Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:34
Dünya Türkiyədən Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında hansısa irəliləyiş gözlədiyi halda, Türkiyə daha qlobal böhranla – İranın nüvə proqramı ilə bağlı uranın mübadiləsinə dair əhəmiyyətli razılaşmaya nail oldu.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Tehranda həmin sazişin imzalanmasından sonra birbaşa Bakıya gəlib, prezident İlham Əliyevlə görüşdü. Görüş sonrası Azərbaycan Türkiyə münasibətlərindən danışan Ərdoğan deyib ki, bundan sonra iki ölkə arasında siyasi, əsgəri, iqtisadi, mədəni və digər bütün sahələrdə qarşılıqlı səfərlər daha sıx olacaq. Türkiyə ilə Azərbaycan arasında yüksək səviyyəli strateji əməkdaşlıq Şurasının yaradılmasına dair razılıq əldə edilib. Bu istiqamətdə iş davam etdiriləcək.

Ərdoğanın sözlərinə görə, İlham Əliyev iyunun 7-si və 8-də İstanbulda səfərdə olacaq. Şura ilə bağlı sənəd də həmin səfər çərçivəsində imzalanacaq. Türkiyənin baş naziri İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsi barədə də danışdıqlarını bildirib:

AZƏRBAYCANIN BU İŞİNƏ LAQEYD QALMAMIZ MÜMKÜN DEYİL

«12-13 may tarixində Rusiya prezidenti Medvedevlə Dağlıq Qarabağ məsələsindən danışdıq. Amerikada Barak Obama və Dmitri Medvedevlə bu barədə danışmaq imkanımız olub. Ondan bir həftə öncə isə Fransada Sarkozi ilə Qarabağdan danışmaq imkanımız olub. Biz bu məsələni bundan sonra da eyni həssaslıqla davam etdirəcəyik. Çünki Azərbaycanın bu işinə laqeyd qalmamız mümkün deyil».

İlham Şaban
Ərdoğan xeyli vaxtdır müzakirə obyektinə çevrilən Türkiyə ilə Azərbaycan arasında qaz anlaşması məsələsinə də toxunub, deyib ki, bu iş artıq tam həll olunub. Sadəcə saziş imzalanması məsələsini prezident Əliyevin İstanbul səfərinə saxlayıblar. İlham Əliyev də qaz məsələsində tam razılığa gəlindiyini, indi işin texniki tərəflərinin yekunlaşmaq üzrə olduğunu bildirib.

Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, əslində, Azərbaycanla Türkiyə arasında qaz anlaşması həm əsas, həm də texniki məsələlər üzrə indiyə qədər hazır olmalı idi. Çünki artıq bir müddətdir ki, bu istiqamətdə işlərin yoluna düşdüyü barədə məlumatlar gəlməkdədir. Amma bununla belə, sazişin imzalanmasının İstanbul görüşünə saxlanılması da mümkündür:

DAHA DÜŞÜNÜLMÜŞ ADDIM

«Azərbaycan Türkiyə əlaqələrinin daha möhtəşəm fonda göstərilməsi üçün bu imzalanmanın İstanbul görüşünə saxlanılması daha düşünülmüş bir addım olardı, nəinki bu işi indi həyata keçirmək».

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da deyir ki, artıq iki ölkə arasında qaz anlaşmasına əngəl törədə biləcək heç bir problem yoxdur. Onun sözlərinə görə, aradan keçən müddət ərzində Azərbaycan Türkiyənin onun maraqlarına zidd heç bir addım atmayacağını daha yaxşı anladı. Bir il öncə Ərdoğanın Bakı səfəri daha çox müdafiə xarakteri daşıyırdı. Çünki Azərbaycan hakimiyyəti Türkiyənin Qərbin təzyiqlərinə davam gətirməyib Ermənistanla sərhədləri açacağından qorxurdu.
Elxan Şahinoğlu
Ancaq sonrakı hadisələr göstərdi ki, təzyiqlərlə Türkiyəni nəyəsə razı salmaq mümkün deyil. İranın nüvə proqramı ilə bağlı Türkiyənin əldə etdiyi nəticə isə artıq hamıya onun regiondakı əhəmiyyətini anlatmış oldu:

ARTIQ AZƏRBAYCAN HAKİMİYYƏTİNDƏ DƏ ANLADILAR Kİ…

«Bu, bir daha onu göstərir ki, Türkiyənin siyasəti, fəallığı olmadan Avrasiya bölgəsində ən çətin problemləri belə həll etmək mümkün deyil. Düşünürəm ki, artıq Azərbaycan hakimiyyətində də anladılar ki, Türkiyənin fəallığı olmadan Dağlıq Qarabağ münaqişəsini həll etmək çətin olacaq. Bir faktı xatırlatmaq kifayətdir. Azərbaycan yenilənmiş Madrid prinsiplərini qəbul edib, Ermənistan isə qəbul etmir. İndi böyük dövlətlər Ermənistana təzyiq göstərməlidirlər ki, o da bu sənədi qəbul etsin. Azərbaycan kiçik dövlət olduğu üçün bu işi görməkdə çətinlik çəkir. Amma Türkiyə böyük dövlətlərə təsir edə bilər ki, onlar Ermənistana təzyiq göstərsinlər».

E.Şahinoğlu hesab edir ki, Türkiyə Azərbaycana sadiqliyini yetərincə sübut edib. Bundan sonra bütün sahələrdə onunla əməkdaşlığı daha da genişləndirmək lazımdır. Bu ölkə ilə viza rejimini də aradan qaldırmaq vacibdir.

E.Şahinoğlu deyir ki, Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistanın strateji müttəfiqi olan Rusiya Türkiyə ilə viza rejimini aradan qaldırdığı halda, Azərbaycanın hələ də öz müttəfiqinə qarşı bu addımı atmaması məntiqli görünmür.

Şərhləri göstər

XS
SM
MD
LG