Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:59

Mahir Bayram "Dərisinə saman təpilmiş gündəlik" (Xatirə – hekayə)


Bu əhvalatı düz qırx il əvvəl yazmalı idim.

Amma,tənbəllik və bu tənbəlliyin dabanı ilə həyatda öz yerini axtarış çabaları, dünya ilə daim sarsıntılı tanışlıqlar..,uşaqkən gördüyüm həmin əhvalatı beynimdə gəzdirə-gəzdirə gətirib bu günə çıxardı.

Belə gec qələmə almağımın bir səbəbi də, bu yaxınlaradək talehə inanmağım olub.

Elə bilmişəm ki, lap yüz il də keçsə, bu hekayəti yazıb həyatda diri qoymayınca, ölə bilmərəm. İnanırdım ki,nə qədər bu yaşantı yazılmayıb, mənim yaşamaq möhlətim uzana-uzana gedəcək.

Ancaq, bu gün artıq talehə-zada inanmıram.

Elə günü sabah çox şey başı üstə çevrilə bilər. Həmin əhvalat, onun təəssuratı mənimlə birgə qəbrə gedər.

Odur ki,özümü zorla masaya yapışdırıb, yazmağa başlayıram.

Bu qırx il müddətində həmin təəssurat, uşaq həssaslığı ilə birgə , olduğu kimi içərimdə qalsa da, qorxuram olduğu kimi bayıra çıxarda, qələmə ala bilməyəm.

Birdə ki,o vaxt balaca, hələ yetişməmiş beynimə, qəlbimə -bunu qələmə almaq qərarı haradan gəlmişdi, hələ də bilmirəm. Amma, qırx il keçsə də, deyəsən, qəlb də, beyin də elə həminkidir, bircə bəzi qənaətlər dəyişib. Xülasə…

Mənim on yaşım vardı.

Yazın əvvəlləri idi. Atam və anam növbə ilə mal tövləsinə girib-çıxır, bircə inəyimizin buzovu olacağını gözləyirdilər.

Nəhayət, buzov dünyaya gəldi! Sarımtıl, qızılı rəngli, gözəl gözlü, zərif ayaqlı bu buzov hamımızın sifətini, evimizin təravətini dəyişdi.

Məndən balaca, 8 yaşlı qardaşım Məharətlə dərsdən çıxan kimi evə qaçar, onun gözəl gözlərinə, zərif səslə öz anasına səslənməsinə tamaşa edərdik. Məharətin iri gözlərini bərəldərək, qırpmadan buzovun gözlərinə baxması mənim bu mənzərəyə baxmaq həvəsimi birə beş artırırdı.

Buzov da qəşəng, ürkək gözlərilə hərdən bizə tərəf baxar, ipini anasına tərəf dartar, ancaq ona səslənərdi.

Ana inək də, bizim onun balasına toxunmaq, sığallamaq istəyimizi başının hərəkəti, səsinin ahəngi ilə qarşılayar, narahatlığını bildirərdi. Hər ikisi bir- birindən bir az aralıda bağlansalar da, dil bilməyən bu heyvanları bir-birinə bağlayan istək, xeyli maraqlı idi.

Amma, bu sevincli tamaşalarımızın sonu lap tez gəldi! Bir neçə gündən sonra buzov sancılandı. Yerdə uzanıb,ayaqlarını ağır-ağır tərpədərək zarıyır, ayağa qalxmağa heç cəhd eləmirdi.

Qardaşımla birgə, dərsdən sonra bütün günü onun yanını kəsib, necə yardım edəcəyimizi fikirləşirdik. Anam da kı bizi tövlədən qovmağa çalışsa da, yaman əl-ayağa qalmışdı.

Bütün günü Allaha yalvarıb dua edirdi ki, buzov sağalsın. Biz də ona qoşulmuşduq.

Məqam düşəndə buzovun başını yuxarı tutub, ehmalca ayaq üstə qaldırıb,belə saxlamaq istəyirdik.

Həm buzov,həm də, narahat,zahı səslə səslənən inək- qabağında uzanmış, zarıyan balasını yalamaqla, səsləməklə sağaldacağına cəhd etməsi, bizi kövrəldirdi. Atam axşam işdən baytar həkimlə gəlir, sonra da onu yola salırdı.

Həkim buzova iynə vurur, deyirdi ki; nə işdirsə bağırsaqlarındadır. Axırıncı dəfə həkim; - Sağalası deyil – dedi,- ancaq kəsmək lazımdır, murdar olmasın.
Anam; - Nə danışırsan, axı anası mələr qalacaq. Səsini, gözündən gələn yaşı görmürsünüz?! – dedi.

Mən inəyin gözündən süzülən yaşı indi gördüm. Lap sarsıldım, özümü güclə boğurdum. Həkim isə :

-- Onun da əlacı var. Dərisini elə soymaq lazımdır ki, baş dərisi ilə bir yerdə içinə saman təpəsiniz, buzova oxşayar. Süd sağanda uzadarsınız anasının qabağına. O da balasının iyisini alıb, yalayacaq, sizə də süd verəcək…

Qulağımda balta səsi kimi taqqıldayan bu sözlərin ağrısına dözə bilməyib, qardaşımın qolundan bərk-bərk sıxdım, ikimiz də çölə çıxdıq.
Buzovu kimin kəsib, soyduğunu bilmədim.

Sabahkı axşam anamın arxasınca qorxa-qorxa tövləyə girəndə, çaşıb qaldım!

Doğrudan da, buzovumuzun dərisində, buzova oxşayan bir şey inəyin qabağındaydı. İnək dünənkindən daha uca, zahı səslə səslənərək, yanında süd sağmaqçün çöməlmiş anama məhəl qoymadan, cansız balasını möhkəm-möhkəm yalayaraq, ağlayırdı! Mən anamı sual atəşinə tutdum.

O da mənə məhəl qoymayaraq, yanıqlı və həlim səsilə inəyə mahnı oxuyur, boyunu sevirdi. Səsinin titrəyişindən anamın da ağlaqığını zənn edib, çölə qaçdım.

Səhəri gün dərsdən gələndə, anam görkəminə xüsusi bir mülayimlik də qataraq, bizi qapının ağzında qarşıladı:

-- Sizə ət bişirmişəm,balalarım. Görün necə dadlıdır, gəlin süfrə başına.

Ac olduğumuzdan, stolun ətrafında əyləşdik. Üzbəüz oturan qardaşım iri gözlərini mənə zilləmişdi.

-- Yeyin, balalarım,yeyin,lap körpə ətidir. Görün, necə ləzizdir.- anamın boğazını arıtlayaraq, daha da yumşalmış, hündürdən gələn səsi, qardaşımla məni baxış dialoqundan ayırdı.

-- Sən özün yemisən? Özün yeyə bilərsən?! – hikkə ilə verdiyim sual, anamı bir anlıq yerində dayanmağa məcbur etdi. Daha sonra, üzümüzə baxmadan,gözlərini gizlədərək,adamı iştaha gətirən,yeməklə dolu qabları qabağımıza itələdi.

-- Biz bu ətdən yeməyəcəyik! Bu bizim buzovumuzun ətidir,hə?!

O,axı, gözəl idi,balaca idi! Anası onu çox istəyirdi! Sən özün yeyə bilərsən?! – göz yaşlarımı boğmaq üçün, yumruğumu düyünləyib, ərköyün-ərköyün stolun üstünə çırpdım. Anam özünə yemək çəkməmişdi. Bunu elə indicə sezdim.—Görürsən,heç özün yeyə bilməzsən. Özünə yemək qoymamısan!

Anam stolun üstündəki, hər gün istifadə elədiyi aliminium qazanından balaca bir tikə götürüb,ağzına qoydu. Tikəni ağzında hərlədərək:

-- Hə bala, görürsən,mən yeyirəm,siz də yeyin – bunu deyib, vacib bir şey yada salırmış kimi,qapıdan eyvana çıxdı.

Mən də ani tərəddüddən sonra, onun ardınca çıxdım. Anam qapının arxasında dayanmışdı. Ardınca qapının açıldığını görüb,qeyri-ixtiyari geri çöndü. Mən anamın yaş axan gözlərini görüb,sakitcə qapının arasındaca dayandım. İnəyimizin də göz yaşları yadıma düşdüyündən,heç nə soruşa bilmədim.

Səhəri gün dərsi bilmədiyim üçün,gündəliyimə yazılan yekə bir 2 və müəllimin qulağımın dibinə düyünlədiyi yağlı bir sillə,məni bir az bu təəssuratlardan ayırdı. Mən də sillənin və 2-nin heyfini gündəliyin vərəqlərindən çıxdım.

Birçə şey yaxşıydı ki, bizim evdən buzov əti və buzov söhbəti yoxa çıxdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG