Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:28

«Birinci qrup əlillik üçün məndən pul umurlar»


Tələb olunan dərmanların tapılmamasının səbəbkarı Avropanın hava məkanını iflic edən kül dumanıdır

Tələb olunan dərmanların tapılmamasının səbəbkarı Avropanın hava məkanını iflic edən kül dumanıdır

AzadlıqRadiosunun «Qaynar xətti»nə müraciət edən Bakı sakini Rəna Əliyeva 10 ildir davamlı qıcolmaların yatağa saldığı oğlu Musa Əliyevə birinci qrup əlillik dərəcəsi ala bilməməsindən şikayətçidir. 293 saylı orta məktəbdə müəllimə işləyən Rəna Əliyeva imkansızlıqdan Musanı müalicə etdirə bilmədiyini deyir. Həyat yoldaşı uzun illərdir əmək miqrantı kimi Rusiyaya gedib və ailəsilə heç bir əlaqəsi yoxdur. Ailə Rəna müəllimənin 160 manat əməkhaqqı və Musaya ikinci qrup əlilliyinə görə verilən 34 manatla yaşamağı məcburdur.

9 yaşına qədər Musanın heç bir xəstəliyi olmayıb. Oxuduğu məktəbin əlaçısı olub. Sonradan başlayan qıcolmalar indi onun hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Nərimanov Rayon Ruhi-Əsəb Dispanserində daimi qeydiyyatda olan Musaya dövlət tərəfindən dərmanlar verilməli olsa da, Rəna müəllimə dərmanları gərəkli miqdarda ala bilmədiyini deyir:

DƏRMANLARA HƏR ZAMAN İMKANIM ÇATMIR

- «Topamaks» və «Diferin» Musanın davamlı qəbul etdiyi dərmanlardır. Onları dispanserin aptekindən hər zaman tapmaq mümkün olmur. Tapanda da gərəkli miqdarda ala bilmirəm. Məcburam ki, aptekdən alım. Ancaq buna da hər zaman imkanım çatmır.

- Neçəyə alırsız dərmanları?

- Qiymətlər 58 manatdan başlayır. Musaya 1-ci qrup əlillik dərəcəsi versəydilər, heç olmasa pensiyasını onun dərmanlarına verərdim. İndi durumu idarə edə bilmirəm.

Qanunvericiliyə görə, hərəkət imkanları məhdud olanlara, kənar müdaxilə ilə hərəkət edənlərə, o sıradan yataq xəstələrinə birinci qrup əlillik dərəcəsi verilməlidir. Şikayətçi bildirir ki, Ruhi Əsəb Dispanserinin həkimləri Musaya birinci qrup əlilliyə uyğun diaqnoz qoysalar da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan Tibbi-Sosial Ekspertiza Komissiyası illik yoxlamalarda M.Əliyevə ikinci qrup əlillik dərəcəsi verib. Ruhi-Əsəb Dispanserində isə R.Əliyevaya bildirirlər ki, əlillik dərəcəsinin təyini bizlik deyil:

BİRİNCİ QRUP ƏLİLLİK ÜÇÜN MƏNDƏN PUL UMULAR

- Həkimlər bildirir ki, biz Musaya dəqiq diaqnoz qoyuruq. Onlar da təsdiq edir ki, oğluma bu diaqnozla ömürlük birinci qrup əlillik dərəcəsi verilməlidir. Ancaq TSEK-dəki yoxlumalarda birinci qrup əlillik üçün məndən pul umular.

Nərimanov Rayon Rusi-Əsəb Dispanserindəki aptekin müdiri Mirmehdi Rəsulov isə deyir ki, tələb olunan dərmanların tapılmamasının səbəbkarı Avropanın hava məkanını iflic edən kül dumanıdır:

GÜNAHKAR KÜL DUMANIDIR

- Bir neçə müddət idi Avropa hava məkanındakı problemlər bir sıra dərmanların depolardan tükənməsinə səbəb olub. Ancaq bugünlərdə «Topomaks» almışıq. Ailə müraciət etsə, biz onları təmin edə bilərik.

- Demək həkimlərin təyin etdiyi miqdarı artıq xəstələrə paylamaq mümkündür.

- Hələlik 100 faizlik təminatla bağlı danışa bilmərik. Əlimizdə nə qədər dərman varsa, onu xəstələr arasında ədalətli şəkildə bölməyə çalışırıq. Bütün xəstələrin tələbatını ödəmək üçün bu sahəyə 2 milyon manat ayrılmasına ehtiyac var.

Vətəndaşın şikayətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də çatdırdıq. Nazirliyin mətbuat xidmətinin başçısı Elnur Kələntərli deyir ki, M.Əliyev təkrar müayinədən keçsin, nazirlik onun şikayətini gərəkli qaydada araşdıracaq.
Bizimlə əlaqə

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG