Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:33

Cibində üçcə manat Bakıya gələn şair...


Rəsul Rza
«Ədəbiyyat harda varsa, orda qaliblər var! Rəsul Rzanı da qalib edən ədəbiyyat, poeziya oldu». Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının Rəsul Rzanın 100 illiyi ilə bağlı canlı efirinə qatılan şair Qəşəm Nəcəfzadə söylədi.

ƏYNİNDƏ PARUSİN KÖYNƏK, CİBİNDƏ ÜÇCƏ MANAT...

Aparıcının «30-cu ildə əyalətdən «cibində üçcə manat» şəhərə gələn Rəsul Rza Bakını necə fəth edə bildi» sualını cavablayan Q. Nəcəfzadə «30-cu illərdə, o ağır, çətin repressiya illərində onun həyanı ədəbiyyat olub, Onu coşqun, qalib çıxaran xalqın folkloru, türk təfəkkürü olub», - dedi.

RƏSUL RZANIN HAVASINA UÇUB GƏLİRDİK

Verilişin digər qonağı - şair Sərvaz Hüseynoğlu isə, Rəsul Rzanın Bakıya ilk gəlişi ilə özünün və yaşıdlarının gəlişi arasında paralellər apardı.

«O zaman bu 20 yaşlı gəncin şəhərdə heç kimi yox idi. Böyük qəlbini, zəkasını və poetik duyğularını götürüb şəhərə gəlmişdi. Bizim ədəbi nəsil isə Bakıya Rəsul Rza havasına uçub gəlirdi. Onun poeziyası daxilimizə elə oturuşmuşdu ki, biz cib problemini düşünmürdük. Bu məkan doğma idi və burda qəriblik, tənhalıq hiss etmirdik. Çünki Rəsul Rza bizimlə idi».

YENİ CƏMİYYƏTİN TƏBLİĞATÇILARI...

Ötən əsrin 30-cu illərinin inqilabi dəyişikliklər illəri olduğunu, sözdə fəhlə-kəndli hökumətinin qurulduğunu deyən S.Hüseynoğlu «yeni proletar düşüncəsinin təbliği prosesi gedirdi. Onlar proletar düşüncənin azadlığa gətirib çıxaracağına, bu ideyalara həqiqətən inanırdılar və atəşin qəlblə həmin cəmiyyətin təbliğatını aparırdılar» - fikrini vurğuladı.

S. Hüseynoğlu dünya ədəbiyyatında da bu proseslərin getdiyini söylədi. «Bu ideyalara vurulanlar da vardı. Faşizmə vurulanlar olduğu kimi. Düzdür, F.Mann kimi yazıçılar bu prosesin hara aparacağını dərk edirdi. Odur ki, Rəsul Rza kimi gənc şairi dünyada nə baş verdiyindən çox, insanları xoşbəxtliyə aparacaq yeni bir
Sərvaz Hüseynoğlu
həyatın başlanması ilhamlandırırdı».

30-CU İLLƏR ƏDƏBİYYATI OLMASAYDI...

Qonağımız ucqarlarda yaşayan bu istedadlı gənclərin fikir və düşüncələrini ifadə etmək üçün paytaxta gəldiklərinə diqqət çəkdi. Və əlavə etdi ki, «şübhəsiz, burada yanlışlıqlar da var idi, dövrün, zamanın dəbinə uymalar da var idi. Ancaq cəmiyyəti daha düzgün, daha əxlaqlı görmək istəyənlər çox idi».

S. Hüseynoğlunun fikrincə, 30-cu illər ədəbiyyatı olmasaydı, 50-60-70-cı illər ədəbiyyatı başqa istiqamətdə inkişaf edəcəkdi. «Onların yaradıcılığı stimul verdi, Az-n ədəbiyyatına vətəndaşlıq düşüncəsini gətirdi».

RƏSUL RZA EZOP DİLİNƏ KEÇDİ...

M.F. Axundovun başladığı, H.B.Zərdabinin, Ə.B.Hüseyzadənin, H.Cavidin davam etdirdiyi azərbaycançılıq, türkçülük ideyalarının Sovetlərin ilk illərində arxa plana keçdiyini söyləyən S.Hüseynoğlu «Rəsul Rzanın gəlişi ilə bu proses önə çəkildi. R.Rza yaradıcılığı bu ideyaların xalqa ezop dili ilə yenidən təqdimat forması idi» - dedi.

RƏSUL RZANI NƏ XİLAS ETDİ?


Qəşəm Nəcəfzadənin fikrincə, əyalətdən gələn gəncləri gülərüzlə qarşılayan hökumət sonradan onların düşüncələrini əzməyə başladı:

«Rəsul Rzanı içindəki mərdlik, kişilik xilas etdi».

R. Rzanı o dövrün ən əzab çəkən şairlərindən hesab edən Q. Nəcəfzadə, bəy nəslindən olan Nigar xanımla ailə qurmasının da şairə problemlər yaratdığını söylədi:

Qəşəm Nəcəfzadə
«Rəsul Rza xarakterindəki kişilik, mərdlik sayəsində sevgisinə xəyanət etmədi. Nigar xanımla evləndi. Bütün çətinliklərə dözdü. Sonda da qalib gəldi».

Bəs necə oldu ki, Rəsul Rza 37-nin maşınından qurtula bildi?

Q. Nəcəfzadə: «Sözünün yerini bilib, usta danışıb, sətiraltı mənalara keçməyi onu xilas edib».

«Modern şeir Rəsul Rzayla başladı» deyən Q. Nəcəfzadənin fikrincə, «o zaman hakimiyyətin başında dayanan M.C.Bağırovun bəy nəslinə xüsusi rəğbəti olub. Üzdə əks çıxışlar etsə də, Azərbaycanın ləyaqətli oğullarını tanıyıb».

Qonaqlar verilişə gələn SMS-ləri də cavabladılar.

Rəsul Rzanın saysız xidmətlərindən söz açdılar.

R. Rzanın «Gecənin susqun nəğməsi» kitabını Türkiyə türkcəsinə çevirib nəşr etdirən İmdad Əfşar da proqrama danışdı.

R. Rzanın şeirləri həm öz ifasında, həm də aktyor Fuad Poladovun ifasında səsləndi.
XS
SM
MD
LG