Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:57
Mayın 15-də Moskvada dahi rus yazıçısı Fyodor Dostoyevskinin adını daşıyan metro stansiyasının açılışı olmalıydı.

Həmin gün Rusiya paytaxtında metropolitenin 75 illiyi qeyd olundu.

Amma stansiya açılası olmadı...

Metro rəhbərliyi bunu təmir işlərini vaxtında tamamlaya bilməmələri ilə izah edir, amma yubanmaya stansiyadakı rəsmlərin səbəb olduğunu güman edənlər də var.

Açılışa bir neçə gün qalmış internetdə peyda olan fotolar stansiyanın qətl və intiharlara yol açacağı ilə bağlı narahatlıq yaradıb.

Divarlarda Dostoyevskinin qəhrəmanlarının şəkilləri var.

Məsələn, Raskolnikov sələmçi qarını öldürəndən sonra növbəti qurbanının işini bitirmək üçün baltanı başı üzərinə qaldırıb.

Başqa bir personaj isə tapançanı gicgahına dirəyib intihar edir.

Stansiyanın tərtibatı ağ-qaradır.

Bloqlarda stansiyanın həddən artıq “bədbin tərtibatı” ilə bağlı ifadə edilən narahatlıqları bəzi psixoloqlar da bölüşür.

Onlar xatırladırlar ki, metro onsuz da intihara meylli insanların “ən sevimli yerlərindən biridir”, az qala hər ay özünü qatar altına atanlar olur.

Debata yazıçının nəslindən olan Dmitri Dostoyevski də qoşulub:

“Əlbəttə belə yerlər əhval-ruhiyyəyə təsir edir.

Əgər insan öz həyatındakı problemlərin burulğanından çıxa bilmirsə və hər gün belə stansiyadan keçib işə gedir, evə qayıdırsa, hər şey mütləq kədərli sonluqla bitəcək” .

Stansiyaya tərtibat vermiş rəssam İvan Nikolayev isə belə tənqidlərlə razılaşmır:

“Necə olur ki, hər gün televiziyada ən dəhşətli qətllər, vampirlər, amansız quldurlar haqda filmlər verilir, bu insanlara pis təsir etmir, amma metro stansiyasındakı şəkillər depressiya yaradır?”

İndi “Dostoyevski” stansiyasının açılışı mayın axırına təyin edilib, yubanmanın məhz nəylə bağlı olduğunu yəqin stansiya açılanada bəlli olacaq.

Sərnişinlər baxacaqlar ki, stansiyada qətl və intihar səhnələri yoxa çıxıb, yoxsa yox?

Günün bütün mövzuları

XS
SM
MD
LG