Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:04
Biri vardı, biri yoxdu...

Bir yaxın-uzaq məmləkətdə yaxşı-pis camaat və bu camaatı idarə edən Dövlət başçısı vardı. Küllü aləmdə dövlət başçısı olmaq dəbə mindiyindən bizim bu ölkənin şahı da qərar çıxartmışdı ki, bəs bu gündən mənə də dövlət başçısı deyilsin.

Camaat da həmişəki adəti üzrə bu əmrə sözsüz müntəzir olmuşdu.

Amma bu ölkədə Mustafa adında bir sənətkar da yaşayırdı.

Mustafa bir çox sənətlər öyrənmiş, savad sahibi olmuşdu. Oxuduqları və öyrəndiklərinin sayəsində o yəqin etmişdi ki, hər kəs kəllə mayallaq gəzməkdə azad olmalıdır.

Mustafa kəşf etmişdi ki, adam kəllə mayallaq gəzəndə ətrafını daha aydın görür və böyük həqiqətə daha yaxın olur.

Amma onun bu fikri dövlət başçısının xoşuna gəlməmişdi və ixtiyar sahibi başçı əmr etmişdi ki, kəllə mayallaq gəzmək qadağan edilsin, bu qadağanı pozanlar isə tutulub qazamata salınsınlar.

Mustafa buna baxmayaraq evdə gizlincə kəllə mayallaq gəzərdi və öz aləmində həqiqətə yaxınlaşardı. Amma bundan başqa bir peşəyə sahiblənməkdə Mustafanınkı gətirmirdi.

Onun həqiqəti deyirdi ki, adam natəmiz iş tutmaz, başqalarını incitməz, rüşvətə qoşulmaz və bununla da günah işlətməz.

Halbuki, məmləkətdə bütün bu deyilənlər adi bir şey idi və kim ki, bu işləri görməzdi ona heç kim xeyirli adam kimi baxmaz və onunla yaxınlıq etmək istəməzdi. Mustafanın arvadı isə onu hər zaman məzəmmətləyərək, deyərdi:

- Ay Mustafa sən nə vaxt adam olub adamlar cərgəsinə qoşulacaqsan?

Hamı necə sən də o cür. Görürsən ki, indi zəmanə belədir. Bəsdi gərəksiz işlər gördün. Get özünə sənət tap, evə pul gətir.

Camaatın kişisi evə filan qədər para gətirir sən isə kəllə mayallaq gəzirsən. Ay kişi palaza bürün ellə sürün dəəə. Bax Mustafa budur sənə deyirəm əgər hamı kimi olmasan gedib xəbərləyəcəm ki, sən evdə kəlləsi aşağı gəzirsən.

Qoy tutub zindanlasınlar səni. Onsuz da bir xeyrin yoxdu evə...

Mustafa isə bu sözlərə heç nə deməz, amma öz fikrindən də dönməzdi.

Bir gün bizim Mustafa yuxudan tər içində ayılır. Fəqət yuxuda nə gördüyünü xatırlaya bilmir. O tez yatağındaca ayaqlarını yuxarı qaldırıb başı üstə durur. Bu zaman o başa düşür ki, gərək gedib dövlət başçısını öldürsün.

Soruşmayın nə zaman və hansı üsulla, amma Mustafa dövlət başçısını əsir götürməyə nail olur. Onu elə öz imarətinin bir otağında bağlayır və əlində xənçər qarşısında dayanır.

- Salam Şah zatialiləri – deyə Mustafa sözə başlayır.

- Mən şah deyiləm. Bilmirsən ki, mənə dövlər başçısı deyə müraciər etmək lazımdı?

- Bilirəm, amma mən səni şah kimi görürəm.

- Sən mənə nə cürətlə sən deyirsən?

- Görürsənmi, mən nahaq yerə sənə şah demirəm.

- Səni edam edəcəklər, mən isə buna həvəslə tamaşa edəcəm.

- Əsl şah kimi eləmi...?

- Sən... Sən... kimsən mənimlə belə danışasan?

- Mən? Mən heç kiməm. Sən məni istədiyin vaxt əzib yox edə bilərdin hələ dünən, hələ 1 saat bundan əvvəl, amma indi sənin çox dəyərli həyatın mənim əlimdədi və mən səni öldürmək fikrindəyəm.

Araya sükut çökdü. Əl-qolu bağlı dövlət başçısı birdən düşdüyü halının təhlükə dərəcəsini anlamış kimi susurdu. Sonra o daha yumşaq tərzdə Mustafaya müraciətlə dilləndi:

- Sənin adın nədi?

- Mustafa – deyərək qəhrəmanımız əlində xənçər pəncərəyə yaxınlaşıb bayıra baxdı və arxasına dönərək davam etdi – hələ heç kim xəbər tutmayıb, ona görə bir az söhbət edə bilərik. Amma səsini azacıq ucaltsan öləcəksən.

- Yaxşı, yaxşı... özünü ələ al. Mən bir az əsəbləşdim. Qorxma sənə dəymərəm. Məni burax və mən sənə lazım olan hər şeyi edərəm. Bəlkə pul istəyirsən?

- Siz şahların bu qədər dar düşüncəli olmanız o qədər darıxdırıcıdır ki... Səncə mənə pul lazımdı?

- Pul hər kəsə lazımdı. Var-dövlət bir də ordu hakimiyyətin dayağıdır.

- Sən doğrudan belə yaşamaqdan həzz alırsan?

- Həzz almıram amma bu da mənim taleyimdir. Necə ki, həkimin taleyi onun xəstələri, dəmirçinin taleyi onun düzəltdiyi silahlardır.

Mustafa bayaqdan bəri laqeyidliklə kənara zillənmiş baxışlarını dövlət başçısına çevirdi.

- Demək istəyirsən ki, hökm etməkdən zövq almırsan? Onda nə üçün imtina etmirsən taxtından? Axı camaat səndən narazıdı.

- Elə bilirsən bu asan işdir? Bax sən kəllə mayallaq gəzməkdən imtina edə bilirsənmi? Bəli elə bilirdin mənim xəbərim yoxdu?

- Bəs onda niyə məni zindana atdırmırdın?

- Çünki bilirdim ki, mən hökm etməkdən əl cəkə bilmədiyim kimi, sən də başaşağı gəzməkdən imtina edə bilmirsən.

Mənim fərmanım əqidəsiz adamlar üçün idi.

Mən onları istədiklərindən məhrum edirəm ona görə ki, onlar istədiklərini etməyə məndən də, səndən də az layiqdirlər. Sən elə bilirsən ki, bütün naqisliklərin səbəbkarı mənəm. Məni öldürməklə hər şey düzələcək eləmi?

- Sən adamları incidirsən, rüşvətxorlara, zalımlara meydan verirsən. Əgər sən ədalətli olsaydın hər şey ayrı cür olardı.

- Mənim ədalətli olmağımla sənin məni öldürməyin arasında heç bir fərq yoxdu. Çünki o zaman da məni var-dövlətli əhatəm aradan götürəcək və mənim yerimə keçib camaata daha böyük zülmlər verəcəklər. İnan mənə ki, sən məndən daha azadsan Mustafa. Özü də adi həyatda indikindən də azadsan.

- Demək istəyirsən ki, indi səni öldürməkdə azad deyiləm.

- Yox deyilsən. Sənə bir sirr də açım...

- ?

- Sən məni öldürməyəcəksən.

- Düzdü öldürməyəcəm. Çünki mən heç vaxt heç kimi öldürməmişəm. Necə ki, sən. Sən ancaq sərəncam vermisən. Öldürən başqaları olub. Doğrudan da adam öldürmək bir sənətdir. Onu hər adam bacarmır. Mən istədiyimə artıq nail oldum. Indi səni azad edə bilərəm.

- Yox edə bilməzsən. Sən mənim qollarımdakı qandalı aça bilərsən amma bundan artığını edə biləcəyin barədə xoş xəyal olma.

- Bəs səni kim azad edə bilər?

- Yalnız idarə etdiyim kütlə. Mustafa başa düş. Sənin məndən üstünlüyün taleyinin öz əlində olmasıdır. Sənə elə gəlir ki, mən xalqı bir oyuncaq kimi əlimdə oynadıram, amma əslində xalq məni əlində oyuncaq edib.

Mən sənə kəllə mayallaq gəzməyi qadağan edə bilməyəcək qədər acizəm.

Mən öz istəyimə qarşı bir çox şeyləri etməyə məcburam.

Ona görə də sən məndən daha çox hörmətə layiqsən. Mən imzaladığım qərarın qorxusundan kəlləmayallaq gəzməyi tərgidən adam təki cılızam. Zaman zaman cılız ola bildiyimə görə bu qədər adamı idarə etməyi bacarıram.

- Bilirsən mi şah, əsrlər boyu yer üzü çox hökmdarlar, çox xalqlar və çox mənim kimi müxaliflər görüb. Hərdən bu müxaliflər özləri şaha çevriliblər. Amma onlar tarixdə eyni cür qalmayıblar.

Böyük zəfər naminə xalqını qanlı müharibələrdə qırğına verən hökmdarların çoxu cəsarətli qəhrəmanlar kimi nəsillərin yaddaşlarına həkk olunublar.

Çünki, onlar böyük amal, hamıya eyni dərəcədə şirin görünən qələbə naminə, xalqın özü-özünə hörmət və qürur hissi qazanması naminə şücayət göstərərək, nəticəsi məlum olmayan bir yola ayaq basıblar.

Amma elə hökmdarlar da olub ki, onlar yalnız var-dövlət toplamaqla, vergiləri artırıb xalqı talamaqla məşqul olublar.

Onların sərəncamıyla daha az adam ölüb, amma buna baxmayaraq, xalqın gözündə onlar özləri bir düşmənə çevriliblər. Ona görə yox ki, xalq əlindən alınan malının həsrətini çəkib, ona görə ki, bu cür hökmdarların dövründə xalq özünü qüruru tapdalanmış, cılız bir sürü hiss edib. Sən isə ey şah elə bu cür adamsan.

Mənim yaxın gələcəyim mənə bəllidi. Amma mən səni öldürməyəcəyəm, cünki dediyim kimi bu işi bacarmıram. Məqsədim səninlə belə bir söhbət etmək idi.

Bu sözlərdən sonra Mustafa dövlət başçısının əllərini açdı və onu azad etdi. Elə o anda Mustafanı həbs etdilər.

Yaxın günlərdə dövlət başçısı bir çox məhbusu əfv etmişdi, zindanlarda boş yerlər çoxalmış, türmə işçilərinin maaşı azaldılmış, bununla da onlar arasında narazılıq artmağa başlamışdı.

Ona görə də dövlət başçısı gizli göstəriş vermişdi ki, günahı oldu, olmadı mümkün qədər çox adamı tutub qazamata salsınlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG