Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:06

Nəriman Əbdülrəhmanlı "Təsadüfi adam" (Hekayə)


Tomas Bernhardın xatirəsinə

Yenə həmin restoranın tuşunda ona rast gəldim; daha doğrusu, mən girişin bərabərinə çatanda o içəridən çıxırdı.

Yenə bir əli göbəyinin üstündə, o biri əli qulağındaydı. Bu dəfə də iri göbəyinin üstündəki sol əlinin adsız barmağında iri üzük gözümə dəydi, telefonda eşitdiyindən xumarlandığını duydum.

Danışdığı adam kişi olsaydı, belə əriməzdi, güman ki, qadındı, həm də özündən xeyli cavan qadındı, bəlkə elə dünən yanında gördüyümdü.

Əlbəttə ki, mənə sarı baxmadı.

Heç baxmağını da gözləmirdim: tanışı-bilişi deyildim, kəlmə kəsib danışmamış, bir masa arxasında oturmamışdıq – gündə rastına çıxan minlərlə adamlardan biriydim.

Telefonu qulağından endirdi, sol əlini göbəyinə çırpdı, qarnını sığallaya-sığallaya gəyirib damağını nırçıltdatdı.

Vücudumda özümə də anlaşılmaz əsinti duydum, o əsintidən bədənim keyləşdi, boşaldı, dizlərim taqətdən düşdü, cəmi üç addım o tərəfdəki ağacın yanında ayaq saxlamalı oldum.

Ağlıma gəldi ki, yəqin, bütün günü ac-susuz olduğumdan, həyəcan keçirdiyimdəndi, özünü indi bildirir.

Səhər evdən arvadımın qaşqabağına, uşaqların məlul səssizliyinə ağrıya-ağrıya çıxmışdım.

Bu gün o adam son sözünü deməliydi: məni işə götürür, ya yox.

Yuxarıya yazdığım ərizəni onun üstünə göndrmişdilər, artıq neçə gün idi ayaq döyürdüm, bu gün qəti cavab almalıydım.

Dayanacağa çatanda gödəkçəmin cibində düyməli qatlama bıçağın soyuq təmasını duydum.

Axşam yağışdan islanıb şişmiş giriş qapısının yaxşı örtülmədiyini görüb sürtünən yerlərini bir azca yonmuş, bicağı da həminki yerinə – mətbəx şkafının üst rəfinə qoymağı unutmuşdum.

Beynimə gəldi ki, o rəis çəm-xəm eləsə, bıçağın ucunu göstərim, deyim, özümü bıçaqlayıb qanımı üstünə tökməyimi istəmirsənsə, bu məsələni həll elə, mənim altı yüz otuz səkkiz günlük işsizliyimə, yüz altmış bir günlük get-gəlimə son qoyulsun. Əlbəttə, bunun uğurlu olub-olmayacağını bilmirdim.

Yəqin qorumaları-filanı var, adamı bir göz qırpımında elə götürərlər, heç ruhu da inciməz. Ya da aldadıb fikrimdən daşındırar, sonra polis çağırıb tutdurar.

Gəl sübut el əki, onun həyatına sui-qəsd eləmək heç ağlıma da gəlməyib.

Katibəsi dedi, köməkçisi də təsdiqlədi ki, rəis yerində yoxdu, yəqin indilərdə gəlib çıxar. Sonra məndən bezgin olduqlarını heç gizlədib-eləmədən öz işlərilə məşğul oldular.

Mən də bir saatacan qəbul otağında oturdum, rəisin gəlmədiyini görüb kadrlar məsələsinə baxan adamın yanına getdim.

Adam bu dəfə də ikibaşlı danışdı, mən də təzədən rəisin qəbul otağına qayıdıb günortayacan gözlədim, sonra nahar fasiləsini küçədə gəzib dolaşmaqla keçirdim, ardınca qəbul otağına qayıdıb üç saatacan yenə gözlədim.

Nə katibəsi, nə köməkçisi dəqiq bir söz deyirdilər, görünür, gedib bir də qayıtmağım heç birinə sərf eləmirdi, tamam bezib rədd olmağımı, daha bura yön çevirməməyimi istəyirdilər.

Mənsə inada düşmüşdüm, daha doğrusu, başqa getməli yerim yoxudu; bu altı yüz otuz səkkiz gündə bir qucaq ərizə yazmışdım, yüz altmış bir gün bu cür ifadələrin bu cür qəbul otaqlarında gözləmiş, cürbəcür, amma münasibətləri və cavabları təxmiçnən eyni olan rəislər, müdirlər, direktorlar, sədrlərlə görüşmüşdüm.

İş vaxtının qurtarmasına bir saat qalmış məlum oldu ki, rəis gəlməyəcək, hansısa müşavirədəymiş, müşavirədən sonra başqa tədbirə gedəcək.

Sabah şənbə, biri gün bazardı.

İdarədən çıxa-çıxa fikrimdə hesabladım, bazar ertəsi yenə gəlməli olacağam.

Katibəylə köməkçinin binadan çıxdıqlarını görəndə bu ümidimi də itirib küçə yuxarı getdim. İndi budu, o restoranın yanında, o tinin üç-dörd addımlığında durmuşam.

Sağ əlim gödəkçəmin cibindəki düyməli bıçağın soyuq təmasını duyuram.

Həmin tip maşına yaxınlaşanda üzünü daha aydın gördüm. Əslində, çıxıb getməli, yaxud dükana-filana girməliydim.

Amma gördüm heyim qalmayıb, üstəlik də, vücudumda səhərki anlaşılmaz əsinti təzədən baş qaldırıb.

Əsinti get-gedə qarşısıalınmaz olurdu. Dişlərimi bir-birinə sıxdım, xırçıltısı beynimə işlədi, tərs kimi, elə bu vaxt da o tip nədənsə dönüb mənə sarı baxdı.

Başının daz yerindəki tər damcılarını, qalın qaşlarının altından parıldayan xırda, bulanıq gözlərini, ətli dodağının üstündə seyrək, sarımtıl bığını aydın gördüm.

Amma sonra nə baş verdiyini özüm də aydın xatırlamıram.

Bir o yadımdadı ki, gödəkçəmin cibindəki düyməli qatlama bıçağın soyuq təmasını duydum, sonra şaqqıltını eşitdim, həmin tipin xırda, bulanıq gözlərində qəfil qorxu peyda oldu…

Bıçağın nə yumşaq ətə girdiyini, nə də sürüşüb əlimdən düşdüyünü hiss elədim. Bircə an əvvəl heydən düşmüş vücudumun necə güc topladığını, küçə yuxarı necə götürüldüyümü də xatırlamıram.

Yəqin polislər gəlib çatanacan da arxamca qaçan tapılacaq… Sonrasını da Allah bilir…

Dünən evdən yenə həminki vaxt çıxmışdım.

Rəisi idarədə yaxalamaq xoşbəxtliyi nəsib oldu, amma iclasını qurtarıb vacib işlərini həll eləyənəcən qəbul otağında gözləməli oldum.

Axırda məcbur qalıb çağırtdırdı. İçəri girəndə elə üz göstərdi ki, nəyəsə ümid eləmək fikrinə düşmədim.

Dedi, yoldaşlarla məsləhətləşmişəm, bayaq iclasda da bildirdim, sizin məsələniz diqqət mərkəzindədi, imkanlar araşdırılır, baxaq görək neynirik.

Həmin küçəylə qalxıb restoranın tuşuna çatanda o tipi gördüm. Bu dəfə yanında cavan qadın vardı.

Elə ilk baxışdanca hiss elədim ki, arvadı deyil. İri üzüklü solə lini eybəcərcəsinə dikəlmiş göbəyinin üstünə qoyub sol əlilə qadının qolundan tutmuşdu, azacıq əyilib qulağına nəsə deyirdi.

Yanlarından ötəndə o tipin başının daz yerindəki tər damcılarını, qalın qaşlarının altında işıldayan xırda, bulanlıq gözlərini, ətli dodağının üstündə seyrək, sarımtıl bığını gördüm.

Qadın xısın-xısın gülüb naz eləyirdi, amma nazı yersiz, süni çıxırdı, çünki qırımından baş verməli məsələnin çoxdan həll olunduğu açıq-aşkar görünürdü.

Yəqin səkinin qırağındakı maşın da o tipindi, beləcə xısın-xısın danışıb-gülə maşına əyləşib harasa yollanacaqlar.

Bilmirəm, mənim yanlarından keçməyimə fikir verdilərmi, amma üç-dörd addım o tərəfdəki ağacın yanına çatanda vücudumu özümü diksindirib-iyrəndirən bir hiss bürüdü.

Amma ayaq saxlamadım, küçə yuxarı qalxıb dayanacaqda avtobusu gözlədim.

Srağagün, yuxarı yazdığı ərizələrdən birinin göndərildiyi idarəyə gedəndə kefim xeyli yaxşıydı.

Ərizəni o idarəyə göndəriblərsə, deməli, nəticəsi olmalıdı, həm də güman ki, yaxşı nəsə baş verməliydi.

Çünki təcrübəli mütəxəssisdim, bu vaxtacan işlədiyim yerlərdə adım yaxşıların siyahısındaydı.

Altı yüz otuz səkkiz gün (az qala iki il olur) qabaq idarəsiz ləğv olunanda məni işsiz qoymayacaqlarını, yaxın müddətdə ixtisasıma uyğun işlə təmin eləyəcəklərini vəd vermişdilər.

Bu ümidlə üç ay gözlədim, sonra vədlərin uzandığını görüb həftədə iki-üç dəfə baş idarəyə gedib-gəlməyə başladım.

Bir ilin tamamında vədlərdən əlimi üzüb şikayət, daha doğrusu, tələb ərizələri yazmağa girişdim.

Ərizələrin bir parasına cavab ala bilmədim, bir parasına cavab verdilər ki, «baxılır, nəticəsi barədə sizə məlumat çatdırılacaq». ki, artıq problemlə üzləşməsinlər…

Srağagün baş idarədən axırıncı ərizəmin baxılmaq üçün göndərildiyini öyrədəndə bir az ümidlənmişdim.

Hər halda, görünür, məsələmi həll eləmək istəyirlər, yoxsa ora göndərməzdilər ki.

Evdən bu məqsədlə yüz əlli doqquzuncu dəfə çıxırdım, həm də xeyli həyəcanlıydım.

Gəlişimin səbəbini rəisin katibəsinə anlatdım, o da rəisin köməkçisini nişan verdi.

Köməkçi dərdimi öyrənib kağız-kuğazları qurdaladı, axır ki, ərizəmi tapıb çıxardı, hə, dedi, baxılmaq üçün göndəriblər, rəisə məlumat vermişəm, bu günlərdə araşdırılacaq, lazımi qərar qəbul olunacaq, narahat olmaya bilərsiniz., zəng vurun, qəbula yazaq, sonra gəlin.

Üstəlik, qəşəng vizit kartını da verdi. Bundan sonra təkid eləməyin mənasızlığını görüb getməli oldum.

Bu idarədə elə bir tanışım-filanım yoxdu ki, əlaltdan vəziyyəti öyrənim, işə götürülmək şansının nə qədər olduğunu aydınlaşdırım.

Küçədə dayanıb idarənin binasına diqqətlə baxdım. Şəhərin yaxşı yerindədi.

Düzdü, bir az uzaqdı, bunun eybi yoxdu, onsuz da yola öyrəşmişəm, canımın canı çıxar, yenə dözərəm. Şərait yoxsa günorta yeməyinə Allah verəndən gətirib iş yerində yemək olar..
Bayaq beynimdə cızdığım marşrutla dayanacağa yollandım.

Yarlı-yaraşıqlı restoranın girişiylə bərabərləşəndə də həmin o tipi gördüm.

Birinci dəfəydi rastlaşırdı, amma görkəmində özümə də izah eləyə bilmədiyim iyrəndirici nəsə vardı. İri üzüklü solə lini şişman qarnının üstünə qoymuşdu, telefonla danışa-danışa xumar gözlərini gəlib-gedənlərin üzündə gəzdirirdi.

Bilmirəm, mənə fikir verdi, ya yox

Amma mən bir neçə saniyəliyə baxsam da, onu yaddaşıma həkk elədim, hətta küçənin kəsişməsindən sağa dönüb dayanacağa yönələndə də o tipi aydınca gözlərimin qabağında canlandırdım, başının daz yerində tər damcılarını, qalın qaşları altındakı xırda, bulanlıq gözlərini, dodağının üstündə seyrək, sarımtıl bğını aydın, apaydın gördüm…

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG