Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:17
Qoca yuxudan ayılıb gərnəşdi. Yeni gün başlayırdı – həmişəki kimi adi günlərdən biri. Ayaqlarını nimdaş şəppiltilərə salıb mətbəxə keçdi.

Şəppitilərin soyuqluğu bədənini gizildətdi.

Qoca qaz peçinin gözlərini yandırdı. Səssiz mətbəx maye alovun fışıltısı ilə doldu.

Sonra qoca caydanı oda qoydu, qazanda su qızdırıb fınxıra-fınxıra əl-üzünü yudu, nəm dəsmalı mətbəxdəki ipə atıb, köhnə kətilə əyləşdi.

Hər günü bu cür başlayırdı. Gözlərini yumub caydanın rəvan səsinə qulaq asdı. Evdə bir hənirti yoxdu. Nə vaxtsa hay-küylü, dava-dalaşlı, sözlü-zarafatlı ev indi tamam təklənmiş, sahibiylə birgə qocalmışdı...

Qoca qaynar sudan böyük daş stəkana tökdü, içinə bir çimdik quru qara çay atıb nəlbəkini stəkanın ağzına çevirdi.

Qaynar suyun təsirindən nəmlənmiş və şişmiş çay yarpaqları asta-asta stəkanın dibinə çökürdü. Bax, biri də düşdü... biri də...

Qoca gözlərini stəkana dikmişdi, sanki ilk dəfə görürdü dibə çökən çay yarpaqlarını. Sonra stəkanı dişsiz ağzına yaxınlaşdırıb, astaca üflədi və qurtum-qurtum içməyə başladı.

Pəncərədən həyətə baxdı. Hava hələ tam açılmamışdı, alaqaranlıqda sezilən budaqlar əcayib kabuslar kimi titrəyirdi. Qoca axşamdan hazırladığı nimdaş torbasını bir də yoxladı, aha, deyəsən, ona lazım olacaq hər şeyi götürmüşdü.

Sonra o, şkafdakı araq şüşəsinin ağzını kip bağlayıb ehtiyatla torbasına qoydu. “Həə, arvad sağ olsaydı, indi başımda turp əkərdi ki, ay piyaniskə, balıq bəhanəsiylə içmək istəyirsən...”

Xatirələr qocanı kövrəltdi, ehh, getdi o günlər... Arvadı nə qədər deyingən, savaşqan, acıdil olsa da, onların yaxşı günləri vardı axı...

Nə qədər sevincli, nə qədər səmimi münasibətləri vardı axı... Hələ təzə evlənəndə... Hələ oğlu doğulanda... Eh...

Qoca köks ötürüb torbasını dalına atdı, dəcəl usaq kimi, kuncdə saxladığı köhnə tilovunu götürüb evdən çıxdı.

Ayazlı külək qocanın yanaqlarını yaladı, qoca papağını başına sıxdı ki, soyuq qulaqlarına keçməsin. Balıq ovlayandan bəri qulaqlarına tez-tez soyuq dəyərdi, artıq pis eşitməyə başlamışdı.

Qoca köhnə çəkmələrini (onları 10-12 il əvvəl almışdı) geyib gümrah addımlarla dənizə yollandı. Yol yaxın deyildi, avtobusu gözləmək olardı, amma qoca piyada getməyi xoşlayırdı, hər addımıyla dənizə yaxınlaşdıqca, içi yalnız uşaqların anlaya biləcəyi fərəhlə dolurdu, uzaqdan-uzağa dənizin uğultusunu eşidəndə, elə bilirdi dünyanın ən sehirli, ecazla dolu səsini eşidir.

Qoca boş sahilə yaxınlaşdı, nəm qumun üstüylə qayalığa tərəf xeyli getdi.

Dəniz sədaqətli balıqçısını sakitcə salamlayırdı. Qoca dayanıb bir müddət heyran-heyran seyr etdi süd kimi dumanlanan, bəlkə elə süd dadan ilıq dənizi. Hər dəfə bura gələndə sanki dənizi ilk dəfə görürmüş kimi, həyəcanla dalğaları süzər, süzərdi, baxmaqdan doymazdı.

Elə bilirdi ki, dənizə baxdıqca, yorgün tənha ürəyi rahatlıq tapır, yodlu havanı ciyərlərinə çəkdikcə, elə bilirdi içi həyatın ağrı-acısından təmizlənir. Bəlkə də qocanı yaşadan elə dənizin özüydü, bəlkə də bu mavi-yaşılı, bəzən bozumtul-ağ dəniz olmasaydı, heç yaşamağa dəyməzdi, kim bilir...

Qoca qayalıqda həmişə dayandığı yerə yaxınlaşdı, baş əyib: “Salam, dəniz...” – pıçıldadı.

Dəniz salamı alırmış kimi xışıldadı, balaca sütül dalğaları qocanın ayaqlarına göndərdi. Beləcə bir müddət üz-üzə qaldılar: bomboş qayalıqda tənha qoca, tənhalığında əzəmətli olan dəniz... Qoca balıqçı sanki dənizin dərinliyində baş verənləri bilmək, görmək, duymaq istəyirdi.

“Hə, vaxtdır...” – qoca “bismillah” deyib tilovunu dənizə atdı.

Qarmaq dənizin sinəsini yarıb gözdən itdi. Hə...

Əsas möcüzə indi başlanırdı, elə bu məqamdan. Hər dəfə qarmağa balıq düşəndə, qoca sanki möcüzə görür, əsir düşmüş balığı barmaqlarıyla sığallayırdı. Barmaqlar balığın sürüşkən belinə toxunduqca, qocanın ürəyi xoşbəxtlikdən uçunurdu, içi həzzlə dolurdu...

Gəncliyi yada düşürdü. Aşiq olduğu qızların belini qucanda da beləcə uçunardı, içi şirin ağrıdan gizildəyərdi... Eh, keçdi o günlər...

Qoca tilovu dənizə atıb saatlarla gözləməyə alışmışdı. O, dənizlə pıçıldaşar, keçmişini xatırlardı.

Dəniz qocanın bütün sirlərindən agah idi. Qoca insanlara olan etimadını çoxdan itirmişdi, dəniz isə... Dəniz isə ən sədaqətli dost, qədirbilən varlıqdı...

Hə... Qoca dənizi canlı sayırdı, ona elə gəlirdi ki, dənizin ürəyi lap dibdə, günəşin ram edə bilmədiyi zülmətdədir... Dəniz də sevinir, kədərlənir... küsür, barışır...

Tilov sezilməz şəkildə əsdi, sanki kimsə qarmaqla zarafat edir, onunla oynayırdı. Qoca nəfəsini dərmədən gözləyirdi, məqamı tutub, tilovu kənara dartdı, qarmağın ucunda soyuqdan titrəyirmiş kimi əsən balığı ovcuna aldı, baxdı. Balıq sanki qoca ilə danışır, ağzını yumub açırdı, bəlkə də yalvarırdı, kim bilir...

- Oh-ho... – Qoca səs eşitdi. Kənarda iki gənc əcnəbi oğlan dayanıb qocaya baxırdı. Onlar əlləriylə qocanın ovcundakı balığa işarə edib razı halda dedilər:

- Oh-ho...

Qoca qaşlarını çatdı. O xoşlamırdı ki, dini ayin kimi ehtiramla yanaşdığı balıq ovunda kimsə ona mane olsun. Axı o, dənizlə təkbətək, üzbəzüz qalmağı sevirdi, bu əcnəbilər də hardan çıxdı...

Əcnəbi oğlanlar qocaya fikir vermədən bir az kənarda yerləşdilər, qara-qırmızı naxışlı çantadan balıq ovu ləvazimatını çıxartdılar. “Oh-ho...” – qoca onların avtomatik açılıb-yığılan, bahalı xarici tilovunu görüb həsədlə köks ötürdü. Özünün rəngi solmuş, bir-iki yerdən nimdaş parça qırığı ilə bərkidilmiş tilovuna baxdı, çiyinlərini çəkdi və yenidən gözlərini dənizə zillədi.

Beləcə üç balıqçı qayalıqda dayanıb balıq tuturdu. Hər dəfə tilova balıq düşəndə, əcnəbilər “oh-ho” – deyə sevinirdilər. Səssizlikdə yalnız dənzin xışıltısı, bir də ara-bir “oh-ho” sözləri eşidilirdi.

Qoca acmışdı. Torbasından yeməyini və araq şüşəsini çıxartdı.

- Oh-ho... – Oğlanlar maraqla araq şüşəsinə baxdılar.

Qoca dəmir qaba bir qədər araq süzüb içdi. Əvvəl istədi əcnəbilərə də versin, amma onlara nədənsə acığı tutmuşdu, odur ki, heç təklif də etmədi.
Hava soyumuşdu.

Qoca köhnə, cibləri cırıq ködəkçəsinə bürünüb oturmuşdu.

Köhnə çəkmələri nəmlənmişdi, qoca hiss etdi ki, ayaq barmaqları donur. O, gərnəşib ayağa qalxdı.

Qayanın kənarına yaxınlaşıb bir müddət üfüqə baxdı. Dəniz sakitdi, sanki uzun əzab-əziyyətdən sonra dincəlirdi. Qoca dənizlə vidalaşdı, balıqlara görə təşəkkür etdi.

Balığı vardısa, demək, iki-üç gün naharı da olacaqdı... Birdən fikirli qocanın ayağı qayadakı sürüşkən çuxura düşdü və o, əl-qolunu yelləyib (sanki havadan tutmaq istəyirdi) dənizə yıxıldı. Əcnəbilər:

- Oh-ho!! – qışqırıb qocaya tərəf qaçdılar, yem axtaran quşlar kimi qayanın üzərində vurnuxdular.

Qoca özü sudan çıxıb qayalıqda oturdu.

- Oh-ho! - əcnəbilər ona yaxınlaşıb başlarını tərpətdilər, bilmirdilər necə kömək etsinlər.

Qoca onlara fikir vermədən əynindəki pal-paltarı çıxarıb suyunu sıxdı.

Yay olsaydı, beləcə, yarıçılpaq halda evinə gedə bilərdi. İndi neyləsin? Yadına düşdü ki, torbasında köhnə qəzetlər var. Qoca qəzetləri çıxarıb bədənini örtdü, yaş paltarlarını geyib torbasını yığdı.

Arağı birnəfəsə başına çəkib şüşəni ehtiyatla qayanın dibinə qoydu. Bilirdi ki, bir azdan bu şüşənin dalınca gələcəklər.

Axı qocalar az deyildi... Kimisi balıq tutmaqla dolanırdı, kimisi boş şüşə yığırdı, eləsi də vardı ki, bütün günü zibillikdə eşələnir, elə ordaca gecələyirdi.

Əcnəbilər heyrətlə qocaya baxırdılar. Qoca balıq vedrəsini götürüb yaş çəkmələrini sürüyə-sürüyə evinə yollandı. Dərin ləpirlər qumda qocanın arxasınca düzülürdü...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG