Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:42
Ermənilərin “Qrad”ları qəfil başladı. Deməli kəşfiyyatın verdiyi məlumat doğruymuş.

Onlara xəbər çatmışdı ki, ermənilər ruslardan iki “Qrad” alıblar. Ona görə də neçə gün idi ki, hər an “Qrad”ların hərəkətə keçəcəyini gözləyirdilər.

Yeri-göyü titrədən “Qrad” mərmiləri postdakıların başı üstündən uçaraq kəndə tökülürdü. Fərahim döyüşçülərə yerindən tərpənməməyi əmr etdi.

Hiss etmişdi, ermənilər düşünürdülər ki, əgər kəndi “Qrad” atəşinə tutsalar, özünümüdafiə dəstəsinin döyüşçüləri postu qoyub kəndə köməyə qaçacaqlar, sonra da boşalmış postdan rahatca keçib kəndi qırıb-çatacaqdılar.

Fərahim başa düşürdü ki, əgər döyüşçülərin evlərinin dağılması və yaxınlarının ölməsi çox realdırsa, onları postda saxlamaq çətin olacaq.

Özü də ev sarıdan çox narahat idi. Ancaq ehtimalının doğruluğuna çox inanırdı. Heç olmazsa bir az gözləmək lazımıydı.

Nəhayət ki, “Qrad”lar dayandı. Postdan baxanda ən azı 20-25 evin yandığı görünürdü. Sözsüz ki, indi kəndi dəhşətli panika, qorxu və ah-nalə başına götürmüşdü.

Əgər belə bir vəziyyətdə ermənilər kəndə girsəydilər, heç bir müqavimətlə rastlaşmayacaqdılar və uşaqdan böyüyə bütün əhalini qıra bilərdilər.

Fərahim döyüşçüləri inadırmağa çalışırdı ki, kənddə vəziyyətin necə olmasından asılı olmayaraq, heç olmazsa yarım saatlığa postda gözləmək lazımdır.

Döyüşçülər kənddəki doğmalarından çox nigaran qalsalar da, komandirə qulaq asaraq yerlərində qaldılar.

Hər dəqiqə bir il kimi görünürdü. Buradan baxıb kəndin necə yandığına tamaşa eləmək çox ağır idi. Bir az keçmədi ki, bəzi döyüşçülər deyinməyə başladılar.

Deyirdilər ki, bəlkə heç ermənilərin kəndə girmək planı yoxdur, biz isə burada boş oturmuşuq, kənddəkilərin köməyinə qaçmaq lazımdır. Elə bu zaman Ramazan təpənin ətəyindəki kolluqda adamlar göründüyünü dedi. Hamı yerinə çəkildi.

Fərahim möhkəm-möhkəm tapşırdı ki, ermənilər postda adam olduğunu bilməməlidirlər.

Bir azdan ermənilər kolluqdan çıxdılar. Onlar sinə-sinə, çox ehtiyatla irəliləyirdilər. Fərahim bir daha hamıya tapşırdı ki, birinci o, özü atacaq. Ermənilər bir az irəlilədikdən sonra postun boş olduğuna tam əmin oldular.

Odur ki, heç nədən ehtiyat etmədən tələsə-tələsə cığırlarla posta tərəf qalxmağa başladılar.

Fərahim 48 nəfər saydı, amma uşaqlardan kimsə 51, bir başqası isə 58 nəfər saymışdı. Hamı gərginlik içində olsa da Fərahimin nə vaxt atəş açacağını gözləyirdi. Ermənilər təxminən 100-110 metr yaxınlaşmışdılar. Fərahim bir də tapşırdı ki, heç kəs onsuz atmasın.

Ermənilər bir az da yaxınlaşdılar, postun boş olduğuna tam arxayın olmuş ermənilər daha heç nədən şübhələnmirdilər. Bu arada kəndə bir-neçə mərmi yenə düşdü. Fərahim qərara aldı ki, artıq vaxtdır, atəş açmalıdır.

Ancaq ilk atəş, səngərin o biri başından açıldı. Kiminsə daha bundan artıq gözləməyə səbri çatmamışdı. Bununla da bütün səngər boyu avtomatlar şaqqıldadı.

Elə ilk anlarda xeyli erməni yerə sərildi, onlar panika içində geriyə doğru qaçmağa başladılar. Döyüşçülər onları elə yerdə qarşılamışdılar ki, yerə uzanmağın da heç bir faydası yox idi.

Onlardan yalnız bəziləri arada geri çevrilib nişan almadan posta tərəf güllə atırdılar. Ermənilər iki-iki, üç-üç yıxılıb qalırdılar. Onlar bir təhər özlərini kolluğa çatırmaq istəyirdilər.

Artıq onların yarıdan çoxu yerə sərilmişdi. Düşmənlər uzaqlaşdıqca onları vurmaq çətinləşsə də, sayları azaldığından bir nəfəri beş-altı döyüşçü nişan alırdı.

Onlardan yalnız 6-7 nəfər özünü kolluqlara çatdıra bildi, qalan hamısı yamacda sərilib qalmışdılar. Çox güman ki, yerə sərilmişlərin içində yaralılar da varıydı.

Bu qanlı və demək olar ki, birtərəfli döyüş cəmi 6-7 dəqiqə çəkdi. Ancaq Fərahimgilin sevinməyə və ya düşməni təqib eləməyə macalları yox idi. Kimsə, “kəndə” deyərək bərkdən qışqırdı.

Hamı yerindən kəndə sarı götürüldü. Fərahim avtomatını boynundan keçirərək arxasına atmışdı. O, Sənubəri, dörd yaşlı Güneli və 3 yaşlı Talehi fikirləşə-fikirləşə lap qabaqda qaçırdı.

Kəndə yaxınlaşdıca camaatın qışqırıq səsləri eşidilməyə başladı. Fərahim balaca yoxuşu qalxan kimi məhlələrindən qalxan alovu gördü.

Yanan ya onların evi idi, ya da qonşu İbadulla dayının. Yorulmasına baxmayaraq sürətini bir qədər də artırdı. Qəşəmgilin çəpərindən burulanda evlərinin yandığını gördü. Alov evi tamam bürümüşdü.

Evin damının şiferləri güllə kimi partlayırdı. Adamlar ora-bura qaçır, qışqırışırdılar. Fərahimin gözləri uzaqdan adamların içində Sənubəri və uşaqlarını axtardı.

Onları görə bilmirdi, amma yenə də ümidini üzmürdü.

Qan-tər içində evə çatdı. Mərmilərdən biri düz metal darvazanın qabağına düşmüşdü. Qəlpələrdən dəlmə-deşik olmuş darvaza taybatay açılmışdı. Fərahim sürətlə həyətə daxil olub dayandı. Ev çathaçatla yanırdı.

Evə bitişik yığılmış ot tayası və odun da evlə bərabər yanırdı. Çox güman ki, zirzəmidə ehtiyat üçün saxladığı iki kanistir benzin də alışımışdı. Fərahim bir anlığa həyətə göz gəzdirdi.

Qaynansı Zərəngiz arvad Sənubərin həyətin bir tərəfinə sərilmiş meyitinin yanında durub saçını yolurdu, əllərini evə uzadaraq Talehlə Günelin adını çağrırıdı. Dnya Fərahimin başına fırlandı, gözləri qaraldı. Adamlar şaşqınlıq içərisində evin başına dolanır, qışqırışırdılar. Kənddə yanan evlər çox olduğundan özünü yetirmiş adamların sayı qədər də çox deyildi.

Amma bu vəziyyətdə bütün kənd bura tökülsəydi də heç nə edə bilməzdi. Alov evi elə sarmışdı ki, ona ancaq yanğınsöndürən maşın yaxın dura bilərdi. Fərahim birdən sanki yuxudan ayıldı.

Tez evin arxasına qaçdı. Uşaqların ikisi də pəncərənin qabağında dəhşət içində qışqırırdılar. Əli heç nəyə yetməyən adamlar da uşaqlarla bərabər sanki özləri yanırmış kimi qışqırışır, özlərini didib-tökürdülər.

O biri otaqlar tamamilə alov içində olduğundan uşaqlar bu otağa qaçmışdılar. Artıq həmin otağı da alov bürümüşdü. Fərahim uşaqlarına görcək dəli kimi qışqırmağa başladı.

Uğrunda həyatını verməyə hazır olduğu balaları diri-diri yanırdılar, o isə heç nə edə bilmirdi. Atalarını görən uşaqlar daha da bəkdən fəryad eləməyə başladılrar.

Onlara elə gəldi ki, nəhayət ataları onları bu alovun əlindən alacaq.

O, isə balalrını xilas etmək üçün bir yol düşünə bilmirdi. Vaxt gedir, uşaqlarsa diri-diri yanırdılar. Fərahim birdən nə fikirləşdisə, avtomatı boynundan çıxartdı.

Çaxmağı çəkib düz Güneli nişan aldı. Ona elə gəldi ki, nişan aldığı anda Günel qışqırmağı dayandırıb düz atasının gözünün içinə baxdı. Atası isə başqa yol tapa bilməmişdi.

Balalarını dəhşətli əzabla ölməkdən ancaq belə qurtarmaq olardı.

O, tətiyi çəkdi. Güllə Günelə dəyən kimi, sanki diksindi və alov bürümüş otağın içinə yıxıldı. O, yıxılanda Talehə toxundumu, ya da özü ondan yapışdımı, necə oldusa, qardaşı da onunla bərbər otağa yıxıldı.

Fərahim yerə oturdu, iki əliylə başını tutub hönkürüdü. O, həm də gözünü pəncərədən çəkmirdi, gözləyirdi ki, bəlkə balaca Taleh bir təhər pəncərəyə dırmaşa bildi.

O, bir atəş də açıb Talehi dəhşətli əzabdan qurtarmaq istəyirdi. Taleh bir daha pəncərəyə qalxa bilmədi. Fərahim sonuncu atəşi aça bilmədiyi üçün özünü qarğıyırdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG