Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:13

Vaqif Bayatılı Odər: «Biz özümüz ölümlə oynayırıq»


Şair Vaqif Bayatlı Odərin Milli.Az xəbər portalına müsahibəsi.

- Deyə bilərsinizmi, son illər ərzində şeirimizdə nələr dəyişib?


- Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatının güclü qollarından biridir.

Təəssüf ki, bir çoxları bizim ədəbiyyatımızı zəif sayırlar. Bizim şeirimiz çox güclüdür. Əslində bu, təkcə Azərbaycanda deyil, bütün türk dövlətlərində belədir.
Bu gücün sürəti ildən-ilə artır. Buna sözün sürətinin artması kimi baxmaq olar. Bizim şeir ilahi həqiqətdən ilahi həqiqətə doğru gedir.

- Kimlər ədəbiyyatımızın zəif olduğunu zənn edir?

- Belə fikirləşən kiçik insanlardır. Hamı hər şeyi özü boyda görür. Söhbət onun fiziki boyundan getmir. İşgüzar, dünya haqqında gözəl fikirləri olan qarışqa dünya haqqında pis fikirdə olan, düşüncələri zəif olan insandan daha hündürdür.

Fillər hər şeydə nəsə pislik axtarırlar. "Fil" deyəndə insanları nəzərdə tuturam.

- İndiki zamanda şairlərin qiyməti nədir?

- Şairlər iki cür olur - zamanın şairləri, zamansızlığın şairləri. Zamanın şairlərinin işi odur ki, onlara qiymət, pul, maşın, fəxri ad, malikanə versinlər.

Bunları doyuzdurmaq mümkün deyil və mənə elə gəlir ki, heç vaxt da mümkün olmayacaq. Dövlət təqaüd, xalq, əməkdar, incəsənət xadimi adlarını verir. Burada bəzən ədalətsizliklər olur. Bunlar gözəl şairlərimizə deyil, layiq olmayanlara verilir.

Mənim anlamımda mən sözümün rəhbəriyəm. Dünya da sözümü rəhbər kimi qəbul etsə, mənim fərmanım öz rəhbərliyimi ləğv etmək olardı. Məndən olsa, bütün o adları ləğv edərdim.

Şeir çox mürəkkəb şeydir. Şairlərin 90 faizi şeiri yaxşı bilmirsə, mən başqalarından bunu tələb edə bilmərəm. Şeirdə zərgər dəqiqliyi olmalıdır.

Bu nöqteyi-nəzərdən mən hələ özümə "3" qiyməti verirəm. Şairi xalq seçməlidir.

Türkiyədə belə işlərə yaxşı münasibət var. Orada dövlət şairin dövlətə xidmətini nəzərə alıb, dövlət sənətçisi adını verir. Bizdə isə başqa cürdür.

Fikrimcə, kiməsə "xalq artisti" adı verilərkən xalqın da münasibəti nəzərə alınmalıdır. Məsələn, Türkiyədə aşıqlara "xalq şairi" deyirlər.

Bir çoxları elə bilir ki, mən xalq şairiyəm.

Əgər insanlar belə düşünürsə, bu, məni sevindirir, mənə başqa təltiflər lazım deyil. Şair insanlar üçün çalışmalıdır.

İnsanlar "şeiri yaxşı bilirəm" deyəndə əsəbiləşirəm. İnsan yalnız bir sahəni yaxşı öyrənə bilər. Kimsə başqa sahəyə də can atırsa, deməli, o, heç öz işini də bilmir.

Mən özüm nəsr haqqında danışmağa qorxuram. İndi hər şey o qədər professionallaşıb ki, "Xəzər"jurnalının redaktoru olmuşam. Amma jurnalistika haqqında danışmağa qorxuram.

Hətta 1991-ci ildə mənə Mirzə Cəlil mükafatını vermişdilər. Bununla belə, bu haqda danışmağa cəsarət etmirəm. İncəlikləri yalnız peşəkarlar bilər.

- Belə çıxır ki, indi ədəbiyyatda yalnız maddi gəlir güdənlər çoxdur?

- Onlar məni maraqlandırmır. Belələri ehtiyac uğrunda vuruşan insanlardır. Yalnız mənfəət güdənlər kimə lazımdır? Onları tanımaq da istəmirəm.

Düzdür, şairlər arasında fəxri adl layiq olaraq alanlar da var. Ümumiyyətlə, bunun heç bir fərqi yoxdur. Şair Əli Kərim ad almadan dünyadan köçdü.

Hazırda ad alan şairlərin əksəriyyətindən daha çox tanınır. Əhməd Cavadın "xalq şairi" adı olub? Halbuki onunla fəxr edirik. Mən başa düşmürəm, titul insanlara nə verir axı?

- Sizcə, qələm əhli arasında niyə fikir ayrılığı yaranıb? Bir qrup yazar Azərbaycan Yazıçılar Birliyindən elə hey narazılıq edir...

- Mən heç kimdən narazı deyiləm və hamısını sevirəm. Çalışıram ki, hamı bir-birini sevsin.

Yazıçılar arasında məhəbbət olmalıdır. Hətta fikrimi siyasiləşdirirəm də. Yaxşı olar ki, iqtidarla müxalifəti, islamla xristian dünyasını bir-birinə sevdirək. Şairlərin əsas məqsədi sevgini gücləndirməkdir. Şair ürəkli insanlar və şairlər bunu etməlidirlər.

Dünyada sevgini gücləndirməkdən daha gözəl nə ola bilər? Çalışmalıyıq ki, insanları eşqə doğru itələyək və nifrəti unutduraq.

Əslində yazarlar arasında həmişə mübahisə olub. Əvvəllər hamı bir-birindən şikayət yazırdı. Onlar əslində şair deyillər. Mən təsəvvür edə bilmirəm ki, şairin işi qurtarsın və başqa şairin işinə qarışaraq onu pisləsin.

Bu, gülməli, mənasız, hətta ağlamalı bir şeydir. Bəlkə belələri heç şair deyil? Açığını deyim ki, mən Yazıçılar Birliyini başqa cür təsəvvür edirəm.

Düşüncəmdə Yazarlar Birliyi ya klub şəklində açılmalıdır ki, kim gəldi qəbul edilsin, ya da 1500 üzvünü ixtisar edib oranı elitar etmək lazımdır. Yazıçılar Birliyi hüquqi, maliyyə məsələləri ilə məşğul olmalı, yeni nəsil yazarlara yardım təşkilatı yaratmalı və ayrı-ayrı jurnallar buraxmalıdır.

Xarici ölkələrdə belədir. Mən Yazıçılar Birliyinin ləğv olunmasının tərəfdarı da deyiləm. Əksinə, çox olmalıdır ki, bir-biri ilə rəqabət aparsınlar...

- Dünyanın dərdini niyə çəkirsiniz?

- Ona görə çəkirəm ki, dünyanın dərdi azalsın. Əslində, çəkdiyim dünyanın dərdi deyil, insanların dərdidir. Allah dünyanı dərdsiz yaradıb, dərdi insanlar yaradır. Elə insanlar var bilir ki, bir həftəyə öləcək, yenə pul yığır.

Amerikada bir milyarder 9-10 milyard dollarıını payladı. Məlum oldu ki, 6 aydan sonra öləcək. O, peşiman olmadı. Onun yerinə bizimkilər peşiman oldu.

- Şeirlərinizdə ölümdən niyə bu qədər çox yazırsınız?

- Mən ölümdən yox, ölümsüzlükdən yazıram. Ölüm adında şey yoxdur. Ölüm mənasız söhbətdir insanların beyninə salınıb. Quran da deyir ölüm yoxdur.

- Bəs ölüm kimlərin oyunudur?

- Hə, belə bir şer yazmışdım - Çingiz Mustafayev haqqında idi. «Gəl ölüm-ölüm oynayaq». Bu bir ağrıdır.

Ölüm həm də İlahinin yanında bizim - cocuq insanların ən gözəl oyunlarından biridir. Hərdən biz özümüz ölümlə oynayırıq…

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG