Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:33

Keçmiş səfirə orden verildi


Vilayət Quliyev
Azərbaycanın Polşadakı keçmiş səfiri Vilayət Quliyev «Polşa qarşısındakı xidmətlərə görə» ordeni ilə təltif olunub. Orden barədə daha geniş bilgi almaq üçün Varşavaya zəng çaldıq. Vilayət Quliyevlə atüstü müsahibəni sizə təqdim edirik:

- Vilayət bəy, eşitdik Polşanın ən nüfuzlu ordenlərindən birinə layiq görülmüsünüz. AzadlıqRadiosunun təbriklərini qəbul edin.

- Bu orden «Polşa qarşısındakı xidmətlərə görə» adlanır və iki ölkə arasında münasibətlərdəki xidmətlərə görə, həm də diplomatik missiyamın başa çatmasıyla bağlı verilib.

- Orden barədə daha geniş bilgi verə bilərsinizmi?


- Mükafatlar irearxiyasında Polşanın ikinci mükafatıdır. Ölkənin ən ali mükafatı XIII əsrdə təltif olunmuş «Ağ qartal» ordenidir. İkinci—Polşa qarşısındakı xidmətlərə görədir. Bu ordenin beş dərəcəsi var. Mənim təltif olunduğum ikinci dərəcədir. Mükafat ölkə qarşısındakı xidmətlərinə görə həm ölkə vətəndaşlarına, həm də xaricilərə verilir.

- İndiyə qədər kimlər alıb bu ordeni?


- Azərbaycandan bir neçə nəfər təltif olunub. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Xarici İşlər naziri Elmar Məmmədyarov.

- Sizə hansı xidmətlərinizə görə verilib?

- Bu orden mənə ölkə prezidenti Lex Kaçinskinin imzaladığı fərmanla verilib. Mənim altı il ərzindəki Polşadakı fəaliyyətim, iki ölkə arasındakı diplomatik münasibətlərin, siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafına verə bildiyim kiçik töhfə nəzərə alınıb. Bir sıra ölkələrdə artıq bu ənənə formalaşıb ki, öz fəaliyyətləri ilə daha çox fərqlənən səfirlər ölkə tərəfindən diplomatik missiyaları başa çatandan sonra mükafatlandırılır. Həm də bu amil rol oynayıb. Bu, Polşa tərəfinin qərarıdır və mənim üçün çox xoşdur ki, işlədiyim müddətdə müəyyən irəliləyişə nail ola bilmişəm. Çox şadam ki, qarşı tərəf də bunu görüb qiymətləndirib.

- Vilayət bəy, demək, siz hələ də Polşadasınız?

- Bəli. Ayın 23-nə qədər işlərimi başa çatdırıb Bakıya dönməliyəm. Sonra isə təzə xidmət yerinə - Macarıstana yola düşməliyəm.

- Bəs altı il yaşayıb-işlədiyiniz ölkədən hansı hislərlə ayrılırsınız?

- Bu ölkədə işləmək mənim üçün xoş idi. Bilirsiniz ki, Azərbaycanla Polşanın qəribə bir bağlılığı olub. Hələ XIX əsrin axırlarında İsmayıl bəy Qutqaşınlı, Abbasqulu Ağa Bakıxanov Varşavada olublar, əsərlər yazıblar, çap etdiriblər. 30-cu illərdə Azərbaycan mühacirətinin bir sıra görkəmli nümayəndələri - M.Ə.Rəsulzadə, M.B. Məmmədzadə Polşada olublar, siyasi-ictimai, ədəbi fəaliyyətlərini davam etdiriblər. Eyni zamanda bizim ölkədə polyak icması olub. Onlar həm mədəni, həm ictimai həyatda fəal çalışıblar. Məncə, bu iki ölkəni bir-birinə yaxınlaşdıran xüsusiyyətlər var. Dediyim kimi, burda keçirdiyim altı il həyatımın zəngin, dinamik illəri olub. Çoxlu maraqlı insanlarla təmasda olmuşam. Bunlar hamısı xoş hislər yaradır. Eyni zamanda burada olduğum müddətdə diplomatik fəaliyyətlə bərabər Azərbaycan-Polşa tarixi əlaqələri ilə bağlı araşdırmalar aparmışam. Onların bəziləri polyak dilinə çevrilib çap edilib. Bu ölkənin dilini öyrənmişəm, insanlarla birbaşa ünsiyyət yaratmaq imkanı qazanmışam. Odur ki, bura mənim üçün doğma məmləkətə çevrilib. Yəqin ki, bundan sonra başqa ölkədə də olsam, Polşa mənim həyatımda, yaradıcı fəaliyyətimdə qalmaqda davam edəcək

- Bəs Macarıstanda işləmək cəlbedici görünmür?


- Macarıstan da hər bir türkəsilli insan üçün cəlbedici yerdir. Çünki bu ölkənin əhalisini qədim türklər - hunlar təşkil edirlər. Və təbii ki, bu ölkə də insanda doğma hislər oyadır. Macarıstanda bir neçə dəfə qısa səfərdə olmuşam. Və Macarıstan səfirimizin tanınmış bir şəxsiyyət olduğunu bilirsiniz. Həsən Həsənov son illər bu iki ölkəni yaxınlaşdırmaq üçün böyük işlər görüb. Artıq müəyyən bir zəmin, bünövrə var. Əminəm ki, bu işləri davam etdirəcəyəm və iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəmi verməyə çalışacağam.
XS
SM
MD
LG