düşdüyündən arxaya çəkildi.

Nadir müəllim ona tərəf getməkdə davam etdi. İşi belə görə şagird qaçmağa başladı. Direktor da onun arxasınca qışqıra-qışqıra qaçmağa başladı:

- Tutun onu görüm, dayan ə, ölmə, öldürəcəm səni.

Dayanmış uşaqların başına iki-üç dairə vurduqdan sonra direktor dayandı və yerdən böyük bir ağac götürüb yenidən onun arxasınca qaçmağa başladı. Bizi gülmək tutsa da, qorxumuzdan səsi­- mizi çıxara bilmirdik. Direktor isə qışqırırdı:

- Nə durmusunuz, tutun onu, tez olun, tutun mənə verin.

Nəhayət, uşaqların bir neçəsi qaçan şagirdi saxlaya bildilər. Uzaqdan özünü yetirən direktor saxlanan şagirdə çatıb bilmədi nə etsin. Əlindəki ağac çox böyük idi. Onunla kimi isə vurmaq olmazdı. O, bir şagirdə baxdı, bir ağaca baxdı. Əlindəki ağacı kənara atıb onun qulağından yapışdı:

- A vicdansız, hara qaçırdın, ölmə öldürəcəm səni, ölmə öldürəcəm - deyib, acıqılı halda eyni sözü bir neçə dəfə təkrar etdi.

Biz onun sözünə və eyni zamanda etdiyi hərəkətlərə gülürdük.

- Siz nəyə gülürsünüz, bu gün bu çaydan bir yox, iki daş gətirər, ağlı gələr başına - demişdi.

Dərslərin başlamasından bir neçə gün keçmişdi. Məktəbdə baş verən yeniliklərdən biri də müəllimlər üçün ikinci ayaqyolunun düzəldilməsi olmuşdu. Lakin kənar kənddən gələn müəllimlər bu ayaqyolunu hərdən səhv salırdılar.

Qadınlar kişilər üçün nəzərdə tutulmuş ayaqyoluna gedir, kişilər isə əksinə.

Bunun qarşısını almaq üçün məktəb direktoru növbətçiyə göstəriş vermişdir ki, təbaşirlə ayaqyolunun birinin üzərinə böyük hərflə “Q“, digərinin üzərinə isə, “K“ hərfi yazsın. Həmin gün bizə fizika fənnini tədris edən Qüdrətov Kərim müəllimin dərsi idi. Birdən pəncərədən baxanda gördüm ki, bir uşaq əlində təbaşir ayaqyolunun üzərinə hərflər yazır.

Hərfləri gördükdə ilk ağlıma gələn müəllimimizin adının baş hərfləri oldu. Elə düşündüm ki, kimsə bizim müllimimizə sataşmaq istəyir.

Fikrimi yanımda oturan xalamoğluna dedim. Kərim müəllim isə yeni dərsi izah edirdi. Xalamoğlu özündən asılı olmadan ayağa duraraq müəllimin sözünü kəsib:

- Müəllim, bir ora baxın, görün nə yazırlar? - deyib, barmağı ilə pəncərədən həmin tərəfi göstərdi. Müəllim hərfləri görən kimi, tez pəncərəni açıb uşağa qışqırdı:

- Ayə, ay uşaq, nə yazırsan orda, rədd ol ordan. Uşaq isə əziyyətinin düzgün qiymətləndirilmədiyindən hirslə müllimə:

- Müəllim, nə edirəm e, direktor deyib, mən də yazıram də. Bu qadınlar üçündür, bu isə kişilər üçün.

Pərt olmuş müəllim tez pəncərəni bağlayıb xalamoğluna təpindi:

- Otur aşağı, ayıb olsun sənə. Mən də deyirəm görən nə olub - deyən müəllim özünü elə apardı ki, guya heç nə başa düşməmişdi.

Sonu

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG