Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:51

Səlim Babullaoğlu "Yağışlı axşamların birində" (Hekayə)


Möcüzələr o vaxt baş verir ki, adamlar onu arzulayır.

Nəhayət ki, qisas almaq istədiyi düşməninin üç aylıq körpəsi ilə üz - üzə dayanmışdı.

Təkbətək: qadın körpəsini rahatla-yandan sonra yorğun - yorğun yatır, kişi bu vaxtlar işdə olduğundan yoxdu və gec gələ-cəkdi -bunu isə qabaqcadan bilirdi.

Əvvəl çoxdan hazırlaşdığı qisas mərasimini qadını öldürməklə keçirməyi qərarlaşdırdısa da həmən fikrindən daşındı.

Uzun illər hamıdan gizlətdiyi, hətta yuxuda belə sayıqlayıb faş etməyə qorxduğu intiqam hissinin nə qədər böyük olduğunu indi daha yaxşı anlayırdı: qana qan, körpə əvəzinə ancaq körpə!

Körpə isə təhlükəni hiss etmədən yenicə uyuduğu mürgüsündə qayğısız - qayğısız gülümsünüb, nizamsız və dayanıqsız hərəkəti ilə anasının həm də ətrini alıb rahat yatsın deyə ədyal əvəzinə sərdiyi jaketini üstündən atdı.

O bu səhnəni görməməkçün baxışlarını yana çevirdi.

Gicgahlarındakı döyüntü artır, alnının qırışlarına cəmləşmiş soyuq tər dənəcikləri üzüaşağı süzülürdü. Əlləri buzlamışdı. Titrədiyindən çarpaz şəkildə qoltuqlarına dürtdü.

Ətrafa qulaq kəsildi. Yağış səsi idi-yanılmışdı. Anladı ki, bir az keçsə əsəbləri davam gətirməyəcək, quşürəkli olduğundan peşmanlayacaq.

"Lənət şeytana gecikmək olmaz!"-deyə əllərini balışa tərəf uzadanda körpənin sonuncu, köməksiz çırpıntılarını belə təsəvvür etməyə çalışdı: intiqamında tərəddüd və həyacana yer qoymaq istəmirdi.

Körpə evlərinin kirəmit damını döyəcləyən, təzəcə başlamış yağış səsinə oyanıb irilənmiş gözləri ilə səsi axtara-axtara nəzərlərini tavana dikdi.

Sonra da gülümsünüb, sanki kiminsə gözəgörünməz əl hərəkətlərini təkrar etməyə, ancaq özünün anladığı dildə həmin gözəgörünməzlə danışmağa başladı.O isə düşündü ki, belə daha yaxşıdır, işi asanlaşacaq.

Cəsarəti artırmağın sonuncu yolu kimi qəzəb dolu baxışlarını körpənin sifətinə tuşladı. Məhəbbətlə dolu, təəccübdən böyümüş bir cüt parıltılı gözlə toqquşdu baxışları.

"İlahi, o necə sevimlidir!"

Körpə sanki kor adamın qarşısındakını tanımaq üçün etdiyi hərəkəti təkrarlayaraq totuq əllərini irəli uzadıb ilk dəfə gördüyü bu adamın sifətində gəzdirdi. Göz qapaqla-rını, kirpiklərini sığallayıb seyrək bığlarını yoluşdurdu.

O isə sifətində gəzişən xırdaca əllərin süd qoxusunu hiss edib geri çəkildi. Körpə bir müddət boşluqda qalan əllərini yorulduğundan yanlarına saldı. Nə baş verdiyinin fərqinə varmadan havada oynatdığı qat-qat olmuş ayağını ikiəlli tutub, baş barmağını ağzına saldı.

Hiss etdi ki, taqətdən düşür və beyni uğuldayır. Bir tərəfdən də qadın oyana bilərdi.

O, bu uğultuda ürəyinin getdikcə güclənən yağış səsinə qarışmış həmahəng döyüntüsününmü, ya təklikdən bezmiş körpənin təbiətdə bənzəri olmayan səslə ağlamsınmasınınmı - daha çox nəyin olduğunu müəyyənləşdirmək istədisə, öz oğlunu xatırladı.

Belə vaxtlarda onu sakitləşdirməkçün mütləq qucağına götürərdi. Amma indi...

Uşaq ikən şahidi olduğu iki hadisəni yazmaq qərarına çoxdan gəlmişdi.

Hərçənd üç nöqtə ilə bitirdiyi sonuncu cümləni yazar-yazmaz anladı ki, növbəti uğursuzluqla üzləşib və belə olmaz.

Əvvəla, bu sonunu görmədiyi hadisənin nə vaxtsa olduğunu, yaxud olacağını istisna etməsə də birinci, əsas prinsip pozulmuşdu. Bu yazdıqlarının ona, uşaqlığına heç bir dəxli yoxdu.

Və deməli indiyədək yazdıqları həqiqilikdən xeyli uzaq olub, boş-boşuna vaxt sərf etmiş, ən azı axıradək baxmadığı filmi ötürmüşdü.

Digər tərəfdən, ilk oxucuları olan dostları "...bu nədir? ...mövzu yoxdur?" kimi haqlı iradlarını bildirə bilər, haqqında körpə qətlini təsvir etməyə çalışan xəstə təxəyyül sahibi kimi pis fikrə düşə bilərdilər.

Və bir də ancaq ağılla, riyazi düsturla uzağa getmək olmazdı: möcüzələr onu insanlar arzulamayanda, görməyəndə, lap düzü isə anlamayanda baş verir. Deməli ilk cümlədəcə səhv etmişdi.

Belə düşünsə də narahatçılığı keçmədi.

Anlaya bilmədi ki, tamamilə başqa-uzun müddət beynində gəzdirib ən kiçik dialoqlarına qədər düşündüyü, həqiqətən yaşadığı hadisələri yazmağa əyləşdisə, nədən elə ilk cümlədən gözləmədiyi bu uğursuz istiqamətə getdi.

Olmaya elə ilk cümləni yazanda siqaretinin əlinin altında olmadığını görüb o biri otağa keçməyi mane olmuşdu ona.Vur-tut iki dəqiqəmi?

O bu vaxt ərzində baş verənləri xəyalında canlandırmağa çalışdı: o biri otağa keçdim. Atamla anam filmə baxırdılar. Doğrudur... Bütün günü evdə olmadığından atamla gö-rüşdüm də...

Gərək ki, atam "...maraqlı filmdir..." - dedi. Bəs mən nə etdim? Hm... Mən də nəzakət xatirinə əyləşdikləri divanın söykənəcəyinə arxadan, elə ayaqüstə dirsəklənib heç yarım dəqiqə olmaz ki, baxdım... Sonra da siqaret qutusunu götürüb öz otağıma qayıtdım... Vəssalam"

Cırıltı səsinə diksinib düşünsə də ki, yenə qapının yayını yağlamadığı üçün danlaya-caqlar onu, geri çevriləndə atasının təbəssümlə dolu sifətini gördü.
- Güclənir, ha, - yağış nəzərdə tuturdu - pəncərələri bağlayarsan! - dedi.

Hiss olunurdu ki, danışmağa çətinlik çəkir. - Amma nahaq baxmadın, maraqlı filmdi. Yenə vicdanı varmış, öldürmədi körpəni.

Yağış evlərinin kirəmit damını döyəcləyirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG