Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:55
Azadlıq Radiosunun “Oxu zalı”nda Milli Kitab Mükafatı müsabiqəsinin onluğuna düşən yazarlarla müsahibələrimizi davam etdiririk. Bu dəfə həmsöhbətimiz şair, yazıçı, publisist Əjdər Oldur. O, müsabiqədə Portret hekayələr toplusu ilə iştirak edir.

- Əjdər bəy yazı imkanlarınız, şəraitiniz necədir, yazmağa vaxtınız çox olurmu?

- Hər bir yazıçının özəl vaxtı olur və o vaxta heç kim girə bilmir.

Yəni bu bir qoruqdur. Vaxt qoruğu var hər bir yazıçının. Həmin vaxtda yazıçı sürətlə düşünə, düşündüklərini ifadə edə və yazıya çevirə bilir.

Əjdər Ol 1958-ci il avqustun 17-də Azərbaycanın Qazıməmməd şəhərində anadan olub. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Prezident Aparatında Milli məsələlər üzrə məsləhətçi (1992-1994), "Şur" nəşriyyatında baş redaktor (1994), Maliyyə Nazirliyində mətbuat xidmətinin rəhbəri (1994) işləyib. Bədii yaradıcılığa keçən əsrin 80-ci illərindən başlayıb.
O mənada vaxt belədi ki, biz həmişə onu nədənsə kəsib nəyəsə calayırıq.

Ola bilər ki, sən hansısa bir əyləncənin dalınca getməzsən, hansısa bir lazımsız işə çox vaxt sərf eləməzsən və əldə etdiyin vaxt ehtiyatını yaradıcılığa həsr edərsən. Eyni zamanda sürətlə düşünmək və yazmaq da şərtdir.

Ola bilər ki, başqasının üç, beş saatda işlədiyini sən yarım saata yaza bilərsən. Bu da böyük rol oynayır. Yəni hərəkətin sürəti və faydalı iş əmsalının yüksək, yaxud aşağı olması da ciddi rol oynayır.

Hər halda mən düşünürəm ki, bütün qələm sahiblərinin özünün vaxtı var.

- Milli kitab mükafatı müsabiqəsini necə dəyərləndirirsiniz?

- Uzun müddətdir ki, bu müsabiqə ətrafında söhbətlər gedir.

Yəni bu müsabiqəni necə dəyərləndirilməsi sualı meydandadır. Mənim aləmimdə bütün müsabiqələri dəyərləndirmək lazımdır.

O şey ki, seçir, o addım, o aksiya ki, yaxşını yamandan arıtlayır, təmizləyir, ortaya bir şey qomaq istəyir, onu dəyərləndirmək, hörmətlə yanaşmaq lazımdır.

Mən hesab edirəm ki, bu müsabiqə oxuculara kimlərisə təqdim edəcəyi baxımdan maraqlıdır. Xüsusən gənc, az oxumuş oxucular yeni adlarla tanış olacaqlar.

Şəxsiyyəti formalaşmış, zövqü müəyyən şəklə düşmüş insanlar nəyi oxumağı, necə oxumağı özləri də ayırd edə bilirlər.

Amma müəyyn yeniyetməlik, gənclik, yaxud oxu dairəsi çox da geniş olmayan insanlar var ki, onlara göstərmək, təqdim eləmək, təbliğ eləmək lazımdır ki, hansı kitabları, hansı müəllifləri oxusunlar.

Bu müsabiqə də kimlər üçünsə bu müəlliflərin yeni əsərlərini ortaya çıxardır.

Bu yeni əsərlər o qədər də təbliğ olunmur. Azərbaycanda kitab satışı şəbəkəsi geniş deyil, ona görə də tirajlar azdır. Yəni oxuculara gedib çatmaq olmur, yazıçının oxuculara əli çatmır.

Bu baxımdan «Mili kitab mükafatı» müəyyən bir addım, müəyyən bir cəhddir. Mən bunu təbii ki, yüksək qiymətlənidirirəm.

Və arzu edirəm ki, oxucular bu müəlliflərə diqqətli olsunlar, onları izləsinlər.

- Bəs bu müsabiqədə iştirakın özü nə vəd edir?

- Hər hansı bir aksiyada, hərəkatda, tədbirdə iştirak etmək insana zövq verir. Adam özünü bir də sınamaq istəyir, sənin yazdıqların oxucu zövqünə nə dərəcədə hesablanıb. Hər bir yazıçı, hər bir müəllif üçün maraqlıdır ki, onun fikirləri qarşısındakına necə çatır. O fikrini oxucuya çatdıra, ünsiyyət yarada bilirmi. Bu baxımdan insan bu aksiyaya qoşulur.

Müsabiqələr bu gün başlamayıb, sabah qurtarmır. Min illərlə müsabiqələr olub, min illərlə əsərlər dəyərləndirilib, mükafatlandırılıb.

Əlbəttə ki, hər bir işin qarşılığı mükafat olsa yaxşıdır. Yəni insan zəhmət çəkir və onun qarşılığında bir mükafat, sayılmaq, tanış edilmək, əks-səda ehtiyacı duyur.

- Onluğa sizin portret hekayələriniz düşüb. Niyə məhz portret hekayələr yazırsınız, indi o qədər də yazılmır belə hekayələr.

- Bilirsiiz, portret hekayələr belədir ki, insan həyatı necə görür, dərk edirsə elə də yazmağa çalışır. Ədəbiyyatın məqsədi insandı. İnsanı təsvir etmək, insanı duymaq, anlamaq, onu ifadə etmək.

Mən əlbəttə təkcə portret hekayələr yazmamışam.

Mənim başqa hadisələrə, məsələlərə həsr olunmuş hekayələrim də var.

Sadəcə olaraq ekspertlər portret hekayələrimi seçiblər. Görünür onların diqqətini çəkən nə isə uğurlu bir məqam, uğurlu bir görüntü olub ki, o hekayələri müsabiqəyə cəlb ediblər.

Əgər onlar elə hesab edirlərsə ki, onluğa bu hekayələr düşməlidir qoy düşsün də.

Mənim üçün bütün yazdıqlarım mənimdir, mənim ifadəmdir və onların arxasında mən imzamla dururamsa bu əsər olmasın o biri olsun, fərqi yoxdur.

- Sizcə hansı əsər dəyərlidir?

- Məncə özbaşına yaşaya bilən əsər dəyərlidir. Əsər ümumiyyətlə canlı olmalıdır, oxucu ilə ünsiyyət yarada bilməlidir. Eyni zamanda təmənnasız yaşaya bilməlidir. Müəllif onu yazıb özündən, canından ayırır, yazı şəklinə salır.

Və həmin müəllifin əsəri təklikdə yaşaya bilməlidir.

Ona xüsusi bir himayədarlığa ehtiyac olmamalıdır. Əsər müstəqil yaşamalıdır.

Necə ki, klassiklərimiz yaşayır, min illərdən keçib gəliblər. Sahibləri ölüb gedib, amma əsərin içinə girən kimi o əsərlər dirilir və səninlə söhbət eləməyə başlayır. Əsər müstəqilliyə öyrədilməlidir.

O müstəqil olaraq ayaq itutub yeriməlidir.

Bu baxımdan bütün mənalarda əsər təsirlidirsə, təzədirsə, cəlbedicidirsə, oradan oxucu nəsə götürürsə, heç kim onu oxucunun əlindən ala bilməz. Bu məsələdə oxucu son dərəcə güzəştsizdir.

O heç bir müəllifə güzəştə getmir.
Söhbət əlbəttə ki. zövqlü oxucudan gedir. Zövqlü oxucuya nə etsən də o kitabı əlindən ala bilməzsən, necə ki, dəyərsiz əsəri heç cür onun əlində saxlaya bilməzsən.

- Niyə yazırsınız və nə vaxtadək yazacaqsınız?

- (Gülür) Bu bir az qəribə sualdır.

Niyə yazıram. İlk yazmağa başlayanda insan özünü ifadə etməyə çalışır.

Hamı belədir. Hərə bir yolla –biri tikməklə, biri qurmaqla, digəri vəzifə qazanmaqla, kimisi hansısa bir ixtira etməklə diqqəti cəlb eləmək istğəyir. İstəyir ki. öz içərisində olanları göstərsin.

Yazıçı da öz içərisini qələmi ilə göstərməyə çalışır.

Yəni burada bir az özünü göstərmək də olub.

Özünü ifadə etməksə daha çox olub. Ola bilsin ki, başlanğıcda tanınmaq istəyərkən bir balaca şöhrətə də uymuşuq.

Hər halda bunun da arxasında bir müqəddəs istək var. Amma bütün mənalarda bütün böyük işlər kimi yazıçılıq da fəhləçilikdir. Yəni alın təridir, zəhbətdir, yuxusuz gecələr, axtarışlardır və sair.

Yəni mən inanmıram ki, hər hansı bir şərəfli iş, hər hansı bir həqiqi şöhrət gətirən iş asan başa gəlsin.

- Və nə vaxtadək bu davam edəcək?

- Əlimiz qələm tutana, huşumuz başımızda olana, düşüncələrimiz fikirlərimizi bir yerə yığana qədər. Yəin ki, ölənədək də.

Həmçinin oxu
Əjdər Ol "Qatillə görüş" (Hekayə)

Günün bütün mövzuları

XS
SM
MD
LG