Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:11

Məhbus jurnalistlərin valideynləri ABŞ-da qəbul edilən qanun haqda


«ABŞ prezidenti Barak Obamanın təqiblərə məruz qalan jurnalistlərin müdafiəsi ilə bağlı bu fikirlərini çox yüksək dəyərləndirirəm».

Bunu AzadlıqRadiosuna hazırda həbsdə olan jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayev deyib.

Emin Fətullayevin fikrincə, Buş administrasiyası zamanı ABŞ başqa ölkələrdə jurnalistlərin susdurulmasına, demokratiyanın boğulmasına lazımı qədər diqqət ayırmırdı. Ancaq mətbuatın müdafiəsi ilə bağlı ABŞ-da qanunun qəbulu, prezident Barak Obamanın qanunun imzalanmasından sonra səsləndirdiyi fikirlər vəziyyətin köklü şəkildə dəyişdiyindən xəbər verir.

Emin Fətullayev bununla belə təəssüflə qeyd edib ki, Azərbaycan hökuməti hələ də beynəlxalq qurumlara sayğısızlığını davam etdirir:

- Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var ki, Eynulla Fətullayev azadlığa buraxılmalıdır. Ancaq Eynullaya qarşı yeni iyrənc, uydurma ittiham irəli sürülüb. Bizim özümüzü qınayırlar ki, niyə Avropa Məhkəməsinə üz tuturuq.

Hazırda həbsdə olan bloqçu Adınan Hacızadənin atası Hikmət Hacızadə də prezident Barak Obamanın fikirlərindən razılıqla danışıb. O da güman edir ki, bundan sonra ABŞ Dövlət Departamenti söz azadlığına daha geniş yer verəcək:

- Şübhəsiz ki, bunun jurnalistlərin, bloqçuların susdurulduğu ölkələrə də təsiri olacaq. Ancaq mən şəxsən yaxın vaxtlarda sanksiyaların tətbiq edilməsinə inanmıram. Bununla belə, jurnalistlərin, bloqçuların həbsi daha çox etirazlarla qarşılanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG